“İnadkar və şanslı Malta növbəti xalını Bakıda qazandı”
Farer adaları üzərindəki inamlı qələbədən sonra yığmanın Bakıda Maltanı məğlub edəcəyinə şübhə ilə yanaşmaq olmurdu. “Doğma divarlar” amili, üstəgəl, səfər qarşılaşmasındakı 3 xalın yaratdığı psixoloji yüksəliş. Lakin qələbə qazanmaq bu dəfə də mümkün olmadı.
Oyunboyu rəqibdən bir baş üstün futbol nümayiş etdirən, qol vəziyyətlərini sağa-sola xərcləyən, tiri, dirəyi nişan alan milli üzvləri azarkeşləri üzməklə yanaşı, qrupdakı vəziyyətini xeyli yaxşılaşdırmaq şansını da əldən verdi. Halbuki mümkün qələbə Kosovo ilə xalların bərabərləşməsinə (8) şərait yaradacaqdı. Nəzər saldığımız Malta saytlarında da həmkarlarımız bu və başqa məqamlara toxunub.
maltasport.com: “Malta yığması Millətlər Liqasında növbəti matçına çıxaraq növbəti xalını qazandı. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada hesabı Rey Farruciyanın yetirmələri açdı. 37-ci dəqiqədə Rouen Muskat Xuan Korbalanın ötürməsini qola çevirməyi bacardı. Təmsilçimizin sevinci çox sürmədi. Fasilədən 8 dəqiqə sonra Araz Abdullayev Mahir Mədətovun ötürməsini sağ ayaqla, əla zərbə ilə qapıdan keçirdi. 65-ci dəqiqədə bəxtimizin gətirdiyini söyləmək olar. İkinci hissədə oyuna qoşulan Təmkin Xəlilzadə topu qapı qarşısına havalandırdı, Rüfət Dadaşovun başla vuruşundan sonra dirək Endryu Hoqqun köməyinə çatdı. Millimizin cavabı 4 dəqiqə sonra gəldi. Bu dəfə Korbalan rəqib qapısının dirəyini nişan aldı. Meydan sahibləri 3 xal qazanmaq üçün hakimin final fitinə qədər səy göstərsə də, oyun başa çatanda tablodakı mənzərə belə idi – 1:1. Azərbaycan vacib qələbədən məhrum oldusa, Malta qrupdakı ikinci heç-heçəsini də bu komanda ilə oyunda qazandı. Növbəti turdakı rəqib qrupun lideri Kosovodu. Bu oyunla, bu istəklə doğma azarkeşlər önündə kosovoluları məğlub etmək olar”.
maltatoday.com.mt: “İnadkar və şanslı Malta növbəti xalını Bakıda qazandı. Lakin bu heç də asan başa gəlmədi. Məğlub olmamaq üçün bütün mümkün vasitələrə əl atan, ən vacibi böyük qüvvə ilə müdafiə olunmaqla istəyinə çatan təmsilçimiz qrupdan çıxmağa namizəd göstərilən rəqibdən 2 xal qoparmağı bacardı. Həm də səfər oyununda. Malta Bakıya Kosovoya uduzub getmişdisə, rəqib Farer adaları ilə çətin səfər oyunundan 3:0 hesablı inamlı qələbə ilə qayıtmışdı. Heç şübhəsiz, bizimkilərlə oyuna da 3 xal gözü ilə baxırdılar. Növbəti qələbə növbəti mərhələyə adlamaq şanslarını xeyli yaxşılaşdıracaqdı. Rey Farruciya start heyətində ötən oyunla müqayisədə üç dəyişikliyə əl atmışdı. Alfred Effyonq, Rayan Kamilyeri və Jozef Zerafanın “11-lik”də yer alması baş məşqçinin başqalarına dincəlmək imkanı yaratmaq istəyinə görə ola bilərdi. Oyuna olduqca sürətli və istəkli başlayan meydan sahibləri hesabı 19-cu dəqiqədə açmaqla azarkeşlərini ayağa qaldırdı. Lakin sevincləri uzun sürmədi. Çünki laysmanın bayrağı havada idi. Bundan bir neçə dəqiqə əvvəl Azərbaycanın əsas qol ümidi Dmitri Nazarovun cərimə zərbəsindən fərqlənmək istəyinə öncə Hoqq, ardınca tir mane oldu. Hissə başa çatmamış qol vuruldu. Amma sevinən meydan sahibləri yox, qonaqlar idi. Muskat yerli azarkeşləri susdura bildi. İkinci hissə başlayan kimi azərbaycanlılar bərabərlik qolunu vurdu. Araz Abdullayev topa zərbə endirəndə o qədər rahat davrandı ki, sanki meydanda özündən başqa heç kim yoxdu. Rəqib futbolçunun cərimə meydançasının daxilində o cür nəzarətsiz qalmasını anlamaq, sadəcə, mümkün deyildi. Oyunun son 20 dəqiqəsi meydan sahiblərinin üstünlüyü şəraitində keçsə də, 1:1 hesabı dəyişməz qaldı. Hakimin final fitindən sonra Qurban Qurbanovun yetirmələrinin məyusluğu başadüşülən idi. Axı onlar Kosovo ilə xallarını bərabərləşdirmək imkanını əldən vermişdilər. Maltalıların üzgünlüyünün isə öz səbəbi vardı. Qrupda birinci yeri tutmaq şansı əldən çıxmışdı”.
HƏBİB