Əzizli finala, Çunayev üçün yer uğrunda görüşə
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Ötən sayımızda xəbər verdiyimiz kimi, qadın güləşçilərimizdən dördü medallar uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdı. Təəssüf ki, onlardan yalnız biri fəxri kürsüdə yer almağı bacardı. Əslində yığmanın kapitanı Mariya Stadnik (50 kq) finala yüksəlməklə ən azı gümüş medalı özü üçün təmin etmişdi. Karyerasında 4-cü dəfə dünya çempionatının həlledicinə görüşünə vəsiqə qazanan təcrübəli pəhləvanın rəqibi Yaponiya güləşçisi Yui Susaki idi. Təəssüf ki, “gündoğar ölkə” təmsilçisinə ciddi müqavimət göstərə bilməyən Mariya xalçanı məğlub etdi - 0:10. Yığmanın ən titullu üzvlərindən biri, çətin ki, “gümüş”lə təsəlli tapsın...
1/4 finalda amerikalı pəhləvana uduzan Anjela Doroqan (53 kq) rəqibin finala yüksəlməsi sayəsində təsəlliverici görüşdə mübarizə aparmaq imkanı qazanmışdı. Amma Anjela “bürünc” şansından yararlana bilmədi. Ulduz Eşimova (Qazaxıstan) onu məğlub etdi – 5:3. Alyona Kolesnik (57 kq) də eyni aqibəti yaşadı. Güləşçimiz Puca Dandaya (Hindistan) 3:8 hesabıyla uduzdu. Tilsimi Elmira Qəmbərova (62 kq) da qıra bilmədi. Onun fəxri kürsüyə yolunu Linqlinq Bao (Çin) kəsdi - 6:2. Onu da qeyd edək ki, 50 kq-da mükafatlandırma mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev iştirak etdi. Çempion Yui Susakiyə qızıl medalı və çempionluq kəmərini AGF rəhbəri təqdim etdi.
Dünən həmçinin yunan-Roma güləşçilərinin mübarizəsinə start verildi. Avropa çempionu Eldəniz Əzizli (55 kq) təsnifatdan başlayaraq, uyğun ardıcıllıqla Jozef Andrasini (Macarıstan) 9:0, Liquo Çaonu (Çin) 9:0, Şota Tanokuranı (Yaponiya) 9:0, Nuqzar Tsurtsumiyanı (Gürcüstan) 6:3 hesabı ilə yenərək finala yüksəldi. Əzizli bu gün qızıl medal uğrunda görüşdə qırğız Jolaman Şarşenbekov ilə qarşılaşacaq. Taleh Məmmədov (63 kq) əvvəlcə Stiq-Andre Bergeni (Norveç) 2:1, ardınca Slavik Qalstyanı (Ermənistan) 3:1 yensə də, 1/4 finalda Həsən Əhməd Məhəmmədiyə (Misir) uduzdu - 0:3. Rəsul Çunayev (72 kq) Tomohiro İnoeyə (Yaponiya) 11:3 Məhəmmədəli Abdulhəmid Gerayiyə (İran) 6:4 hesabı ilə qalib gəldi. Amma yarımfinalda onun yolunu Frank Stebler (Almaniya) kəsdi - 9:1. Rəsul bu gün bürünc medal görüşünə çıxacaq. Nəhayət, dördüncü təmsilçimiz Rafiq Hüseynov (82 kq) haqda. Daniel Tixomirov Aleksandrovu (Bolqarıstan) 4:3 üstələyən pəhləvanımız, təəssüf ki, 1/4 finalda dayandı. Səid Murad Abdvali (İran) keçilməz oldu - 0:3.