İsrailli referi Zubiri cəzalandırmaqda haqlı idi?
Ənənəmizə sadiq qalaraq, bu dəfə də təmsilçimizin avrokubok oyunundan sonra hakim fikrinə yer ayırdıq. “Qarabağ” – “Vorskla” matçını Roy Reynşreyberin rəhbərlik etdiyi israilli hakimlər briqadası idarə etdi. İlk yarıda oyunun sürəti o qədər yüksək olmadığından ədalət təmsilçiləri çətinliklə üzləşmədilər. Fasilədən sonra isə bəzi mübahisə doğruran məqamlar oldu ki, bu haqda Ceyhun Haşımovdan fikir öyrənməyi lazım bildik. Məsələn, 64-cü dəqiqədə Abdulla Zubir rəqib müdafiəçi ilə toqquşmadan sonra “Vorskla”nın cərimə meydanı daxilində yerdə qalsa da, israilli referi penalti nöqtəsini göstərmək əvəzinə “Qarabağ”ın oyunçusunu simulyasiyaya görə sarı vərəqə cəzalandırdı.
Bu və matçda mübahisə doğura biləcək başqa məqamlar ilə bağlı Haşımov bunları söylədi: “Oyunun əvəllində göstərilən sarı vərəqə oyunçulara bir mesaj idi və bu hakimin işinə yaradı. Ümumiyyətlə, hakimlərin işi çətin olmadı. Mübarizəyə imkan verirdi, hər xırda fola görə oyunu saxlamırdı. Vərəqələr də yerində göstərildi. Qərarları, demək olar ki, düzgün idi. “Qarabağ”ın hakim idarəçiliyindən narazı qalması üçün əsas yoxdu. Yalnız hakim bir məqamı gözdən qaçırdı. Rəqibin qapıçısı “vaxtı öldürməyə” çalışırdı. Buna görə ona “sarı” verilməliydi. Görüş başa çatandan sonra bir çoxları sosial şəbəkələrdə Zubirin yerdə qaldığı epizodu penalti kimi dəyərləndirib, referinin səhv qərar qəbul etdiyini yazırlar. Həmin epizoda təkrar-təkrar baxdım və bir daha əmin oldum ki, hakim düzgün qərar verib. Orda qayda pozuntusu olmasa da, vərəqəsiz keçinmək olardı. Ancaq Zubir də bundan istifadə etmək istədi. Fikrimcə, matçın baş hakimi bu oyundakı idarəçiliyinə görə 8,4 bal alacaq”.
RƏŞAD