Sizin reklam burada

Yığma AÇ-də mübarizəyə başlayır

Baxış Sayı:568

Yığma AÇ-də mübarizəyə başlayır
Vüqar Məmməd: “Biz də bunun qarşılığında əlimizdən gələni edəcəyik”
Sabah U-19 Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək. Məlum olduğu kimi, Vüqar Məmmədin komandası Gürcüstan, İsrail və Lixtenşteynlə eyni qrupda yer alıb. Bu qrupun oyunları Gürcüstanda gerçəkləşəcək. Yığma sabah ilk oyununu İsrailə qarşı keçirəcək. Bu qarşılaşma saat 14.00-da başlayacaq. "Mixail Mesxi-2" stadionunda reallaşacaq oyunun baş hakimi belçikalı Erik Lambrexts olacaq. Ona həmyerlisi Karel De Rokker və gürcü Georgi Elikaşvili yardım edəcək. Qarşılaşmanın dördüncü hakimi isə gürcü Aleko Aptsiauri olacaq.
Seçmə mərhələnin startı ərəfəsində Vüqar Məmmədin fikirlərini öyrəndik: "Noyabrın 4-dən Bakıda təlim-məşq toplanışımız başlayıb, ümumilikdə futbolçularla psixoloji və taktiki çalışmalara çox vaxt ayırırıq. Daha öncə Bolqarıstanla keçirdiyimiz yoxlama oyunları bizim üçün çox faydalı oldu. Son beynəlxalq yoldaşlıq görüşümüz idi. Həmin matçlarda praktiki olaraq zəif cəhətlərimizin harda olduğunu gördük və bunun üzərində çalışdıq. Hazırda bütün futbolçularımızı bir araya gətirə bilmişik. Mikro zədələr var, ancaq müsbət düşünürük. Həkimlər çalışırlar, ümid edirəm tezliklə bərpa edəcəyik".
Maraqlıdı, "Qəbələ"nin "Şerif"i keçməsi bu klubun yığmadakı üzvlərinə əlavə motivasiya verib? Məmmədi dinləyək: "Qəbələ"dən olan futbolçularımızla toplanışda fikir mübadiləsi apardıq. Təbii, "Qəbələ"nin "Şerif"i keçməsi böyük motivasiyadı və hətta "Herta" kimi komandaya evdə uduzmağımıza baxmayaraq, futbolçular səfərdə bu komandaya qarşı əzmkar mübarizə aparmaq üçün çox istəklidilər. Bu da sözsüz ki, milliyə də müsbət mənada təsir edir".
Yığmanın çalışdırıcısı rəqiblər haqda bunları dedi: "Ad olaraq bu gün düşünürük ki, İsrail, Gürcüstan və Lixtenşteyn asan rəqiblərdi. Ancaq bu komandaların Avropa çempionatı ərəfəsində keçirdikləri yoxlama oyunlarına baxdıqda, heç də belə deyil. İsrail millisi Almaniya, Rumıniya, Macarıstan, Serbiya, Monteneqro kimi yığmalarla bərabər səviyyədə, hətta üstün oyunlar keçirib. Gürcüstan isə Makedoniya, Türkiyə, Bolqarıstan və başqa Avropa komandaları ilə oyunlarda qələbə qazanıb".
Şənbə günü U-19-un üzvləri ilə görüş keçirildiyini xəbər vermişdik. AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı, əsas yığmanın baş məşçisi Qurban Qurbanov və U-21-in çalışdırıcısı Rəşad Sadıqov da görüşdə iştirak etmişdi. Vüqar bəydən həmin görüşlə bağlı da fikir öyrəndik: "Doğrudan da səfər ərəfəsində Elxan Məmmədov, Qurban Qurbanov və Rəşad Sadıqovun komandamızı ziyarət etməsi və tövsiyələrini vermələri yığma üçün böyük motivasiya oldu. Onlar U-19-un üzvlərinin gələcəkdə əsas milliyə namizəd olduqlarını qeyd etdilər, intizamlı olmağı, daim işlərinə peşəkarcasına yanaşmalarını, həmişə qələbə ruhlu, gözəl oyun nümayiş etdirmələrini tövsiyə etdilər. Biz də bunun qarşılığında əlimizdən gələni edəcəyik".
FARİZ

Oxşar xəbərlər
text
SON XƏBƏRLƏR