“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın ot örtüyünün dəyişdirilməsi səbəbindən təmirə bağlandığından xəbərdarsız. Məhz buna görə də “kimyaçılar” cari mövsümdə müxtəlif arenalara üz tutmaq məcburiyyətində qalıb. Sumqayıtlı azarkeşlər sevimli komandalarına dəstək vermək üçün Mərdəkana, Bayıla baş çəkməli olublar. “Ağ-göylər”in fanatlarının, eləcə də komandanın ora-bura üz tutmaq, köçkün həyatı yaşamaq iztirabının, nəhayət, noyabrda başa çatacağı deyilirdi. Belə ki, bir neçə ay öncə öt örtüyünü döşəyən SİS şirkətinə istinad edən klub rəhbərliyi “Kapital Bank Arena”nın noyabrın əvvəllərində istifadəyə veriləcəyini bildirmişdi. Plana əsasən noyabrın 11-də, premyer-liqanın 11-ci turu çərçivəsində baş tutacaq “Sumqayıt” – “Keşlə” görüşündə meydan sahibləri 2018/19 “futbol ili”ndə ilk dəfə doğma azarkeşlərin gözü qarşısında çıxış edəcəkdi. Ancaq heç də hər şey plan üzrə getməyib.
Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, yenilənmiş arenada ilk oyun bir ay sonra, daha dəqiq desək, dekabrda keçiriləcək. Dünən meydanı təftiş edən komissiya belə qərara gəlib ki, yeni salınan ot örtüyü kövrəkdi. Erkən istifadə meydanın sıradan çıxması ilə nəticələnə bilər. Bu üzdən “Sumqayıt” rəsmiləri risk etmək istəməyib. Və “Keşlə” ilə qarşılaşma da paytaxtdakı arenaların birində keçiriləcək. Böyük ehtimalla, görüş “Bayıl Arena”da baş tutacaq.
RƏŞAD