Sizin reklam burada

İntizam Komitəsi Orxan Məmmədovun səhvini düzəltdi

Title
İntizam Komitəsi Orxan Məmmədovun səhvini düzəltdi
Çərşənbə axşamı AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı Topaz premyer-liqasında 9-cu, divizionda isə 8-ci turda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
Heç şübhəsiz, ilk növbədə “Sumqayıt” - “Qəbələ” matçında yaşananlarla bağlı komitənin çıxaracağı qərarlar maraq doğururdu. İK da oyunda hakim səhvlərinin olduğunu təsdiqləyib. Orxan Məmmədovun ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verdiyini nəzərə alaraq, onunla bağlı lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmağı Hakimlər Departamentinə tapşırılıb. Yanlış qərar dedikdə, oyunun 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqədən söhbət gedir. Komitə həmin vərəqəni ləğv edib. Həm “Sumqayıt”ın, həm də “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klublar hərəyə 800 manat cərimələnib. Görüşə əlavə olunmuş vaxtda “Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” - “Qarabağ” matçında da hər iki komanda sarı vərəqə “planını doldurub” ki, bu da hərəyə 800 manat cərimə deməkdi. Bundan başqa, 58-ci dəqiqədə azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Neftçi” 800 manat “tərləyəcək”.
“Səbail” isə “Keşlə” ilə matçın 49-cu dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan Yevgeni Koçuka görə 200 manat ziyana düşüb. Futbolçu həmçinin bir oyunluq cəzalanıb.
“Səbail”in əvəzediciləri də İK-nın “qarmağına keçib” ki, bu da gözlənilən idi. “Neftçi-2” ilə matçda komandanın heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən meydanda 2001 və ya daha gənc təvəllüdlü futbolçu olmalıdı. Lakin “Səbail-2” oyunun 90+2-ci dəqiqəsində 2001 təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydana 1997 təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edib və “Səbail-2”yə 0:3 hesablı texniki məğlubiyyət verib. Bununla belə, matçda alınan vərəqələr qüvvədə qalıb. Məhz sarı vərəqələrin çoxluğuna görə həm “Səbail-2”, həm də “Neftçi-2” hərəyə 80 manat cərimələnib. Bundan başqa, oyunun 90+1-ci dəqiqəsində “Səbail”in futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimələnib.
“Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində qonaq komandanın üzvü Turan Manafov “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bunun da cəzası 1 oyun və 20 manat cərimədi. “Keşlə-2” ilə matçın 34-cü dəqiqəsində analoji səbəbdən “qırmızı” alan “Qarabağ-2”nin futbolçusu Ayhan Arazlı da eyni cəzaya məruz qalıb. MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində isə MOİK-in futbolçusu Sadiq Ağazadə ikinci “sarı”ya görə 1 oyun cəza və 20 manat cəriməyə məruz qalıb. “Şüvəlan”la oyunun 57-ci dəqiqəsində hakimlər briqadasını təhqir edən “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyevin cəzası daha ağır olub. “Dilinin bəlasına düşən” məşqçi 5 oyunluq diskvalifikasiya olunub, kluba 400 manat cərimə kəsilib. Turun son oyunu - “Sabah-2” – “Zirə-2” matçı da cəzasız ötüşməyib. “Zirə-2”nin futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra isə qəsəbə təmsilçisinin daha bir üzvü Hüseyn Əhmədov hakimi təhqir edib. İntizamsız futbolçunun cəzası 4 oyun olub. Klubu isə onun davranışını 320 manatla “sığortalayacaq”.
Beləliklə, son iclasda klublara 5380 manat cərimə kəsilib. Nəticədə mövsümün startından bu yana cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 43540 manata çatıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.