Yusif Vəliyev: “Şəki”nin liqada çıxış etməməsi üçün heç bir səbəb yoxdu”
Region Liqasında çıxış edən "Şəki" maliyyə çətinliyi və son turda Qaxda baş verən hadisələrlə bağlı turnirdəki çıxışını dayandırmağa qərar verib və bununla əlaqədar “feysbuk” səhifəsində bəyanat yayıb. Həmin bəyanatla sizləri də tanış edirik: “Əhvalınızı korlamaq istəməzdik, amma çox üzücü xəbərimiz var. Komandanın oyunçu və məşqçi heyəti olaraq, qərara almışıq ki, Region Liqasinda çıxışımızı dayandıraq. Əslində çətin qərardı, biz də istəmirik, amma məcburuq... Biz bu çıxdığımız yola davam edə bilmirik, bacarmırıq. Tək qalmışıq. Bəli-bəli, düz oxuyursuz, 200 min nəfər əhəlisi olan Şəkinin futbol komandası təkdi, dəstəksizdi, köməksizdi... Gücümüz çatmır daha da irəli getməyə, sizi qələbələrə sevindirməyə. İrəli getmək, uğur qazanmaq üçün tək fiziki güc bəs etmir, maddi güc, maddi dəstək lazımdı.
Hər nə qədər güclü oluruq-olaq, Şəkidən Gəncəyə, Qazaxa piyada gedib sonra futbol oynamaq mümkünsüzdü.
Sonuncu turda baş verən hadisələr bizə ağır zərbə oldu. Bütün komanda zədəlidi və demək olar ki, bir neçə əsas heyət oyunçumuzu itirdik. İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsindən isə xəsarət alan futbolçularla nə maraqlanan oldu, nə də qeydinə qalan. Yeni oyunçular lazimdı. Gəlmək istəyənlər isə maaşsız, qonorarsız oynamaq istəmirlər. Komanda olaraq düşündük ki, bəlkə dəstək olmaq istəyənlər oldu. Ona görə də bank hesabımızı rəy bölməsinə əlavə edəcəyik. Yanımızda olanların hər birinə təşşəkkur edirik”.
Region Liqasının startı ərəfəsində işçi qrupunun üzvü Yusif Vəliyevlə əlaqə saxlayıb, yeni mövsümlə bağlı fikirlərini öyrənmişdik. Yusif bəy açıqlamasında müraciət edənlərin sayının çox olduğunu, ancaq tələb olunan şərtlərə cavab verən komandaları liqaya buraxacaqlarını bildirmişdi. Heç şübhəsiz, Yusif bəy “tələb olunan şərtlər” dedikdə ilk növbədə komandaların maliyyə durumunu nəzərdə tuturdu. Vəliyevin söylədiklərinə əsasən bu gün 3 zonada mübarizə aparan 27 komandanın hər biri təftişdən keçəndən sonra qarşısında “yaşıl işıq” görüb. Belə olan halda ortaya sual çıxır: Region Liqasının təşkilatçılığına cavabdehlik daşıyan şəxslər komandaları neçə yoxlamadan keçiriblər ki, cəmi 3 turdan sonra “Şəki” maliyyə problemi səbəbindən çempionatdan geri çəkiləcəyi ilə bağlı bəyanat yayır?
Bu suala cavab tapmaq üçün Yusif Vəliyevlə əlaqə saxladıq. İşçi qrupunun üzvü olaya belə reaksiya verdi: “Açığı, “Şəki” tərəfindən bizə çempionatdan imtina etmələri ilə bağlı rəsmi bildiriş gəlməyib. Sosial şəbəkədə məlum bəyanatla tanış olduqdan sonra onlarla əlaqə saxladım. Bildirdilər ki, Region Liqasında çıxışlarını davam etdirəcəklər. Bəyanata gəlincə, bu, komanda daxilində yaşanan fikir ayrılığının nəticəsidi. “Şəki”nin bəzi oyunçuları Qaxda yaşanan xoşagəlməz dava-dalaşdan sonra “isti baş” ilə bəyanat yaymağı qərara alıblar. Ancaq sonradan bütün kollektiv bir araya gələrək, müzakirələr aparıblar. Və sonda bəyanatın yersiz olduğu qənaətinə gəliblər. Komandadan onu da mənə bildirdilər ki, bu gün daha bir bəyanat yayıb, Region Liqasında çıxışlarını davam etdirəcəklərini ictimaiyyətə açıqlayacaqlar. Bu gün “Şəki”nin liqada çıxış etməməsi üçün heç bir səbəb yoxdu. AFFA tərəfindən forma, top və inventarla təmin olunublar. Səfərlərə yollanmaq üçün də lazımi vəsait ayrılır”.
RƏŞAD