Bir müddət öncə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri təyin edilən Frits Stuxlik FİFA referiləri, FİFA referi köməkçiləri və beynəlxalq dərəcəli hakim kimi namizədliyi irəli sürülməsi nəzərdə tutulan hakimlərdən fiziki hazırlıq üzrə test götürüb. Sportfm.az saytının yaydığı xəbərə görə, avstriyalı bu sahədə olan çatışmamazlıqları aradan qaldırmaqda davam edir. Belə ki, oktyabrın 5-də "Dalğa Arena"da baş tutan "Zirə" - "Qəbələ" matçının hakim-inspektoru olan Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov Stuxlik tərəfindən cəzalandırılıb. Buna səbəb Məmmədovun qarşılaşmanın protokolunda lazımi qeydləri etməməsidi. Sabiq sədrin adi oyun protokolunu doldura bilməməsi ona 2 aylıq cəzaya başa gəlib. Bu məsələlərə ciddi önəm verən Stuxlik onun hazırladığı protokola qırmızı (səhvdi) möhür vurub.
Məsələ ilə bağlı söhbətdə adı hallanan hər iki şəxsin fikrini öyrənmək istəsək də, xəbərin nə dərəcədə həqiqət olub-olmadığını dəqiqləşdirə bilmədik. Bazar günü olduğundan Stuxliklə danışmaq mümkün olmadısa, ənənəsinə sadiq qalan Məmmədov bu dəfə də zənglərimizi cavabsız qoydu.
HƏBİB