Sizin reklam burada

Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı

Müəllif: football Tarix: 7-11-2018, 23:11 1 097 Baxış
Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı
Famil Ağayev: “Təklif etsələr, böyük məmnuniyyətlə yığmanı çalışdıraram”
Yığmamız ötən ay Yaponiyada keçirilən və Serbiyanın çempionluğu ilə başa çatan qadın voleybolçular arasında dünya çempionatında imkanlarından xeyli aşağı səviyyədə çıxış etdi. Hər halda, mundialı 15-ci yerdə bitirən komandanın şəninə tərif yağdırmaq üçün ciddi bir əsas yoxdu. Tarixlə bağlı rəqəmlər də Faiq Qarayevin yetirmələrinin, demək olar ki, yerində saydığına işarədi. Bildiyiniz kimi, yığma ümumilikdə 4-cü dəfə DÇ-də mübarizə apardı. Dörd il əvvəl İtaliyada da 15-ci olmuşduq. 1994-də mundialı 9-cu, 2006-da isə 13-cü pillədə başa vurmuşduq. 4 il əvvəl turnirdə dörd qələbə qazanmışdısa, bu dəfə cəmi iki qələbə qeydə alındı. Özü də tarixdə 3-cü dəfə ikinci mərhələyə adlayan milli ilk dəfə bu mərhələdə bütün oyunlarda uduzdu.
DÇ başa çatan kimi Faiq Qarayevlə Natalya Məmmədovanın yığmadan getdiyi açıqlandı. Birinci səhhətinə, ikinci isə yaşının çoxluğuna görə bu addımı atdı. Natalya bundan sonra bütün diqqətini klub karyerasına ayıracaq. Mundialın yekunları ilə bağlı Faiq bəylə bəlli səbəblərdən danışmaq imkanımız olmasa da, köməkçisi Famil Ağayev suallarımıza cavab verdi.
- DÇ-dən sonra rəhbərlik səviyyəsində yığmanın çıxışı ilə bağlı iclas keçirildimi?
- Xeyr, hələ ki olmayıb. Çünki Faiq müəllim ölkədə deyildi. Səhhəti ilə bağlı Türkiyəyə getmişdi. Bir neçə gün olar gəlib. Yəqin ki, iclas keçiriləcək.
- Faiq bəyin sağlıq durumu nə yerdədi?
- Şükür, yaxşıdı. Ciddi problem yoxdu. Faiq müəllimə gərginlikdən uzaq, sakit həyat tərzi lazımdı. Həkimlər məhz bunu məsləhət görür.
- Yığma Yaponiyada zəif çıxışla yadda qaldı. Baş məşqçinin köməkçisi, komandanın yanında olan biri kimi fikirləriniz maraqlıdı.
- Əlbəttə, mən də yığmanın çıxışını yüksək dəyərləndirmirəm. Bolqarıstan, Türkiyə və Taylandı məğlub edə bilərdik. Onsuz da sistem elə idi ki, medal qazanmaq şansımız yüksək sayılmırdı. Yalnız mümkün qədər yüksək pillələrdə qərarlaşmağı fikirləşirdik. İlkin hədəfin – ilk qrup mərhələsini dəf etməyin öhdəsindən gəldik. Amma daha da irəliləmək çox çətin idi. Orda jurnalistlərlə söhbətim oldu. Çempionatı həddən artıq zəif olan bir ölkənin yığmasının DÇ-yə necə vəsiqə qazandığını soruşurdular. Mən də onlara voleybolçularımızın ölkə xaricində çıxış etdiyini deyirdim. Doğrudan da çempionatımızın səviyyəsini nəzərə alsaq, mundialda çıxış etməyimiz böyük bir şeydi.
- Yığmanın qeyri-sabit çıxışının, parlaq təsir bağışlaya bilməməsinin səbəblərini nədə görürsüz?
- Təəssüf ki, oyun qurucumuz ideal formasından uzaq idi. Hücumçuları topla effektli şəkildə “qidalandıra” bilmirdi. Kristina Yaqubovanı başa düşürəm. Zədə üzündən təxminən 1 il oynamadı. Bu da komandanın oyununa təsir göstərdi. Təsəvvür edin ki, avtomobil almısız, amma sükanı yoxdu. Yəni onu idarə edə bilmirsiz. Oyun qurucusu da komandanın əsas detalıdı.
- Komanda Yaponiyada Valeriya Məmmədova olmadan çıxış etdi. Onun yoxluğunu hiss etdiz, yoxsa başqa liberolar etimadı doğrultdular?
- Yuliya Kərimovanın haqqına girmək istəmirəm. Həqiqətən əlindən gələni etdi, pis oynamadı. Amma belə mötəbər turnirlərdə xarakterə, liderlik keyfiyyətlərinə ehtiyac duyulur. Əlbəttə, Valeriya “1 nömrə”di. Onun meydanda olması belə kifayət edir. Qızlarda özünəinam artır.
- Uzun müddət yığmanın lideri olan Natalya Məmmədova karyerasını bitirdiyini açıqladı. Bu qərar komanda üçün gözlənilməz oldu, yoxsa belə olacağını bilirdiz?
- Yaponiyaya yollanmamış bu haqda söhbət olmuşdu. Yəni hamımız bu dünya çempionatının Natalya üçün yığmanın formasında sonuncu olacağını bilirdik. Nataşa Azərbaycan voleybolunda böyük xidmətləri olan biridi. Qazanılan uğurlarda payı böyükdü. Ona təşəkkür edir və uğurlar arzulayırıq.
- Faiq Qarayev də yığmadan getdi. Baş məqşçi postu ilə bağlı bir yenilik yoxdu? Federasiya rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyi necədi? Əcnəbi, yoxsa yerli mütəxəssisə üstünlük veriləcək?
- Az öncə dediyim kimi, Faiq müəllim bir müddət ölkədə olmadığından bu məsələ ilə bağlı yenilik yoxdu. Yəqin ki, rəhbərlik bir qərara gələcək. Çünki yığmanı gələn il Avropa çempionatında mübarizə gözləyir.
- Uzun müddətdi bu işin içindəsiz, Qarayevin köməkçisi kimi Yaponiyada iş başında olduz. Təklif olsa, bu yükün altına girməyə hazırsız?
- 10 ildi bu qızlarla işləyirəm. Hamısını əlimin içi kimi tanıyıram. Əlbəttə, yığmanın başına keçmək böyük məsuliyyətdi. Amma təklif etsələr, mən hazıram. Böyük məmnuniyyətlə yığmanı çalışdıraram.
- Necə düşünürsüz, mundial gözləntiləri doğrultdu?
- Bu yarışın ənənəvi favoritləri var. ABŞ və Rusiyanın güclü heyəti olsa da, nəsə alınmadı. Mən yarışdan öncə Serbiya, Çin, İtaliya və Hollandiyadan birinin qalib gələcəyini təxmin edirdim. Fikrimcə, serblərin çempionluğu qanunauyğunluqdu. Bu komandanın heyəti həddən artıq güclüdü.
- Ölkə çempionatı ilə bağlı bir yenilik yoxdu?
- Hələ ki cəmi 4 komandanın iştirak edəcəyi dəqiqdi. Amma bu say 5-6-ya qalxa bilər. Qarşıdakı günlərdə bütün suallara aydınlıq gələcək.
- Rəhbərlik etdiyiniz “Azərreyl”in planları necədi?
- Bu ayın sonunda “Çelenc” kubokunda mübarizəyə qoşulacağıq. Amma hələ də transfer etməmişik. Böyük ehtimalla olmayacaq. Sırf yerli gənclərlə oynayacağıq.
KƏNAN HƏSƏNOV
SON XƏBƏRLƏR