“Hansısa əyrilik ortaya çıxsaydı, AFFA bunu ictimaiyyətə açıqlayardı”
Ötən saylarımızın birində “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə klubun sabiq futbolçusu, karyerasını başa vurduqdan sonra qərb təmsilçisinin aşağı yaş qruplarından birində məşqçi kimi çalışmış Yasin Abbasov arasında yaşanan narazılıq barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, Oqtay bəy onu təhqir etdiyinə görə Abbasovdan polisə şikayətçi düşüb. Ancaq işi araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları ortada heç bir təhqirin olmadığına aydınlıq gətirdikdən sonra sabiq futbolçunu sərbəst buraxıblar. Bundan sonra mətbuata açıqlama verən Yasin bəy klubun Müşahidə Şurasının sədrinin ayda 4-5 min manat maaş aldığını, ancaq aylarla Tovuza gəlmədiyini bildirib. Bundan başqa, Abbasov klubun avtobusunun indiki rəhbərlik tərəfindən satıldığını vurğulayıb.
Söylənilənlərə aydınlıq gətirmək üçün Oqtay bəylə əlaqə saxladıq. Ancaq “Turan Tovuz”un rəsmisi Abbasovun dediklərinə münasibət bildirmək istəmədi: “Bu haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, AFFA rəhbərliyi hər ilin sonunda audit yoxlaması aparır. Hansısa əyrilik ortaya çıxsaydı, bunu ictimaiyyətə açıqlayardılar. Artıq 4-cü ildi ki, klubun Müşahidə Şurasının rəhbəriyəm və bu illər ərzində Tovuzda futbolunun inkişaf etməsinə çalışmışam”.
Yuxarıda qeyd etdiyimiz kimi, veteran futbolçu Abdullayevi kluba məxsus avtobusun satılmasında da ittiham edir. Oqtay bəyin bu məsələyə aydınlıq gətirməsini istədik: “Heç bir əsası olmayan iddiadı. Həmin avtobus məndən əvvəl başqaları tərəfindən satılmışdı. Sonradan, yəni mən klubun Müşahidə Şurasının sədri təyin olunduqdan sonra geri qaytarıldı. Həmin avtobus Yaşar İbrahimovun adınadı. Sizcə, başqasının adına olan əmlakı mən özbaşıma sata bilərəm? Yaşar müəllim hazırda rayonda məsul vəzifələrdən birini tutur. O avtobusun köhnəldiyini, onu satıb əvəzində kluba yeni nəqliyyat vasitəsinin alınmasını təklif etdi. Ondan sonra köhnə avtobus satılaraq, əvəzində yenisi alındı”.
RƏŞAD