“Eldənizin qızıl medalı bizim üçün təsəlli oldu”
Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev dünən Olimpiya Güləş Mərkəzinə baş çəkib. Güləşçilər, məşqçilər və federasiya rəsmiləriylə görüşən AGF rəhbəri ötən ay Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan yığma üzvlərinə pul mükafatları təqdim edib.
Namiq Əliyev müxtəlif məsələlərlə bağlı fikirlərini də açıqlayıb: “Artıq Olimpiadaya vəsiqə qazanmaq çətinləşib. Tokio-2020-də hər çəkidə cəmi 16 idmançı iştirak edəcək. Lisenziyaların sayı təxminən 30 faiz azaldılıb. İlk növbədə çalışmaq lazımdı ki, lisenziyaları gələn il Qazaxıstanda keçiriləcək dünya çempionatında əldə edək. Digər lisenziya turnirlərinin məkanları hələ məlum deyil. Biz də bu yarışlardan birini təşkil etmək üçün namizədliyimizi irəli sürmüşük. Sabah Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya gələcək. Onunla da bu məsələni müzakirə edəcəyik. Laloviçin prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulub. Hər halda, ölkə başçısı da öz fikirlərini bildirər və bizə dəstək olar ki, lisenziya turnirlərindən birini Bakıda keçirək.
Dünya çempionatında 5 medal qazandıq. Ən yüksək nəticəni Eldəniz Əzizli göstərdi. O, bu il Avropa çempionu olmuşdu. Finalda ağır mübarizə şəraitində dağıstanlı rəqibinə qalib gəlmişdi. Budapeşt Eldənizə düşərli şəhərdi. Çünki 2010-cu ildə orda gənclər arasında dünya çempionu olmuşdu. Eldənizi bu uğur münasibətilə təbrik edirik. Onun qızıl medalı bizim üçün təsəlli oldu.
Çəki məsələsinə də aydınlıq gətirmək lazımdı. Yanvardan hamı öz çəkisində mübarizə aparmalıdı. Kim hansı çəkidə güləşməyə qadirdisə, o kateqoriyada da çıxış etməlidi. Bunun üçün mütəxəssislər dəvət edəcəyik. Hansı güləşçinin hansı çəkidə çıxış edəcəyinə aydınlıq gətirəcəyik. Güləşdə rəqabət çox güclənib. Gələn il Qazaxıstanda ən azı 8 lisenziya qazanmalıyıq. Tokioda Olimpiada zamanı hava çox isti olacaq. Mübarizə aparmaq, çəki salmaq çətinlik yaradacaq. Hər çəkidə 2 kq güzəşt də olmayacaq. Eldəniz indi 55 kq-da çıxış edirsə, yanvardan olimpiya çəkisi olan 60 kq-da mübarizə aparsın.
Astanadakı mundial çox vacib yarışdı. Orda uğurlu çıxış etməliyik. Çox az vaxt qalıb. Səhvlərin üzərində işləmək lazımdı. Məşqçilər nöqsanları təhlil etməlidi. Bir idmançı eyni rəqibə bir neçə dəfə uduzursa, buna aydınlıq gətirmək lazımdı. Bütün güləşçilərə normal şərait yaradılıb. Abdulrəşid Sadullayev ötən il dünya çempionatının finalında Kayl Snayderə uduzmuşdu. Amma bu dəfə çox qısa vaxtda rəqibinə qalib gəldi. Bəlkə də o bir il yatmayıb, bu görüşə hazırlaşıbmış. Fikirləşib ki, “mən ona niyə uduzmalıyam axı”? Bütün güləşçilərdə bax belə qürur hissi, mənlik, kişilik olmalıdı. Sizin gələcəyiniz güləşlə bağlıdı. Hamınızdan qələbə gözləyirəm”.