Sizin reklam burada

Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən...

Müəllif: football Tarix: 11-11-2018, 14:15 598 Baxış
Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən...
Ölkə futbolu adına noyabrın 17-si olduqca əhəmiyyətli gündü. Yığma Millətlər Liqasında sonuncudan əvvəlki oyununa çıxacaq. Söhbət qrup mərhələsindən gedir. Təbii, qrupu uğurla dəf etsək, yolumuz hələ uzun olacaq. Ancaq indiki halda Farer adaları ilə "doğma divarlar" arasındakı oyun həyati önəm daşıyır. Bəlkə də çoxları deyə bilər ki, əsas matç Kosovo ilə qarşılaşmadı. Lakin adalılara uduzsaq və ya heç-heçə etsək belə, son oyun əhəmiyyətini itirə bilər. Düzdü, Farerlə dueldə müsbət nəticə olmasa, Kosovo isə Maltayla görüşdə xal itirsə, hər şey son turda həll olunacaq. Ancaq kosovolular çətin ki, "cırtdan"la dueldə xal itirsin. Bu üzdən millini də Farer adaları ilə matçda yalnız qələbə qane edir. Qurban Qurbanovun yetirmələri bu komandanı səfərdə 3 cavabsız qolla məğlub etmişdi. Bununla belə, həmin görüşdə rəqib bizdən heç də geri qalmadığını, heç-heçəyə layiq olduğunu göstərmişdi. Deməli, adalılarla Bakıdakı matç da asan keçməyəcək. Noyabrın 17-də, saat 21.00-da bütün diqqətlər BOS-a dikiləcək.
Artıq elə bir vəziyyətdi ki, hər xırda detal belə üzərində saatlarla düşünməyi tələb edir. Belə anda ən əsas məqam heyət seçimi ilə bağlıdı. Qurban Qurbanov hər dəfə maksimum çalışır ki, ideala yaxın seçim etsin. Lakin bəzən sual doğuran adlara da rast gəlmək olur. Bəs görəsən, hazırkı vəziyyət hansı proqnozı yürütməyə əsas verir? Hələ ötən toplanışda Əfran İsmayılovun zədələnməsi yığmaya dönüşünə mane olmuşdu. Ola bilsin, bu dəfə onu Qurbanovun siyahısında görək. Ancaq "Sumqayıt"ın eniş traektoriyası İsmayılovun əleyhinə işləyə bilər. İkinci əsas namizəd isə Mirabdulla Abbasovdu. Xüsusən son oyunlarda "Neftçi"nin əsas fiqurlarından birinə çevrilən, qolları sıralayan hücumçunun dəvət alması istisna deyil. Yerli oyunçulardan yalnız Məhəmməd Mirzəbəyov zədəlidi. Lakin "Neftçi"li onsuz da əsas heyətdə şans qazanmırdı. Legionerlərə gəlincə, Pavel Paşayev son turda meydana çıxmayıb. Ümid edək ki, "Aleksandriya"nın üzvünün zədəsi yüngüldü və həlledici matçlara hazır olacaq. Riçard Almeyda, Dmitri Nazarov, Rüfət Dadaşov və Ramil Şeydayevin isə belə problemi yoxdu. Təkcə bəzilərinin klubunda az şans qazanması, üstəlik, hücumçuların fərqlənə bilməməsi baş məşqçini qayğılandıran məqamdı.
Sonda isə azarkeş amilinə toxunaq. Biletlər ənənəvi satış məntəqələrində futbolsevərlərin ixtiyarındadı. Onsuz da BOS-da komanda tribunalardan gələn dəstəyi lazımınca hiss etmir. Heç olmasa, tamaşaçı sayı çox olanda, yığma meydan amilindən qismən yararlanacaq. Artıq Farer adaları ilə dueldə bütün azarkeşlər milli ətrafında birləşməlidi. Hər kəs AÇ-nin final mərhələsini arzulayır. İndiki halda isə bu arzunun reallaşması müəyyən qədər də olsa, futbolsevərlərin özündən asılıdı. BOS-un tribunlarını boş qoyma, komandaya dəstək ol, futbolçular da bundan ruhlansın, tarixi uğura həm inansın, həm də onu gerçəkləşdirsin! Bir sözlə, yığma ətrafında birləşməyin əsl vaxtıdı. Sonradan peşman olmamaq üçün. Hələ ki gec deyil və heç nə itirilməyib.
FARİZ
SON XƏBƏRLƏR