
Xristov biabırçılığa aydınlıq gətirdi
“Ona görə də əsas komandadan qapıçı cəlb etmək barədə düşünmədik”
Təxminən iki həftə əvvəl birinci divizonda maraqlı, bir o qədər də biabırçı hal yaşanmışdı. Sadəcə, dünənə qədər “Qarabağ-2”nin baş məşqçisi Borçe Xristovla danışa bilmədiyimizdən, məsələyə xüsusi toxunnamışdıq. Mövzunu makedoniyalı mütəxəssislə danışandan sonra xüsusi şəkildə qabartmağımızı, yəqin ki, başa düşərsiz.
Oktyabrın 26-da birinci divizionun 8-ci turu çərçivəsində “ASK Arena”da “Keşlə-2” ilə “Qarabağ-2” münasibətləri aydınlaşdırıb. Qonaqlar iştirak ərizəsinə cəmi 13 futbolçunun adını daxil edib ki, aralarında yalnız bir qapıçı olub – Ayhan Arazlı. O da start heyətində yer alıb. Hesab 1:1 olarkən, yəni 34-cü dəqiqədə ağdamlılar bir nəfər azlıqda qalıb. Qapıçı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə baş hakim tərəfindən “qırmızı” ilə cəzalandırılaraq, vaxtından əvvəl paltardəyişmə otağına göndərib. Belədə baş məşqçi Borçe Xristov əvəzetməyə al ataraq sahə oyunçusunu ehtiyatda qalan müdafiəçi Yusif Həsənovla əvəzləyib. Yekunda “Keşlə-2” 3:1 hesablı qələbəyə sevinib. Bu isə o deməkdi ki, Yusifin qapıçı kimi çıxışı uğursuz alınıb.
Təbii, “Qarabağ” kimi imkanlı klubun əvəzedici komandası üçün faciəvi durumdu. İllərdi çempion titulunu heç kimə verməyən “köhlən atlar”ın uşaq futbolunda bu cür halın yaşanmasına nə ad vermək olur, nə də hansısa “don geydirmək”. Qapıçı çatışmazlığı müşahidə olunursa belə, əsas komandada əlcək taxan qolkiperlərdən birini bir-iki oyunluq heyətə qatmaq olardı.
İstənilən halda, nəzərlər “Qarabağ-2”nin baş məşqçisinə yönəlir. Hər halda, cavabdeh şəxs odu. Borçe Xristovla dünənki söhbətimizdə məsələyə aydınlıq gətirəndə, çalışdırıcının münasibəti belə oldu: “Bizdə kifayət qədər qapıçı var. Digər komandalar üç qapıçının adını sifariş edəndə, biz dörd nəfərin adını göstərmişik: Məmməd Hüseynov, Nicat Mehbalıyev, Əfqan Fərruxlu və Ayhan Arazlı. Həmin futbolçular ilboyu sıralarımızda olur, komandaya kömək edirlər. Sadəcə, bu qarşılaşmadan əvvəl çıxılmaz vəziyyətlə üzləşdik. Nicat U-19-un düşərgəsində idi, Məmməd isə əməliyyat olunub. Belədə iki qapıçının ümidinə qalırıq. “Keşlə-2” ilə görüşdən əvvəlki gün məşqdə gözləmədiyimiz halda Əfqan da zədələndi. Ona görə də bir qapıçının ümidinə qaldıq. Razılaşarsız ki, qapıçının qovulması, zədələnib meydanı vaxtından əvvəl tərk etməsi halına 20, bəlkə də 30 oyundan birində rast gəlirik. Ona görə də əsas komandadan qapıçı cəlb etmək barədə düşünmədik. Ayhanla kifayətlənəcəyimizi fikirləşirdik. Onun “qırmızı” alması fors-major halın yaşanmasına səbəb oldu. Əlbəttə, xoş hal deyil və belə olmasını istəməzdim. Olubsa belə, bundan nəticə çıxarmalıyıq”.
HƏBİB