
“Keşlə” divizionun liderini darmadağın etdi
Oktyabrın 13-də daha bir premyer-liqa klubu sınaq matçı keçirib. “Keşlə” birinci divizion təmsilçisi MOİK-lə yoxlama oyununda qüvvəsini sınayıb. “ASK Arena”da baş tutan oyunda Mladen Milinkoviçin komandası divizionun liderinə 5:1 hesabı ilə qalib gəlib. “Keşlə”nin ilk “11-liy”ində Davud Kərimi, Denis Silva, Azər Salahlı, Tərlan Quliyev, Cabir Əmirli, Diallo Quydileye, Slavik Alxasov, Amil Yunanov, Georgios Georgiadis, Samir Məsimov və Conatan Ayite yer alıb. Bu mənada son transferlər Conatan və Quydileyenin qeyri-rəsmi də olsa, debüt etdiyini vurğulayaq. Xatırladaq ki, Toqo əsilli fransalı Ayite hücumçudu. 33 yaşlı futbolçunun sonuncu klubu Türkiyə “Samsunspor”u olub. O, Toqo yığmasında 24 oyun keçirib və 6 qol vurub. “Keşlə”nin daha əvvəl müqavilə bağladığı Diallo isə Mavritaniya yığmasının üzvüdü. O da ölkəmizə Türkiyə klubundan gəlib. 28 yaşlı dayaq yarımmüdafiəçisinin son klubu "Gənclərbirliyi” olub. Türkiyə klubu iyunda onunla anlaşmaya xitam verib. 2013-cü ildən Mavritaniya yığmasına dəvət alan Diallo ölkəsinin əsas komandasında 6 oyuna çıxıb. Bunun 4-ü bu yay Rusiyada keçirilən mundiala vəsiqə uğrunda seçmə oyundu.
Oyuna gəlincə, darmadağın yenilərin yox, “köhnə qvardiya”nın üzvlərinin əməyi ilə reallaşıb. Belə ki, Amil Yunanov dubla imza atıbsa, Azər Salahlı, Andre Klennon və Vaqif Cavadov hərəyə bir dəfə fərqlənib.
MİRAĞA