Biganəlik qurbanı olan, “yola verilən” liqalar...
AFFA-nın bayrağı altında keçirilən U-13 liqasının Şimal regionunda yaşanan biabırçılıq barədə ötən saylarımızın birində xəbər vermişdik. Qısaca xatırladaq ki, ötən həftənin şənbə günü Sumqayıtda keçirilən “UGİM-1” (Sumqayıt) – “Laçın” (Pirəküşkül) matçının gedişində qonaqların baş məşqçisi meydana çıxaraq, qarşılaşmanın hakimini kəllə ilə vuraraq burnunu sındırıb. Məsələ ilə bağlı AFFA-da Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin fikirlərini öyrənmişdik. Yusif bəy qəzetimizə açıqlamasında İntizam Komitəsinə (İK) olayla bağlı xəbər verdiklərini, “Laçın”ın baş məşqçisinin cəzalanacağını bildirmişdi.
Çərşənbə axşamı İK-nın növbəti iclası keçirilib. Toplantıda digər oyunlarda başverənlərlə yanaşı, sözügedən qarşılaşmada yaşananlar da müzakirəyə çıxarılıb. Və qərara alınıb ki, Pirəküşkül komandasının çalışdırıcısı Məhəbbət Rəhimov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılsın.
Aşağı yaş qrupları arasında keçirilən çempionatlarda problem yalnız bununla birmir. Yusif Vəliyevin təşkil etdiyi yarışlarda o qədər çatışmazlıqlar var ki, onları bir-bir yada salıb qeydlər aparsaq, bir qəzet səhifəsi yetməz.
Elə götürək dünən readksiyamıza göndərilən videoçəkilişdən. Övladı U-11 liqasında çıxış edən komandalardan birinin şərəfini qoruyan valideyn Şimal regionunun Sumqayıtda keçirilən maçlarında istifadə olunan qapıların bərbad durumunu telefonun yaddaşına köçürüb. Çəkilişdən də görünür ki, qapının torları biabırçı durumdadı və ən azı yüz yerdən sökülüb. Torun müəyyən hissələri yamansa da, böyük hissəsi cırıqdı. Sanki uzun illər istifadə olunduqdan sonra dəniz sahilinə atılmış balıqçı torudu. Görəsən, çempionatın təşkilinə cavabdehlik daşıyan şöbə yarışlar ərəfəsində meydanları təftiş edib? Edibsə, Yusif bəyin əməkdaşları necə olub ki, belə biabırçı duruma göz yumublar? Ataların yaxşı bir sözü var: ziyanın yarısından qayıtmaq da xeyirdi. Nə qədər ki, cırıq torlara görə stadionlarda dava-dalaş düşməyib çatışmazlığı aradan qaldırmaq lazımdı. Əks halda qapı xəttini keçən, ancaq torun cırıq olması səbəbindən hakimin gözündən yayınan qola görə kimlərinsə qanı axıdılacaq. Sonra deməyin ki, demədilər.
Məsələ ilə bağlı Yusif Vəliyevlə danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı.
RƏŞAD