Almaniya 2-ci bundesliqasında 12-ci turun oyunları keçirilib. Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” səfərdə “Haydenhaym”la qarşılaşıb. Aue təmsilçisi bu oyunda minimal hesabla məğlub olub (0:1). Nazarov da görüşdə iştirak edib. O, 62-ci dəqiqədə meydana çıxıb. “Ertsgebirge” hazırda 14 xalla 13-cü pillədədi.
Türkiyənin 1-ci liqasında isə 11-ci tur çərçivəsində Ufuk Budakın şərəfini qoruduğu “Boluspor” səfərə yollanıb. Sözügedən kollektiv “Karabükspor”un qonağı olub. Bolu təmsilçisi 2 cavabsız qolla qalib gəlib. Ufuk start heyətində meydana çıxıb və sona qədər oynayıb. Bu nəticədən sonra hesabındakı xalları 26-ya şatdıran “Boluspor” 18 iştirakçı arasında ikincidi.
Həftəsonu Vüqar Əsgərov üçün də uğurlu alınıb. Belə ki, Latviya birinci liqasının 24-cü turunda onun çıxış etdiyi “Dauqavpils” növbəti qələbəsini qazanıb. Çempionatın ilkin mərhələsini lider kimi başa vuran sözügedən komanda indi elitaya çıxmaq üçün ilk “dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. “Dauqavpils”in bu mərhələdəki ikinci rəqibi “dördlüy”ün ikincisi “Super Nova” olub. Əsgərovun forma geydiyi komanda ən yaxın izləyicisini böyük hesabla məğlub edib - 4:0. Vüqar ilk dəqiqələrdən mübarizə aparıb və 88-ci dəqiqədə əvəzlənib. Həmin dəqiqədə baş hakim onu sarı vərəqə ilə də cəzalandırıb.
Komandasının bu oyunda vurduğu qollardan birinə də Vüqar imza atıb. O, 59-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 31-ə çatdırıb. “Dauqavpils” 64 xalla birinci pillədə qərarlaşıb.
Qazaxıstan çempionatında 32-ci turun oyunları reallaşıb. Riçard Almeydalı “Astana” doğma meydanda “Kayrat”la qarşılaşıb. Paytaxt təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Baş məşqçi Almeydaya 62-ci dəqiqədə şans verib. Artıq çempionluğunu da təmin etmiş "Astana" hazırda 74 xalla 12 iştirakçı arasında liderdi.
Gələk Almaniyanın 3-cü liqasına. 14-cü tur Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” “doğma divarlar” arasında “1860 Münhen”lə qarşılaşıb. Matçda qol səsi çıxmayıb. Rüfət ilk “11-lik”də olub, 79-cu dəqiqədə əvəzlənib. 26 xalı olan “Proyssen” sıralamada ikincidi.
Portuqaliya çempionatının 2-ci liqasında 7-ci tur çərçivəsində Renat Dadaşovun şərəfini qoruduğu “Eştoril” səfərdə Gimaraynş “Vitoriya”sının B komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Dadaşov 80-ci dəqiqədə meydana çıxıb. Qeyd edək ki, 8 oyunda 14 xal toplayan “Eştoril” 5-ci pillədədi.
Ukrayna premyer-liqasında 14-cü tur başa çatmaq üzrədi. Yığmamızın müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” dünən evdə “Desna”nı qəbul edib. “Aleksandriya” ikinci hissənin əvvəllərində hesabı açmasına baxmayaraq, sona 2 dəqiqə qalmış qapısında qol görərək, 2 xal itirib – 1:1. Paşayev isə bu matçın “18-liy”inə düşməyib. Liderlər qrupunda qərarlaşan “Aleksandriya” bu nəticə ilə xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlinin üçüncüsüdü.