Vüqar Əsgərov 30-cu qolunu vurdu
Avropa ölkələrinin çempionatlarında növbəti turun oyunları keçirilib ki, təmsilçilərimiz də şərəfini qoruduğu komandaların heyətində meydana çıxıb. Türkiyənin birinci liqasında 10-cu turun qarşılaşmaları baş tutub. U-21 yığmamızın üzvü Ozancan Kökçünün formasını geydiyi “Girəsunspor” doğma meydanda “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Ozancan da görüşün iştirakçısı olub. Start heyətində yer alan futbolçu 79-ci dəqiqədə əvəzlənib. “Girəsunspor” 14 xalla 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Ufuk Budaklı “Boluspor” isə yığmanın daha bir sabiq üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Paytaxt təmsilçisi səfər oyununda minimal hesabla qalib gəlib - 1:0. Start heyətində meydana çıxan Ufuk sonadək oynayıb. Uzun müddət zədədən əziyyət çəkən Dəniz isə 67-ci dəqiqədə meydana çıxıb. Forvard 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 10 turdan sonra “Gənclərbirliyi” 28 xalla liderdi. “Boluspor” isə 23 xalla ikinci pillədə qərarlaşıb.
İspaniya sequndasında 11-ci turun oyunları keçirilib. Yığmanın sabiq yarımmüdafiəçisi Eddi İsrafilovun heyətində yer aldığı komanda səfərdə “Tenerife” ilə üz-üzə gəlib. Qonaqlar bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 2:3. Start heyətində yer alan İsrafilov 90 dəqiqə meydanda olub. Hazırda 21 xalla 22 komanda arasında 4-cü olan “Alkorkon”un uğurları üçün tər tökən yarımmüdafiəçi “sarı” ilə yadda qalıb.
Almaniyanın 3-cü liqasında 13-cü tur baş tutub. Yığmanın hücumçusu Rüfət Dadaşovun formasını geydiyi “Proyssen” növbəti matçına çıxıb. 4 illik fasilədən sonra ölkənin əsas komandasına cəlb olunan forvardın şərəfini qoruduğu komanda səfərdə “Meppen”lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 2:1. 90 dəqiqə meydanda olan milli üzvü fərqlənə bilməyib. Dadaşovun komandası 13 turdan sonra 25 xalla 2-ci pillədə qərarlaşıb.
Latviyanın birinci liqasında 23-cü turun oyunları keçirilib. Vaxtilə millidə çıxış edənVüqar Əsgərovun “Dauqavpils”i növbəti qələbəsini qazanıb.
Çempionatın ilkin mərhələsini lider kimi başa vuran bu komanda indi elitaya çıxmaq üçün ilk “dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. “Dauqavpils”in bu mərhələdəki ilk rəqibi “dördlüy”ün sonuncusu “Rejeknes” olub. Həmyerlimizin komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1. 90 dəqiqə tər tökən sabiq yığma üzvü vurduğu iki qolla qələbəyə töhfə verib. O, 47 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 30-a çatdırıb. “Dauqavpils” 23 turdan sonra 61 xalla birinci pillədə qərarlaşıb.
Riçard Almeydanın şərəfini qoruduğu “Astana” isə səfərdə “Tobol”la qarşılaşıb. “Qarabağ”ın sabiq yarımmüdafiəçisi bu oyunda meydana çıxmayıb və komandası minimal hesabla məğlub olub. Buna baxmayaraq, ehtiyatda qalan “milliləşdirilmiş” legioner Qazaxıstan çempionluğunu bayram edib. Sona 3 tur qalmış 12 komandalı birincilikdə 71 xalla ilk pillədə qərarlaşan “Astana” növbəti turlarlarda qeydə alınacaq nəticələrdən asılı olmayaraq, “qızıl”ı təmin edib.
Ukrayna premyer-liqasında 13-cü turun oyunları keçirilib. “Aleksandriya” səfərdə “Zarya” ilə qarşılaşıb – 0:0. Pavel Paşayev 90 dəqiqə iş başında olub. “Aleksandriya” 26 xalla 3-cü pillədə qərarlaşıb. Onu da qeyd edək ki, Ukrayna premyer-liqasında 12 komanda çıxış edir.
Almaniyanın 2-ci bundesliqasında 11-ci turun oyunları baş tutub. Dmitri Nazarovun formasını geyindiyi “Ertsgebirge” “Arminiya” ilə münasibətləri aydınlaşdırıb. Aue təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0. 66-cı dəqiqədə meydana çıxan Dmitrinin ayağı düşərli olub. Məhz o meydana çıxan kimi komandası qələbə qolunu vurub. “Ertsgebirge” 14 xalla 18 iştirakçı arasında 13-cü pillədə yer alıb.
Hollandiyanın ikinci liqasında da növbəti turun oyunları keçirilib. 11-ci turda U-21-in üzvü Ziya Əzizovun formasını geydiyi “Neymegen” doğma meydanda “TOP Oss”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:5. Ziyanın adı matçın iştirak ərizəsinə daxil edilməyib. “Neymegen” hazırda 18 xalla 20 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
“Krılya Sovetov”un şərəfini qoruyan Ramil Şeydayev dünən baş tutan “Zenit”lə görüşdə “23-lük”də yer alsa da, yenə də meydana çıxmayıb. Şeydayevin komandası “doğma divarlar” arasında Sankt-Peterburq təsmilçisinə minimal hesabla məğlub olub – 0:1. Autsayderlər qrupunda qərarlaşan samaralıları düşmə zonasında olan “Anji”dən cəmi 1 xal ayırır.
“Slaviya”da legioner həyatı yaşayan Fərid Nəbiyev üçün də geridə qalan həftə pis mənada yaddaqalan olub. Rəşad Sadıqovun rəhbərlik etdiyi gənclər millisinin şərəfini qoruyan yarımmüdafiəçi 90 dəqiqə meydanda olsa da, komandası “doğma divarlar” arasında 0:4 hesabı ilə uduzub. Onu da bildirək ki, Praqa təmsilçisi hazırda A qrupunda 11 xalla 11-ci pillədə qərarlaşıb.
RƏŞAD