Qurbanov Rüfətə dəvət göndərib
Çexiyanın gənclər liqasında 14-cü turun oyunları baş tutub. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya”nın U-21 komandası səfər oyununa çıxıb. Praqa təmsilçisi “Pribram”la üz-üzə gəlib. Görüş qonaq komandanın qələbəsi (3:2) ilə başa çatıb. “Slaviya” ilk hissədə hesabda geridə (1:2) olsa da, oyunda dönüş yaratmağa nail olub. Praqalılara qələbə qazandıran qollara Fərid Nəbiyev imza atıb. Qəbələ Futbol Akademiyasının yetirməsi 60-cı dəqiqədə bərabərlik, 68-ci dəqiqədə isə qələbə qolunu vurmağı bacarıb. Bu, həmyerlimizin mövsüm ərzində vurduğu 10-cu qolu olub. Gənc oyunçu vurduğu iki qolla bombardirlərin yarışında liderliyə yüksəlib.
İspaniya sequndasında 12-ci turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Alkorkon” növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Rayo Mahadahonda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmada 2 cavabsız qolla qalib gəlib. İsrafilov da matçın iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sona qədər oynayıb. Yarımmüdafiəçi 74-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Hazırda 24 xala malik “Alkorkon” 3-cü pillədə qərarlaşıb.
Gənclər arasında təşkil olunan Almaniya bundesliqasının cənub zonasının 10-cu turunda U-21-in daha bir üzvü meydana çıxıb. Murad Mahmudovlu “Frankfurt” evdə “Ştutqarter Kikkers”lə qarşılaşıb. Meydan sahibləri 0:2 hesabı ilə məğlub olub. Murad qarşılaşmanın 64-cü dəqiqəsində şans qazanıb. Geridə qalan bütün oyunlarında məğlubiyyətlə üzləşən Frankfurt təmsilçisi hazırda xalsızdı və turnir cədvəlində sonuncudu.
Rusiya çempionatının 13-cü turunda "Krılya Sovetov" səfərdə "Ufa"nın qonağı olub. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Ramil Şeydayev də iştirak edib. O, 70-ci dəqiqədə meydana çıxıb. "Krılya Sovetov" 14 xalla 12-ci yerdədi.
Yeri gəlmişkən, Almaniyanın 3-cü liqa təmsilçisi “Proyssen”in üzvü Rüfət Dadaşov növbəti dəfə Qurban Qurbanovdan dəvət alıb. Almaniya mətbuatının yaydığı xəbərə görə, yığmamızın baş məşqçisi Millətlər Liqasında Farer adaları və Kosovo ilə qarşıdakı görüşlər üçün 27 yaşlı hücumçuya ehtiyac duyub. Milli noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək. Komandamız noyabrın 20-də isə Kosovonun qonağı olacaq. Xatırladaq ki, Dadaşov bundan əvvəl Millətlər Liqasında oktyabrda keçirilən Farer adaları ilə səfər və Malta ilə ev oyununa çağırılmışdı.
FARİZ