“Belə hakimlik olan yerdə VAR sisteminə də ehtiyac yoxdu”
Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – Malta matçını xorvatiyalı İvan Bebekin rəhbərlik etdiyi hakimlər briqadası idarə etdi. Ona laysmanlar Tomislav Petroviçlə Miro Qrqiç yardım etdilər. Qapı arxasında Mario Zebek və Qoran Pataki yer almışdısa, 4-cü hakim funksiyasını Qoran Qabrilo yerinə yetirdi.
Bu dəfə də hakim idarəçiliyini dəyərləndirmək üçün mütəxəssis rəyinə ehtiyac duyduq və bu məqsədlə 90 dəqiqənin tamamında Ceyhun Haşımovla əlaqə saxladıq.
Ceyhun bəy Bebek və köməkçiləri haqda bunları söylədi: “Hakimlər briqadası oyunu çox yüksək səviyyədə idarə etdi. İdarəçilik, metodiki, fiziki hazırlıq çox yüksək səviyyədə idi. Təyin etdiyi qayda pozuntuları, göstərdiyi vərəqələr yerində idi. Hakimin mövqe seçimi, epizodlara yaxın olması, işinə ciddi yanaşması qaydasında idi. Oyunu “oxuyur” və futbolçulara mane olmurdu. Köməkçilər və qapı arxasında duran əlavə hakimlər də çox fəal idi. Bir sözlə, belə hakimlik olan yerdə VAR sisteminə də ehtiyac yoxdu. Şəxsən mən çox razı qaldım”.
Ədalət naminə onu da deyək ki, hakimin meydan sahiblərinə müəyyən simpatiyası duyulurdu. O, qonaqları 4 dəfə sarı vərəqə ilə cəzalandırdığı halda, bizimkilərin xətrinə dəymədi. Halbuki Nazarovun, Almeydanın vərəqəlik kobudluğu var idi. Hər halda, cəza astanasında olan bu iki futbolçunun, eləcə də Medvedevlə Qarayevin vərəqəsiz ötüşməsi yaxşı məqamdı.
RƏŞAD