Yığma işini çətinə saldı
Yığma Farer adalarından yüksək əhval-ruhiyyədə dönmüşdü. Bu ölkənin yığması ilə görüşdə 3 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası azarkeşləri xeyli ümidləndirmişdi. Odu ki, hər kəs Malta ilə qarşılaşmada da millidən qələbə gözləyirdi. Əslində komanda 3 xala layiq idi: sərgilədiyi oyun, yaratdığı qol vəziyyətləri ilə. Ancaq doğma azarkeşlər önündə qalib gəlmək mümkün olmadı. İlk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdıran milli ardıcıl həmlələrlə “indi hesab açılacaq” fikrini formalaşdırmışdı. Belə də oldu, ancaq fərqlənən tərəf maltalılar idi. İkinci yarının əvvəlində “status-kvo”nu bərpa etsək də, bundan artığına gücümüz çatmadı. Hərçənd Qurbanovun yetirmələri bir neçə dəfə qələbə qolunu vurmağa yaxın oldu. Təəssüf ki, ümumilikdə 20, “çərçivə”yə endirilən 8 zərbənin qarşılığında 1 xalla kifayətlənmək məcburiyyətində qaldıq. Təbii, bu oyun statistikanın xüsusən futbolda hər şey olmadığını bir daha təsdiqlədi. Öncə oyunla bağlı bəzi məqamlara toxunacağıq, daha sonra Millətlər Liqasındakı durumu gözdən keçirəcəyik.
Nə çatmadı?
Turnirdəki ilk oyunla müqayisədə həm Farer adaları, həm də Malta ilə oyunda yığmadakı istək daha çox idi. Ən azı Mahir Mədətovun Torshavnda, Pavel Paşayevin Bakıda sözün həqiqi mənasında qanının tökülməsi belə deməyə əsas verir. Baxmayaraq ki, Farer adaları bizdən daha yaxşı oynamışdı, həmin oyunda da komanda əzmkarlıq, mübarizə əzmi ortaya qoymuşdu. Halbuki ilk iki matçda yığma həvəssiz və istəksiz görünməklə hər kəsin əsəbləri ilə oynamışdı. Son oyun isə millinin bəlkə də tarixində ən çox qol vəziyyəti yaratdığı matç idi. Oyun şəkli var idi, düşünülmüş hücumlar qurulurdu. Ancaq hazırda elə yarışda mübarizə aparırıq ki, bizə gözəl oyundansa, nəticə daha vacibdi. Çoxlu qol vəziyyətlərinin dəyərləndirilməməsi fonunda “2 xal itirdik” demək daha doğru olar. “Qələbə üçün nə çatmadı” sualının cavabında bəxtsizliyi, ustalıq səviyyəsinin aşağı olmasını və futbolçuların son anda soyuqqanlı davranmamasını qeyd edə bilərik. Bəxtsizlikdən danışırıqsa, tir və dirəyin iki dəfə rəqibin köməyinə çatdığını qeyd edə bilərik. Ustalıq səviyyəsi isə lazımi anda doğru qərarın verilməsi və onun düzgün icrası deməkdi. Tutaq ki, Mədətov qapıçı ilə üzbəüz qalır, zərbə vurmaq və ya ötürmə etməklə bağlı qərar verə bilmir, topu bir ayağından digərinə keçirərkən vaxt itirir və nəticədə şans əldən çıxır. Soyuqqanlılıq isə daha çox büruzə verdi. Riçard Almeyda ötən oyunda oxşar vəziyyətdə toru silkələmişdi. Ancaq bu dəfə eyni zərbəni endirə bilmədi. Artıq orda ustalıq səviyyəsinin yüksək olması həlledici deyildi. Həmin an soyuqqanlı şəkildə “mərmi”ni hədəfə sancmaq lazım idi, vəssalam. Rüfət Dadaşovun biraddımlıqdan “çərçivə”yə düşə bilməməsi, Maksim Medvedevin son dəqiqələrdə fürsəti qaçırması da dediyimiz məqama aiddi.
Şansı əldən verdik, qalır son ümid
Yığma daha bir fürsəti əldən verdi. Söhbət turnir cədvəlində Kosovonu yaxalamaqdan gedir. Farer adaları “doğma divarlar” arasında kosovolulara məğlub olmadı. Bu isə yığma üçün əla şans idi. Maltanı məğlub et, Kosovo ilə xalını bərabərləşdir, vəziyyət dəyişsin, əsas rəqibin təzyiq altına düşsün. Bir top fərqi ilə qalib gəlsəydik, Kosovo ilə bütün göstəricilər bərabərləşəcəkdi. Düzdü, növbəti turdakı matçların da nəticəsi önəmlidi. Ancaq hər iki komandanın sonuncudan əvvəlki oyununda əlindən gələni edəcəyi şübhə doğurmur. Deyək ki, həm yığma, həm də Kosovo növbəti tur qələbə qazansaydı, Qurbanovun komandasını Priştina səfərində 1 xal da qane edə bilərdi. Belədə həmin dueldə bizimkilər daha arxayın oynayacaqdı, rəqib üstümüzə gələcəkdi, biz isə əks-hücum imkanları yaxalayacaqdıq. Bu baxımdan Qurbanovun yetirmələri işini çətinə saldı. Təəssüf ki, fürsəti dəyərləndirə bilmədik. 5-ci turda Kosovonun Maltadan 3 xalla dönəcəyinə şübhə etməyə dəyməz. Doğrudu, hazırda nəticələrlə bağlı konkret fikir yürütmək olmur. Xüsusən aşağı-yuxarı eyni gücdə olan komandaların qarşılaşması belə deməyə əsas verir. Nəzərə alaq ki, Malta ilə görüşdə yığmamız, Farer adaları ilə dueldə isə kosovolular aşkar favorit idi. Ancaq nə biz, nə də qrupdakı əsas rəqibimiz qələbə qazana bildi. Bu isə o deməkdi ki, yığmanın qarşısında duran əsas hədəf hər iki oyunda qələbə qazanmaqdı. Bunun o qədər də asan olmayacağını qeyd etməliyik. Lakin AÇ-nin final mərhələsinə iddia ediriksə, məhz son iki matçda əldə olunacaq nəticə ilə də onu təsdiqləməliyik. Doğrudu, Malta Kosovodan xal alarsa, biz qələbə qazanmaqla turnir cədvəlində üstünlük əldə emtiş olacağıq. Amma yuxarıda da qeyd etdiyimiz kimi, bu, bir qədər sürpriz olar. Yeri gəlmişkən, Maltanın artıq qrupdan çıxmayacağı dəqiqləşib. Farer isə şansını saxlayır. Adalılar növbəti iki oyunda qələbə qazanmağı hədəfləməklə yanaşı, Kosovonun qalan görüşlərdən heç birində 3 xalı hesabına yazmasını arzulamır. Razılaşaq ki, onların qrupu 1-ci yerdə bitirmək perspektivi azdı. Bununla belə, sona qədər şanslarını qorumağa çalışacaqlar. Özü də bu cür komandalar üçün hər qələbə, turnir cədvəlində bir üst pillə xüsusi önəm daşıyır. Ona görə turnirdəki şansından asılı olmayaraq, sona qədər vuruşacaqları birmənalıdı. Bu üzdən yığma da bütün gücünü ortaya qoyub, hər iki oyunda qələbə qazanmalıdı. Belə fürsətin bir də nə vaxt ələ düşəcəyini isə təxmin etmək çətindi.
FARİZ