Mirabdulla Abbasov və Şəhriyar Əliyev millidə
Yığma noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosovo ilə qarşılaşacaq. Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək həmin oyunlar üçün baş məşqçi Qurban Qurbanov heyəti açıqlayıb. Təcrübəli mütəxəssis 24 oyunçuya dəvət göndərib. Öncə siyahıya nəzə yetirək, daha sonra diqqəti çəkən məqamlara toxunacağıq: qapıçılar - Kamran Ağayev (Keşlə), Səlahət Ağayev (Neftçi), Emil Balayev (Səbail); müdafiəçilər - Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Şəhriyar Əliyev (Sumqayıt), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (Neftçi), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (Neftçi), Əfran İsmayılov (Sumqayıt), Rahid Əmirquliyev (Səbail), Cavid İmamverdiyev (Sabah), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya); hücumçular - Mahir Mədətov (Qarabağ), Mirabdulla Abbasov (Neftçi), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (Səbail).
Qurban Qurbanovun budəfəki seçimini ideal adlandıra bilərik. Bu gün yığmaya kim layiqdisə, dəvət alıb. Artıq “filan oyunçu niyə kənarda qalıb” sualı yersizdi. Siyahıda iki yeni futbolçunun adı var. Bunlar "Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyev və "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovdu. Hər iki debütant klublarında sərgilədikləri oyunla milli formanı geyməyi haqq etmişdi. Qurbanov isə budəfəki dəvətlilər arasında onlara da yer verdi. Farer adaları və Kosovo ilə matçlarda forma geyib-geyməyəcəklərini zaman göstərəcək. Bununla belə, istər Şəhriyar, istərsə də Mirabdulla ən azı düşərgədə olmağa layiq idi. Sonuncunun start heyətində olmasa belə, bu iki oyundan birində meydana çıxacağı şübhə doğurmur. “Neftçi”də qolları sıralayan Abbasov yığmaya da fayda verə bilər.
Ötən toplanışla müqayisədə "Səbail"in qapıçısı Emil Balayev də düşərgədədi. O, Şahruddin Məhəmmədəliyevin əvəzinə 3-cü qapıçı kimi dəvət alıb. Hər halda, onun şərəfini qoruduğu “Səbail” hazırda turnir cədvəlinin 3-cü pilləsindədi. "Neftçi"nin müdafiəçisi Tural Axundov və "Sumqayıt"dan Əfran İsmayılov da yığmaya yenidən dəvət alanlar arasındandı. Bu iki futbolçu da hazırda premyer-liqanın üzdə olan oyunçularıdı. Əvəzində ötənaykı siyahı ilə müqayisədə "Sumqayıt"dan Bəxtiyar Həsənalızadə, "Neftçi"nin zədəli müdafiəçisi Məhəmməd Mirzəbəyov və klubunda çox az şans qazanan Namiq Ələsgərov kənarda qalıb. “Neftçi”nin daha bir üzvü - Rəhman Hacıyev yenə dəvət almayıb. O da Namiq kimi klubunda əsas heyətdə möhkəmlənə bilmir. Bundan başqa, “Qəbələ”dən Cavid Hüseynov və Rauf Əliyevin də hazırkı performansı milli üçün yetərli deyil.
FARİZ