Qurban Qurbanov futbolçuları təriflədi, məsuliyyəti öz üzərinə götürdü
Yığmamızla 1:1 hesablı bərabərliyə qalan Maltanın baş məşqçisi Rey Farruciya mətbuat konfransında yetərincə şən idi. Amma həmkarımızın sonda verdiyi sual onun ovqatını təlx etdi və konfrans otağını əsəbi tərk etdi. 63 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:
- Yetirmələrim yaxşı oynadılar. Azərbaycan çox yaxşı komandadı. Rəqib meydanında həm qol vurduq, həm də xal qazandıq. Səfərdən gəlmişdik, bu da komandamın performansından daha çox razı qalmağımı şərtləndirdi.
- Kosovoya məğlubiyyətdən sonra xeyli tənqidə məruz qalmışdız. Bu gün isə reytinq cədvəlində daha yüksək pillədə qərarlaşan komandadan xal qopardız...
- Tənqid həyatın bir hissəsidi. Hər kəsin bizi tənqid etmək haqqı var. Bu cür fikirlər məni daha da gücləndirir. Xeyli sayda gənc futbolçunu heyətə cəlb etmişik və bu yolu davam etdirəcəyik.
- Gənclərin çıxışından razı qaldız?
- 10 ildən sonra fəlsəfəmizi dəyişmişik. Bugünkü oyundan çox razı qaldım. Nəzərə alsaq ki, Azərbaycan fantastik komandadı və yetirmələrim hücuma getməkdən çəkinmirdilər, nəticədən xeyli razıyam.
- Oyundan öncə də komandanıza inandığınızı bildirirdiz. Bu inam nədən qaynaqlanırdı?
- 12 illik təcrübəm var. Məni tanıyanlar bilir ki, heç vaxt təslim olmuram.
- Qrupdakı hər iki xalı Azərbaycandan aldız. Millimizin zəif nöqtəsi nədi ki, komandanızı məğlub edə bilmədik?
- Hər oyunun öz hekayəsi var. Azərbaycan çox yaxşı rəqibdi. Fikrimcə, ən yaxşı oyunumuzu Farer adalarına qarşı keçirmişik. Bugünkü oyunda komandamı sərgilədiyi əzmkarlığa görə təbrik etmək istəyirəm.
- Növbəti iki oyunu evdə keçirəcəksiz. Həmin matçlardan gözləntiləriniz nədi?
- Bizim üçün hər oyunçunun hazır olması lazımdı. Növbəti oyunları səbirsizliklə gözləyirik.
- Görüşü futbolçularınızın vaxt uzatması hesabına qazandığınızı qəbul edirsizmi?
- Bu, futbolun bir hissəsidi. Epizodların birində iki futbolçu baş-başa dəydi. Ümumilikdə isə futbolçularımdan razı qaldım.
Maraqlıdı ki, yığmamızın baş məşqçisi Qurban Qurbanov xal itkisinə rəğmən, o qədər də üzgün görünmürdü. Əksinə, hətta bildirdi ki, uduzsaydıq belə, yetirmələrimdən razı qalacaqdım. Öncə təcrübəli mütəxəssisim oyun haqda ümumi fikirlərini nəzərinizə çatdırırıq:
- İlk öncə futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, qalib gələ bilmədik, onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, belə oyundan razı qalacağdım.
- Qələbə üçün nə çatmadı?
- Qol vurmaq. Futbolçularda gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdu. Bütün epizodlarda düzgün oynayırdılar. Sadəcə, qol çatmadı.
- Farer adaları ilə oyunda meydana çıxan futbolçuların xidmətindən istifadə etdiz. Məlumdu ki, futbolçularımız üç gündən bir oynamağa fiziki cəhətdən çatdırmırlar...
- Oyundan əvvəl bir əvəzetmə düşünmüşdüm. Rahilin yerinə Təmkini meydana buraxmağı fikirləşmişdim. Sadəcə, iki gün əvvəl Xəlilzadadənin qızdırması 39 idi. Ancaq özünüz də gördüz ki, sürətli oyun göstərdik. Futbolçularımız bu rejimə öyrəşirlər.
- Oyunun sonlarına yaxın futbolçularda yorğunluq sezilirdi. Üçüncü dəyişikliyi niyə etmədiz?
- Əvvəlki konfranslarda da bildirmişdim ki, məni Farer adalarına gedəcəyimiz yox, qayıdacağımız yol narahat edir. Çünki 2-ci oyuna bərpa olunmaq üçün vaxt az qalacaqdı. Dəyişikliyə gəlincə, hesab edirəm ki, oyun rəqib meydanında gedirsə, əvəzetmə mənfi təsir göstərə bilərdi.
- Farruciya qeyd etdi ki, Azərbaycan fantastik komandadı. Bunu həqiqi mənada qəbul edirsiz, yoxsa burda sarkazm var?
- Məncə, bugünkü oyuna görə futbolçularımız barədə pozitiv fikir söyləmək olar.
- Kamran Ağayev həm Farer adalarında, həm də Maltayla görüşdə səhvlərlə diqqəti çəkdi. Kamran həqiqətənmi kapitanlığa layiqdi? Elə Mahir Mədətovun meydanda olmasının səbəbi də maraqlıdı...
- Biz təcrübəyə daha çox önəm veririk. Ağayev millinin ən çox oyun keçirən futbolçulardan biridi. Farerlə də, Malta ilə də bəzi səhvləri oldu. Bəli, Səlahətə etibar etmək olardı, lakin təcrübəyə güvəndik. Mahirə isə həddən artıq böyük basqı var. Ancaq Mədətov hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçulardan biridi. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərin basqısı bu qədər ona mənfi təsir edir. Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Uşaqlara güvənmək lazımdı. Bu futbolçuları qazanmaq vacibdi. İnanın mənə, hər biri həddən artıq məsuliyyətlidi. Bəlkə elə bu məsuliyyət son nöqtəni qoymağa mane olurdu. Bütün iradları üzərimə götürməyə hazıram.
- Qarşıdakı oyunlarda qalib gəlmək və qrup qalibi olmaq şansımız nə qədərdi?
- Mən bu komandaya inanıram. Bu gün desək ki, biz heç vaxt final mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdu. Yetirmələrimə inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun, ancaq görmək istədiyim xarakter komandada var. Oyundan-oyuna da daha yaxşı olacağıq. Qarşıdakı iki oyuna da qələbə üçün çıxacağıq.
- Matçın sonunda azarkeşlər millini fitə basdı.
- Mən eşitmədim. Bu baş veribsə belə, normal qarşılayıram. Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Bizi dəstəkləməyə gəlirlərsə, belə haqları var. Ancaq futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə basırdılar.
- Sosial şəbəkələrdə “Neftçi”nin futbolçularının millidə şans qazanmaması birmənalı qarşılanmır.
- “Neftçi”yə həmişə simpatiyam olub və olacaq. Peşəkar futbola da o komandada başlamışam. İnanmıram ki, “Neftçi” azarkeşləri belə bir fikir söyləyə. Milliyə cəlb etdiyim “Neftçi”nin futbolçuları premyer-liqada az şans qazanırlar. Namiq oynamır, Rəhman heyətə düşmürdü deyə, bu dəfə çağırmadım. Eminə ilk iki oyunda start heyətində yer vermişdim, Farerdə sonradan da olsa, meydana buraxdım. Heç vaxt ola bilməz ki, mən hansısa komandanın futbolçusunu kənara atım. Hər bir futbolçuya layiq olduğu qədər şans tanıyıram.
MİRAĞA