Sizin reklam burada

Son iki gündə sevin(dir)ən olmadı

Müəllif: football Tarix: 30-10-2018, 18:21 592 Baxış
Son iki gündə sevin(dir)ən olmadı
Yığmamız mundialı 5 medalla beşinci bitirdi
Bazar günü baş tutan görüşlərlə Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatı tarixə çevrildi. Mundiala yunan-Roma güləşçiləri yekun vurdu. Əvvəlcə oktyabrın 27-də xalça üzərində yaşananlara diqqət yetirək. “Bürünc” şansını saxlayan Kamran Məmmədov (67 kq) ilk təsəlliverici görüşdə fransalı Mamadassa Silla ilə qarşılaşdı. Kamran son dəqiqəyədək 3:1 öndə olsa da, hakimlərin mübahisəli qərarı nəticəsində mübarizəni dayandırdı (3:4) və 7-ci yeri tutdu. İslam Abbasov (87) isə bürünc medal uğrunda görüşdə erməni Artur Şahinyana 1:6 hesabı ilə uduzdu. Prinsipial dueldə məğlubiyyəti həzm edə bilməyən pəhləvanın ağlaması diqqətdən yayınmadı.
Mundialın 8-ci günündə yığmamızın qalan 3 üzvü mübarizəyə qoşuldu. Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev (77 kq) İvan Nilipiuku (Polşa) 9:0, ardınca Kamal Amir Beyi (ABŞ) 6:2 yenərək 1/4 finala yüksəldi. Amma bu mərhələdə ötən mundialın ikincisi olan Aleksandr Çekirkinə (Rusiya) 0:3 hesabı ilə uduzdu. Rəqib finala yüksəldiyindən Mürsəliyev oktyabrın 28-də təsəlliverici görüşə çıxdı. Ötən ilin dünya çempionu Viktor Nemets (Serbiya) hakimlərin mübahisəli qərarları nəticəsində qələbəyə sevindi – 5:1. Nəticədə Elvin mundialı 7-ci yerdə bitirdi.
Növbəti iki təmsilçimizin çıxışı daha qanqaraldıcı alındı. Belə ki, Orxan Nuriyev (97 kq) 4 il əvvəl dünya çempionu olan Melonin Numonviyə (Fransa) 0:4 uduzaraq 1/16 finalda dayandı. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti (130) təsnifatda Aleksandr Çernetski (Ukrayna) tərəfindən dayandırıldı - 5:2.
Beləliklə, yunan-Roma güləşi yığmamızın qazancı 1 qızıl və 1 bürünc medal oldu. “Sərbəstlər” Cəbrayıl Həsənovun (79 kq) “gümüş”ü ilə təsəlli tapmışdısa, qadınlardan ibarət yığmanın heyətində Mariya Stadnik (50 kq) “gümüş”, İrina Netreba (65 kq) “bürünc”ə sevinmişdi.
Medalların əyarına görə sıralamaya gəlincə, Rusiya 13 (10-1-2), Yaponiya 10 (5-1-4), ABŞ 12 (4-3-5), Türkiyə 9 (1-4-4) mükafatla ilk “4-lük”də qərarlaşdı. Azərbaycan mundialı 5 (1-2-2) medalla 5-ci pillədə başa vurdu. Maraq üçün şimal qonşumuzun qızılların sayında tarixi rekorda imza atdığını da qeyd edək. Rusiya sərbəst güləşdə də 178 xalla zirvədədi. ABŞ (150 xal) ikinci, Gürcüstan (105 xal) üçüncü pillədən “boylanır”. Yığmamız isə 44 xalla 9-cu yerdədi. Yunan-Roma güləşində ilk “üçlüy”ü Rusiya (178 xal), Macarıstan (83 xal) və Türkiyə (75 xal) formalaşdırıb. Millimiz 60 xalla 4-cü yerdə qərarlaşıb. Gözlənildiyi kimi, qadınların mübarizəsində Yaponiya hamıdan öndədi – 156 xal. Çin (119 xal) ikinci, ABŞ (103 xal) üçüncüdü. Hesabında 41 xal olan yığmamız 10-cudu.
Sonda yunan-Roma güləşi millimizin baş məşqçisi Şaban Donatın mundialla bağlı dəyərləndirməsiylə tanış olaq: "Şadam ki, 55 kq-da Azərbaycanın himnini səsləndirdik. Eldəniz Əzizli sözünü deyərək qızıl medal qazandı. Bilirdik ki, bizim üçün hər şey çətin olacaq. Bəzi çəkilərdə dəyişikliklər etməli olduğumuzu gördük. Çox güclü dünya çempionatı keçdi. Güləşçilərimiz çətin səbətə düşdü. Ən əsası gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yaxşı hazırlaşıb, Olimpiadaya vəsiqə qazanmaqdı. Hakimlərin bəzi qərarları mübahisəli oldu. Buna baxmayaraq, daha güclü olmalıyıq. Bu, güləşdi. Məncə, daha iki medal qazana bilərdik. Elvin Mürsəliyev və Kamran Məmmədovun təsəlliverici görüşlərində hakim səhvləri oldu. Komandamız daha da yaxşı olacaq. Heyətdəki gənclərin uyğunlaşma prosesini geridə qoyması zaman tələb edir. Qızıl medal qazanmaq istəyiriksə, hakimi də, rəqibi də udmalıyıq. Gələn il çoxlu yarışlar olacaq. Ancaq ən əsas turnir Astanadakı dünya çempionatıdı. Ora ən yaxşı heyətlə, ən güclü güləşçilərlə gedib, uğur qazanmaq istəyirik".
KƏNAN HƏSƏNOV
SON XƏBƏRLƏR