Sizin reklam burada

Yığma üzvlərinin son oyunlarının xarakteristikası

Müəllif: football Tarix: 18-11-2018, 12:40 590 Baxış
Yığma üzvlərinin son oyunlarının xarakteristikası
Əksəriyyəti şans qazanıb və özünü yaxşı tərəfdən göstərib
Bu gün Qurban Qurbanovun rəhbərlik etdiyi milli Bakı Olimpiya Stadionunda (BOS) taleyüklü matça çıxacaq. Yığma Farer adalarına qalib gələcəyi halda qrupda kimin birinci olub yarımfinala vəsiqə qazanacağına Kosovoda, bu ölkənin yığması ilə qarşılaşmada aydınlıq gələcək.
Qurban bəyin ada təmsilçisi ilə görüşdə kimlərə əsas heyətdə yer verəcəyi hələ ki bəlli deyil. Ancaq əksər mütəxəssislərin fikrincə, bu dəfə milliyə üzdə olan bütün futbolçular dəvət olunub. Bəs görəsən, ölkənin əsas komandasının düşərgəsinə qoşulanlar son turda necə yadda qalıblar? Bu suala cavab tapmaq üçün statistikaya nəzər salmağı lazım bildik.
Qapıçılar
Kamran Ağayev – yığmanın təcrübəli qolkiperinin şərəfini qoruduğu “Keşlə” yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında qələbəyə sevindi. Ağayev də 90 dəqiqə “çərçivə”də inamlı oyunu ilə 3 xalın qazanılmasında pay sahiblərindən biridi.
Səlahət Ağayev – “Neftçi”nin qolkiperi də həmkarı kimi “Zirə” ilə görüşü əvəzolunmadan keçirməklə yadda qaldı. Ancaq Ağayevin komandası qələbə qazana bilmədi. 2:2 hesabı ilə başa çatan qarşılaşmada Səlahət iki dəfə topu tordan çıxarmaq məcburiyyətində qaldı. Tellur Mütəllimovun fərqləndiyi anda qolkiper komandasını qoldan xilas edə bilərdi. Təəssüf ki, əksər matçlarda “ölü toplar”ı çıxarmaqla adından söz etdirən Səlahət cərimə meydançasının kənarından, iti bucaq altında vurulan və uzaq küncə yönələn topun qarşısını ala bilmədi.
Emil Balayev – millinin düşərgəsinə 3-cü qapıçı kimi yollanan Balayev təcrübəli həmkarlarından fərqli, “Sabah”la görüşdə qapısının toxunulmnazlığını təmin etməklə yadda qaldı.
Müdafiəçilər
Maksim Medvedev – ağır Poltava səfərindən iki gün sonra Qəbələdə meydana çıxan müdafiəçi arxa xətdə inamlı oyunu ilə seçildi. “Köhlən atlar”ın vitse-kapitanı görüşü əvəzolunmadan başa vurdu.
Bədavi Hüseynov – Maksim kimi hakimin start fitindən final fitinə kimi meydanda olanlar arasında idi. Standart vəziyyətlər zamanı ucaboy arxa xətt oyunçusu daim rəqibin cərimə meydançasında görünürdü.
Rahil Məmmədov – millinin düşərgəsinə yollanmamışdan öncə 90 dəqiqə Qəbələdə iş başında olanlardandı. Onu da qeyd edək ki, gənc olmasına baxmayaraq, Məmmədov heç də pis təsir bağışlamadı.
Şəhriyar Əliyev – “Sumqayıt”ın enişi fonunda Şəhriyar oyunu ilə yığmanın məşqçilər korpusunun diqqətini cəlb etməyi bacardı. Düzdü, “kimyaçılar” son turda “Keşlə”yə böyük hesabla uduzdu. Lakin əvvəlki matçlarda, xüsusilə də “Qəbələ” ilə görüşdə Əliyev, müdafiəçi olmasına baxmayaraq, rəqib torunu iki dəfə silkələmişdi.
Təmkin Xəlilzadə - “doğma divarlar” arasında “Qarabağ”a məğlub olduqları son oyunda Sənan Qurbanov müdafiənin sol cinahında çıxış edən Təmkinə 90 dəqiqə etimad göstərməklə yadda qaldı. “Köhlən atlar”la görüşdə “qırmızı-qaralar”ın müdafiə xətti rəqibin təzyiqlərinə tab gətirməyərək qapısında 3 qol görsə də, Xəlilzadə komandasının vurduğu bir qolda məhsuldar ötürmə ilə yadda qaldı. Məhz onun ötürməsindən sonra Adeniyi hesabı açmağa müvəffəq olmuşdu.
Ürfan Abbasov – yığmaya dəvət alan “qırmızı-qaralar”ın daha bir üzvü də ilk dəqiqələrdən sona qədər meydanda mübarizə aparanlardan biri olub.
Tural Axundov - “ağ-qaralar”ın arxa xətt oyunçusu da yığmanın düşərgəsinə yollanmamışdan öncə “Zirə” ilə görüşü sona qədər meydanda keçirib. Axundov Baqali Dabonun vurduğu ilk qolun ötürməsini verməklə alqış qazanıb.
Pavel Paşayev – Ukraynada top qovan müdafiəçi son turda meydana çıxmayıb. Adı “18-liy”ə salınsa da, xeyli müddətdi zədə səbəbindən kənarda qalan Pavel “Aleksandriya”nın Kiyev “Arsenal”ı üzərində qazandığı 3:0 hesablı qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.
Yarımmüdafiəçilər
Qara Qarayev – dayaq yarımmüdafiəçisi də “Vorskla” ilə görüşün ardından Qəbələdə 90 dəqiqə meydanda olub və ağdamlıların qələbəsində iştirak edib.
Araz Abdullayev – həftəiçi Poltavada “Qarabağ”a qələbə gətirən qolun müəllifi olan yarımmüdafiəçi “qırmızı-qaralar”la oyunun 84-cü dəqiqəsində meydana çıxıb.
Emin Mahmudov – “Neftçi”nin kapitanı da premyer-liqanın 11-ci turunda 90 dəqiqə iş başında olsa da, uzatma dəqiqələrində əvəzlənib. Mahmudov Mirabdullanın “Zirə”nin qapısına vurduğu ikinci qolun ötürməsini verməklə yadda qalıb.
Əfran İsmayılov – uzun fasilədən sonra yenidən Qurban Qurbanovun diqqətini cəlb edən “Sumqayıt”ın yarımmüdafiəçisi böyük söz-söhbətə yol açan “Keşlə” ilə görüşdə 62 dəqiqə forma geyib. Əvəzlənəndə isə “kimyaçılar”ın sabiq baş məşqçisi Nazim Süleymanovun qərarına etiraz etməklə yadda qalıb.
Rahid Əmirquliyev – “Səbail”in “Sabah”ı böyük hesabla udduğu qarşılaşmada dayaq yarımmüdafiəçisi 80 dəqiqə komandasına kömək etməklə yadda qaldı. Matçın taleyinin həll olunduğunu görən Aftandil Hacıyev komandanın kapitanını dəyişməyi lazım bildi. Əmirquliyev meydanda olduğu müddətdə komandanın ən yaxşılarından biri kimi yadda qaldı.
Cavid İmamverdiyev – ötən mövsüm “Sumqayıt”dakı performansı ilə yığma məşqçilərinin diqqətini cəlb edən yarımmüdafiəçi “Sabah”a transfer olunandan sonra tədricən əvvəlki formasını itirmək üzrədi. Sonuncu turda Elşad Əhmədov sona qədər İmamverdiyevə güvənsə də, kapitan, demək olar ki, heç nə ilə yadda qalmadı. Buna baxmayaraq, Qurban bəy yığmanın qarşıdakı iki oyunu üçün ona dəvət göndərməyi lazım bilib.
Riçard Almeyda – “milliləşdirilmiş” yarımmüdafiəçinin şərəfini qoruduğu “Astana” çempionluğu sona bir neçə tur qalmış təmin etdiyindən çempionatın son turunda üz-üzə gəldiyi “İrtış”la matçda məşqçilər korpusu daha çox ikinci heyətə oynamaq şansı yaradıb. Bu səbəbdən Almayeda yalnız 80-ci dəqiqədə meydana çıxıb.
Dmitri Nazarov – ötən həftə Almaniyanın 2-ci bundesliqasında 13-cü turun oyunları keçirilib. Dmitrinin formasını geydiyi “Ertsgebirge” doğma meydanda “Hamburq”la qarşılaşıb. Aue təmsilçisi 1:3 hesablı məğlubiyyətlə üzləşib. Nazarov start heyətində meydana çıxıb və sonadək oynayıb.
Hücumçular
Mahir Mədətov – Qurban Qurbanov “Qəbələ” ilə qarşılaşmada gənc hücumçuya 90 dəqiqə forma geymək şansı yaradıb. Mədətov çox çalışsa da, adını tabloya yazdırmağı bacarmayıb.
Mirabdulla Abbasov – “Neftçi”nin forvardının milliyə dəvət almaması son vaxtlar çox müzakirə olunurdu. Nəhayət, yığmanın çalışdırıcısı Mirabdullaya da dəvət göndərdi. Abbasov ölkənin əsas komandasına yollanmamışdan öncə isə növbəti dəfə azarkeşləri sevindirməklə yadda qaldı. “Zirə” ilə görüşdə 90 dəqiqə meydanda olan hücumçu komandasının 2-ci qolunun müəllifi oldu.
Ramil Şeydayev – “Krılya Sovetov”un oyunçusu “Axmat”la qarşılaşmanın 65-ci dəqiqəsində meydana çıxıb. Samara təmsilçisinin “doğma divarlar” arasında uduzduğu matçda Şeydayev xüsusi heç nə ilə yadda qalmayıb.
Rüfət Dadaşov – millinin düşərgəsinə yüksək əhval-ruhiyyədə qoşulanlardan biri də bu forvarddı. Belə ki, ötən həftə Almaniyanın 3-cü liqasında 15-ci turun oyunları gerçəkləşib. Rüfət Dadaşovlu "Proyssen” evdə “Zonnenhof Qrossaşpax”la qarşılaşıb. Münster klubu məğlubiyyətə uğrayıb - 1:3. Rüfət start heyətində meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da məhz Dadaşov vurub. Millinin forvardı 54-cü dəqiqədə fərqlənib. Onu da qeyd edək ki, bu, Rüfətin 15-ci oyunda 7-ci qoludu.
Ruslan Qurbanov – fasilə ərəfəsində baş tutan 11-ci turda ulduzu parlayan oyunçulardan biri kimi yadda qaldı. Forvard “Səbail”lə görüşdə 65 dəqiqə forma geyməsinə baxmayaraq, bir qol, iki məhsuldar ötürmə ilə matça damğa vurmağı bacardı.
RƏŞAD
SON XƏBƏRLƏR