
Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır
"Hakim bizi iki penaltidən məhrum etdi"
"Neftçi” növbəti turda "Qəbələ" ilə qarşılaşacaq. "Ağ-qaralar"ın yarımmüdafiəçisi Emin Mahmudov klubun rəsmi saytına müsahibəsində həmin oyun haqda fikirlərini dilə gətirib.
- Millinin düşərgəsindən qayıdandan sonra özünü necə hiss edirsən?
- Bir az diskomfort hiss edirəm. Amma bu, "Qəbələ”yə qarşı oynamağıma heç bir problem yaratmamalıdı.
- "Qəbələ” ilə oyuna hazırlıq necə keçir?
- Hər şey yaxşıdı. Bizim üçün hər qarşılaşma vacibdi. Bunu hamımız anlayırıq.
- İlk dövrəni zirvədə başa vurduq, amma indi qarşıda daha çətin hədəf var – liderliyi qoruyub saxlamaq. Buna nə qədər hazırsız?
- Hər oyuna ciddi hazırlaşmaq, hər rəqibi düzgün qiymətləndirmək və məşqçinin tapşırıqlarını yerinə yetirmək lazımdı. Onda hər şey istədiyimiz kimi olacaq. Daha çox çalışmalıyıq, üzərimizdə işləməliyik. Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.
- Səncə, "Qəbələ”nin turnir cədvəlindəki mövqeyi bu komandanın əsl gücünü əks etdirir?
- Əsla. "Qəbələ” çox yaxşı komandadı. Çətin vaxtlar hamıda olur. Təhlükəli rəqibdi. Yaxşı futbolçuları var. Buna baxmayaraq, biz öz oyunumuzu oynayıb, lazım olan nəticəni əldə etməliyik.
- Ötən mövsüm "Qəbələ” ilə 6 dəfə qarşılaşmışdıq. Bu oyunlardan hansı daha çox yadında qalıb?
- Bu rəqib üzərində qələbələrimiz olsa da, daha çox 2:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmanı xatırlayıram. Həmin matçda "Neftçi”nin heyətində ilk qolumu vurmuşdum. Üstəlik, hakim bizi iki penaltidən məhrum etmişdi ki, həmin epizodlardan birində mənə qarşı qayda pozulmuşdu. Təbii ki, hesabda geridə olmağımıza rəğmən, 2:1 hesabı ilə qalib gəldiyimiz oyun da yadımdadı. Ümumiyyətlə, "Qəbələ” ilə hər görüşümüz maraqlı alınır. Ümid edirəm, şənbə gününə planlaşdırılan qarşılaşma da istisna olmayacaq.