Cavad Şərifli: “Növbəti turdan yenidən komandanın yanında olacağıq”
“Qəbələ”nin bir nömrəli azarkeş qrupu olan “Red Black Army”ni hər zaman sevimli komandalarının yanında görməyə alışmışıq. İstər arvokubok matçlarında olsun, istərsə də ölkə çempionatı çərçivəsində keçirilən ev və səfər oyunlarında. Lakin “qırmızı-qaralar”ın iştirakı ilə baş tutan son iki qarşılaşmada adı çəkilən qrupun üzvlərinə və bannerlərə rast gəlmirik.
7-ci turu hardasa başa düşmək olardı. Bölgə təmsilçisi “Zirə” ilə paytxatda oynayırdı və ola bilsin, hansısa səbəblər üzündən Bakıya gəlmək mümkün olmamışdı. Üstəgəl, Sənan Qurbanovun yetirmələri bundan bir tur əvvəl evdə “Keşlə”nin müqavimətini qıra bilməmişdi (1:1). Bu məqamın da rolu ola bilərdi.
Amma “Neftçi”ylə olduqca prinsipial əhəmiyyət daşıyan matçda “Qəbələ”ləli futbolçuların “Red Black Army”nin dəstəyindən məhrum olduğunu görəndə, məsələyə aydınlıq gəldi. Ya qrupun üzvləri komandanı boykot edib, ya da fanklub dağılıb. “Red Black Army”nin rəhbəri Cavad Şərifli ilə əlaqə saxlayanda səbəb üzə çıxdı: “Keşlə” ilə heç-heçədən sonra komandanı boykot etmişdik. Həmin vaxt bununla bağlı rəsmi “feysbuk” səhifəmizdə bəyanat da yaymışdıq. “Neftçi”ylə oyunda komanda xoş təsir bağışladı və lazım olan qələbəni qazandı. Növbəti turdan yenidən komandanın yanında olacağıq”.
Maraq üçün bəyanatı diqqətinizə çatdıraq: “Red Black Army” azad azarkeş qrupu olaraq bəyanat yayırıq ki, komandamızın oyunundan və daxili problemlərindən narazı olduğumuz üçün “Qəbələ”nin matçlarını boykot etməkdə davam edəcəyik. Ən azı layiqli pillələrdə yer tutana qədər. Onu da diqqətə çatdırırıq ki, oktyabrın 3-də 19 yaşlıların Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qəbələ” – “Şerif” oyununda akademiyamızın yetirmələrinə dəstək olacağıq. Mərhələni birlikdə adlayacağıq. Qırmızı-qara formanı şərəflə daşıyan hər bir futbolçunun dayağı olacağıq”.
HƏBİB