“İndi polislərimiz ingilis dilini bilmirlər deyə, əlimizi yanımıza salıb oturaq?”
Ötən sayımızda “Neftçi” – “Qarabağ” matçının gedişində “Forza Neftçi” fanklubunun üzvləri ilə polislər arasında qarşıdurma yaşandığını xəbər vermişdik. Onu da bildirmişdik ki, 58-ci dəqiqədə fanklub üzvləri petardlar yandırdıqdan sonra asayış keşikçiləri fanatların üzərinə hücum çəkib, onların bəzilərini tribunadan uzaqlaşdırıb. Yayılan xəbərlərə inansaq, xoşagəlməz insidentdə iştirak edən 3 fanat polis tərəfindən bölməyə aparılıb.
Məsələyə aydınlıq gətirmək üçün “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq: “Həmişə olduğu kimi, bu dəfə də polislər bizə qarşı aqressivlik nümayiş etdirdilər. Hələ matçdan öncə onlar tribunalara asdığımız plakatları yığışdırmağımızı istəyirdilər. Orda isə ingilis dilində siyasətə və yaxud dövlətçilik əleyhinə olmayan, “Neftçi” və Bakı haqda gözəl sözlər yazılmışdı. İndi polislərimiz ingilis dilini bilmirlər deyə, əlimizi yanımıza salıb oturaq? Hər iki komandanın heyətində yetərincə legioner top qovur. Onların da başa düşməsi üçün biz çox vaxt pankartları məhz bu dildə hazırlayırıq. Sonradan klub rəhbərliyinin müdaxiləsindən sonra plakatlarımız tribunada qaldı. Qarşıdurmaya gəlincə, petardlar sönən kimi onlar üstümüzə hücum çəkdilər. Həmişə kimi dəyənəklər işə düşdü. Fanklub üzvlərinin bəziləri ayağından, bədənin müxtəlif nahiyələrindən yüngül də olsa, zədə aldılar. Bir üzvümüzün barmağı çıxdı. Qarışıqlıqda 3 nəfəri tutub bölməyə apardılar. Matç başa çatandan sonra “Neftçi” rəhbərliyinin işə qarışması, ora-bura zəngi sayəsində həmin uşaqlar sərbəst buraxıldılar. Biz heç kimi təhqir etmədik, kimisə döymədik ki, polislər bizə hücum çəksinlər. Dünyanın hər yerində fanatlar müəyyən çərçivə daxilində bizim kimi edirlər. Buna görə adam tutarlar?”
Ötən sayımızda onu da qeyd etmişdik ki, “Forza Neftçi”nin üzvləri petardları 58-ci dəqiqədə yandırdılar və bir andaca onların əyləşdiyi və yaxın sektorlar tüstüyə büründü. Adətən, “Neftçi” fanatları bu addımı klubun yaranma ili bağlı 19-cu və 37-ci dəqiqədə atırlar. Lakin bu dəfə fərqli zaman seçmişdilər. Sübhan bəylə söhbətdə bu məqama da aydınlıq gətirdik: “Düz qeyd etdiz ki, biz çox vaxt ya 19-cu, ya da 37-ci dəqiqədə xüsusi nə iləsə yadda qalırıq. Ancaq “Qarabağ”la matçda ilk hissədə hava işıqlı olduğundan, ikinci yarını gözlədik. 58-ci dəqiqə isə təsadüfi seçimdi. Yəni bu rəqəmin xüsusi bir anlamı yoxdu”.
RƏŞAD