Birinci dövrədən sonra avrokuboklara getməsi nə qədər real görünməsə də, Yuri Vernidubun gəlişindən sonra “Neftçi”də intibah dövrü başladı. Və sona bir tur qalmış “ağ-qaralar”ın Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşdi.
Amma qəbul etmək lazımdı ki, bu heyət yetərli deyil. Hətta klubun hədəfinin Konfrans Liqasının əsas mərhələsi olduğunu nəzərə alsaq, heyətə mütləq “əl gəzdirmək” lazımdı. Düzdü, ötən mövsümdəki kimi başdan-başa dəyişikliyə ehtiyac yoxdu, amma komandada zəif nöqtələr var.
Qapıçı mövqeyi mübahisəlidi. Kenan Piriç hərdən kobud səhvlərə yol versə də, sabit kiperdi. Hələ Emil Balayev də var. Son aylarda bu qapıçı “ikinci baharını yaşayır”. Hətta Rza Cəfərov da yayda qayıdır.
Müdafiənin sol cinahına mütləq transfer edilməlidi. Luis Ortis ara-sıra bu mövqedə oynayır, amma o da vingerdi. Mustafa Sek isə “Neftçi” səviyyəsinə uyğun deyil. Elə Falaye Sako da. Düzdü, son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Amma qeyri-sabitdi. Komandadakı ən yaxın dostu Vensan Abubakar da getsə, Sako psixoloji baxımdan da geriləyəcək. Onun alternativi də yoxdu. Sako da getməlidi.
Çempionatın ən zəngin orta sahəsi bəlkə də “Neftçi”dədi. Keyfiyyət baxımından da heç də geri qalmırlar. Emil Səfərov, Sessi D`Almeyda, İfeanyi Metyu, Emin Mahmudov kimi yaxşı futbolçular var. Elvin Camalov da “Neftçi”sevər, keyfiyyətli futbolçudu. Amma yerli futbolçunun ehtiyat oyunçular skamyasında itib-batması yaxşı hal deyil. Azər Salahlı kimi ortabab, autsayder komandalarda özünü göstərə bilər. Elə “Turan Tovuz”un, “Sumqayıt”ın ona ehtiyacı olduğunu deyə bilərik.
İmad Faraj yaxşıdı, amma əvəzedicisi yoxdu. Rotasiya üçün yaxşı sol vinger də tapmaq lazımdı.
Hücumçu məsələsi də müəmmalıdı. Bassala Sambu keyfiyyətli hücumçudu, qol duyumu yüksəkdi, çempionatın ən çox qol vuranlardandı. Amma zədə səbəbindən mövsümün az qala yarısını boşa verib. Vensan Abubakar da böyük ehtimalla gedəcək, getməlidi. Ya taran tipli, hər epizodda qol vura biləcək əsas, ya da rotasiya üçün ortabab hücumçu gətirmək olar. “Neftçi” skautları birinci variantı axtarırlarsa, çox da əziyyət çəkməyə ehtiyac yoxdu. “Şamaxı” dakı Karim Rossi göz qabağındadı. “Neftçi”də də qollarını sıralayacaq gücə və potensiala malikdi.
Sol və sağ cinah müdafiəçisi, sol cinah vingeri və hücumçu alınsa, kifayətdi. İşlər səliqəli aparılsa, eyni sayda – 3-4 futbolçu da göndərilə bilər.
MÜZƏFFƏR QULUZADƏ