(10 ballıq şkala ilə)
Kamran Ağayev – 5,0
Farer adaları ilə səfər oyununda inamlı təsir bağışlamayan qolkiperin“doğma divarlar”arasında daha parlaq oyun sərgiləyəcəyi gözlənilsə də, millinin “bir nömrə”si bu dəfə də “öz qabında” deyildi. Matçın ilk dəqiqələrində Bədavinin geriyə ötürməsi zamanı riskli hərəkətə yol verən Kamran az qala kobud səhvlə yadda qalacaqdı. Maltanın fərqləndiyi epizoda gəlincə, düzdü, qapıçı ilk zərbəni geri qaytardı. Ancaq bunu daha yaxşı formada etmək olardı. Topu yenidən rəqib futbolçunun üstünə qaytaran Ağayev qonaqların fərqlənməsinə imkan yaratdı. Qolkiperin növbəti “quşu” 59-cu dəqiqəyə təsadüf etdi. Həmin an, sadəcə, rəqib futbolçu yaxaladığı fürsətdən yararlana bilmədi.
Pavel Paşayev – 5,5
Ukraynada top qovan yığma üzvü oyunun ən fəallarından biri idi desək, yanılmarıq. İlk hissədə müdafiənin sol cinahında çıxış edən Pavel fasilədən sonra əks cinaha üz tutdu. Hər iki cinahda oynayan müdafiəçi hücumlara dəstək verir, Araz Abdullayevlə yaxşı anlaşırdı. Onun qapı önünə asmaları da təhlükəli alınırdı.
Rahil Məmmədov – 5,0
Millidə ikinci rəsmi oyununa çıxan Rahil Farer adaları ilə görüşdən fərqli, bu dəfə o qədər də yaxşı təsir bağışlamadı. Kamilyerinin geri qayıdan topu Muskata ötürməsi zamanı müdafiəçi onu bağlamalı olsa da, bunun öhdəsindən gələ bilmədi və Muskat adını tabloya yazdırdı. Təsadüfi deyil ki, Qurban Qurbanov həyəcanlı görünən Məmmədovu fasilədən sonra əvəzləməyi lazım bildi.
Bədavi Hüseynov – 5,5
Müdafiənin əsas dirəklərindən olan müdafiəçi matçboyu bir neçə səhv ötürmə ilə yadda qalmasına baxmayaraq, heç də pis təsir bağışlamadı. Ucaboy olduğundan standart vəziyyətlərdə rəqibin cərimə meydançasında görünən Bədavi bir neçə dəfə hava mübarizəsindən qalib ayrılaraq komanda yoldaşlarına ötürmə verməyi də bacardı.
Maksim Medvedev – 5,5
İlk hissədə müdafiənin sağında, ikinci yarıda mərkəzində oynayan təcrübəli Medvedev ən yaxşı oyunlardan birini keçirməsə də, pis də təsir bağışlamadı. Tez-tez hücumlara dəstək verən Maksim 64-cü dəqiqədə əlverişli vəziyyətdə olan Nazarova dəqiq ötürmə verə biləsəydi, bəlkə də Dmitri topu tora qovuşduracaqdı.
Qara Qarayev – 5,0
Farer adaları ilə qarşılaşmada daha yaxşı təsir bağışlamışdı. İki dəfə millini real qoldan xilas edən dayaq yarımmüdafiəçisi “doğma divarlar” arasında keçirilən görüşdə matçın adamı ola bilmədi. Qarayev, sadəcə, üzərinə düşən işlə – dağıdıcılıqla yadda qaldı. Bir neçə dəfə zərbə mövqeyinə çıxsa da, məsuliyyəti üzərinə götürüb “çərçivə”ni nişan almağa ürək etmədi. 81-ci dəqiqədə müdafiəçinin iti bucaq altında başla zərbəsindən sonra top uzaq küncə yönəlsə də, qapıdan cüzi fərqlə aralı keçdi.
Riçard Almeyda – 5,5
Yığmanın “düşünən beyni” bu dəfə də öz ampluasında idi. Müdafiə ilə hücum arasında əlaqələndirici funksiyasını yerinə yetirən “dirijor” yenə meydanda ən fəallardan idi. İkili mübarizələrdən çəkinməyən, komanda yoldaşlarını daim topla təmin edən, ötürmələrdə demək olar ki, səhvə yol verməyən Riçard 59-cü dəqiqədə boş qapını dəqiq nişan almamaqla həm komanda yoldaşlarını, həm də azarkeşləri məyus etdi.
Mahir Mədətov – 5,0
Malta ilə oyunda yaxaladığı qol vəziyyətlərini bir də Allah bilir hansı oyunda əldə edəcək. Qurbanovun daim oynamaq şansı verdiyi futbolçu ilk belə fürsəti 4-cü dəqiqədə qazandı. Lakin Araz Abdullayev kimi, onun da yaxın məsafədən zərbəsi qolkiperin üstünə getdiyindən, Hoqq üçün onu zərələşdirmək çətin olmadı. 4 dəqiqə sonra rəqibin cərimə meydançasına daxil olan Mahir boş olan komanda yoldaşına ötürmə vermək əvəzinə, iki müdafiəçini keçmək fikrinə düşdü ki, bu işin də öhdəsindən gəlməyi bacarmadı. 30-cü dəqiqədə də şansını boşa verməklə yadda qaldı. Yaxşı ki, 53-cü dəqiqədə vinger Araza məhsuldar ötürmə verməyi bacardı. Bunu da edə bilməsəydi, heç şübhəsiz, oyunun antiqəhrəmanı olacaqdı.
Dmitri Nazarov – 5,5
Meydanda ən fəallardan biri idi. 5-ci dəqiqədə standart vəziyyətdən qapıya zərbə endirsə də, Maltanın qapıçısı ilə tir köməkləşib onun fərqlənməsinin qarşısını aldı. Ümumiyyətlə, Dmitri pleymeker kimi işinin öhdəsindən heç də pis gəlmədi. Onun hiyləgər ötürmələrindən sonra hər dəfə Maltanın qapısı önündə təhlükəli vəziyyətlər yaşanırdı.
Araz Abdullayev - 6,0
Yarmmüdafiəçi hələ optimal formasını yığmasa da, oyunun ən yaxşısı idi. İlk dəqiqələrdən fəal olan “7 nömrə” texnikası və ağıllı oyunu ilə daim rəqib müdafiəsini təzyiq altında saxlayır, oyunu üzərinə götürməkdən çəkinmirdi. Adını tabloya yazdırdığı anda isə soyuqqanlı davranışı ilə seçildi.
Rüfət Dadaşov – 5,5
Hücumun sivri ucunda yer alan futbolçu 90 dəqiqə ərzində çox qaçıb, çox mübarizə aparmaqla diqqəti cəlb etdi. Forvardın qol vurmaq üçün alışıb-yandığını tez-tez ofsayda düşməsindən də hiss etmək olardı. 66-cı dəqiqədə başla zərbəsi dirəyə tuş gəlməsəydi, Almaniyada top qovan forvard istəyinə çata bilərdi.
Təmkin Xəlilzadə - 5,0
Fasilədən sonra meydana çıxan “Qəbələ”nin futbolçusu oyuna heç də pis qoşulmadı. Müdafiənin solunda çıxış edən Təmkin tez-tez hücuma qoşulur, qapı önünə təhlükəli asma və ötürmələr edirdi. Ancaq 70-ci dəqiqədə yol verdiyi səhv az qala qapımızda qolla nəticələnəcəkdi. Sadəcə, Şembri onun bu “hədiyyə”sini lazımınca qiymətləndirə bilmədi və onun zərbəsindən top tirə tuş gəldi.
Cavid İmamverdiyev – qiymətsiz.
RƏŞAD