Sizin reklam burada

Olsen komandasının bəxtinin gətirmədiyini düşünür

Title
Olsen komandasının bəxtinin gətirmədiyini düşünür
Rüfət Dadaşov: “Kosovoya çatmağa gücümüz var”
Farer adaları – Azərbaycan matçından sonra hər iki düşərgədən maraqlı açıqlamalar eşidilməkdədi. Onların bəziləri ilə sizləri də tanış etmək istəyirik.
Rauf Əliyev (AFFA-nın 1-ci vitse-prezidenti): “Milli hamımızı sevindirdi. Çox narahat idik. Çünki bu matçın nəticəsi bir çox məsələləri həll edəcəkdi. Komandamız öz oyun üslubunu göstərdi və inamlı qələbə qazandı. Bu zəfər münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün Azərbaycanda idman inkişafdadı. Bu işin də başında cənab prezident dayanıb. Futbolun inkişafı bütün əhalimizi maraqlandırır. Ona görə də qrupdan çıxmağımız vacib məsələdi. Bu qələbədən sonra şansımız var. Futbolçularımız bu cür əzmkarlıq göstərsələr, qrupda birinci yeri tutarıq və sonrakı mübarizədən də qalib çıxa bilərik. Farer adalarına qalib gələ bilməsəydik, bu, bizə çətinlik yaradardı. Çünki qrupun lideri Kosovo qələbə qazandı. Hazırda 5 xalımız olsa da, evdə Malta və Farer adaları ilə matçlarımız var. Bu görüşlərdə və Kosovo ilə səfər oyununda qalib gəlsək, qrupdan çıxarıq”.
Dmitri Nazarov (yığma üzvü): “Çox çətin hava şəraiti vardı. Meydanın ot örtüyü süni idi. Biz belə meydanda oynamağa öyrəşməmişik. İlk dəqiqələrdən rəqib təzyiq göstərdi. Biz komanda şəklində çıxış edirdik. Öz şansımızı gözləyirdik. Onu da yaxşı dəyərləndirdik. Komandamız yaxşı oynadı. Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik. Biz qələbəyə daha layiq idik. Şadam ki, 3 xalı qazana bildik. Rüfətin yenidən milliyə qayıtmasına görə çox şadam. Məşqdə də bir-birimizi yaxşı başa düşdüyümüzü anladıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Ən vacibi odu ki, qələbə qazandıq. Hallur Hanssonla aramızda heç bir problem yoxdu. Bu futboldu, belə hallar olur. Sarı vərəqə alandan sonra Rüfət rəqib futbolçuya qarşı oynamağa başladı. Rəqibin qırmızı vərəqə almasını istəyirdik. Oyun gedə-gedə rəqibi zəiflətmək istədik. Futbol belə idman növüdü. Bu normal haldı. Malta ilə oyuna gəlincə, onlar da bizimlə eyni gündə meydana çıxıblar. Maltanı da uzun yolçuluq gözləyir. Biz buna öyrəşmişik. Əsas odu ki, növbəti görüşü doğma meydanda keçirəcəyik və qələbə qazanmaq istəyirik”.
Mahir Mədətov (yığma üzvü): ”Özünüz də oyunun bizim üçün nə qədər çətin keçdiyinin şahidi olduz. Meydanın süni örtüklü olması çıxışımıza təsir edirdi. Amma əvvəlcədən də hansı meydanda oynayacağımızı və bizi nələrin gözlədiyini bilirdik. Toparlanmağı bacardıq və baş məşqçimizin dediyi kimi kənarda səbəb axtarmamalıydıq. Döyüşməliydik və vətənə qələbəylə dönməliydik. Yenə təkrarlayıram, oyun çox ağır keçdi. Allaha şükür ki, qələbə qazanmağı bacardıq. Rəqib futbolçu ilə baş-başa toqquşduq, qaşım partladı. Ciddi bir şey yoxdu, həkim iki tikiş qoydu, oyunu davam etdirdim. Hər şey qaydasındadı. Farer adalarına gəldikdən sonra Qurban Qurbanov dincəlmək üçün bizə yetərincə vaxt verdi. Həmçinin oyunöncəsi məşqi gündüz saatlarına saldı ki, əlavə dincəlmək üçün də vaxtımız qalsın. Süni örtüklü meydan isə bizə həqiqətən çətinlik yaradırdı. Üstəlik, oyunun başlamasına az qalmış topları da dəyişdilər. Biz başqa toplarla hazırlaşmışdıq, lakin hava şəraitinə görə qırmızı toplar verdilər. Sizə nə deyim, hər şeyi özünüz gördüz. Çalışacağıq Malta ilə oyuna qədər bərpa olunaq. Maksimum dərəcədə yaxşı dincəlməliyik. Çətinliklərin hamısını unudub Maltayla matçda da azarkeşlərimizi sevindirməliyik. Baş məşqçimiz həmişə bizə qarşıdakı hədəfə çatmaq barədə düşünmək lazım olduğunu söyləyir. Başqa sözlə, indi yalnız Maltayla Bakıdakı qarşılaşma barədə düşünməliyik”.
Riçard Almeyda (yığma üzvü): “Çətin oyun oldu. Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Buna da nail olduq. Asan deyildi, buna baxmayaraq, oynadıq. Bütün komandanı 3 xal münasibətilə təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına həsr edirik. Səfər oyunlarında, sözsüz ki, həmişə üstünlük ev komandalarında olur. Biz də ilk 15 dəqiqədə bir az çətinlik çəkdik. Rəqibin start təziyiqinə tab gətirdik və sonradan öz oynumuzu göstərməyə başladıq. Top saxlamağa çalışırdıq, bu da alındı. Qollarımızı vurduq, rəqibə də qol şansı yaratmağa imkan vermədik. İki qol vurduğum üçün yox, bu qolların Azərbaycan futboluna kömək etməsinə görə şadam. Bilirsiz ki, neçə ildi bu ölkədəyəm, Azərbaycanı çox sevirəm. Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim. Malta ilə oyun çətin olacaq. Bizi Bakıya uzun və çətin yol gözləyir. Ora çatan kimi məşqləri bərpa edib, ciddi şəkildə və yüzfaizlik konsentrasiya ilə Maltayla matça hazırlaşacağıq”.
Rüfət Dadaşov (yığma üzvü): “Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Fikrimcə, bunun öhdəsindən uğurla gəldik. Önəmli deyil, qol vurdum, ya yox. Əsas qələbə qazanmaq və azərbaycanlı futbolsevərləri sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik. İkinci qolda dəqiq bilrdim ki, həmin mövqeyə Dmitri Nazarov “açılacaq”. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı biz peşəkarıq. Kosovoya çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".
Qara Qarayev (yığma üzvü): “Əvvəlki oyunlarda olduğu kimi, bu matça da yaxşı hazırlaşmışdıq. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırdıq. Bundan öncəki oyunlarda imkanlardan yararlana bilmirdik. Buna görə oyunlar bizim üçün ağırlaşırdı. Bu görüşdə hesabda önə çıxmağımız bizə əlavə motivasiya verdi. Həmin andan sonra qalibiyyəti əldən verməyəcəyimizi başa düşdük. Düşünürəm ki, yaxşı nəticə qazandıq. Bunu qoruyub saxlamaq lazımdı. Ən çətin dövr indi başlayır. Vaxtımız da azdı. Yenidən uzun bir yol qət edəcəyik. İnanıram ki, azarkeşlərin də dəstəyi ilə Maltayla matçda da yaxşı oyun sərgiləyəcəyik. Düşünmürəm ki, çıxartdığım toplara görə xüsusi təşəkkür alacam. Bu, işimdi. Komandama faydalı olacamsa, lazım gəlsə, boş qapıdan top çıxardacam. Lazım olsa, qapıda da dayanacam. Bu epizodlara görə xüsusi təşəkkürü fikirləşməmişdim. Borcumdu. Sevinirəm ki, bunun öhdəsindən gələ bildim. Malta ilə oyun ərəfəsində azarkeşlərə yalnız xoş sözlər deyə bilərik. Onlar həmişə bizi dəstəkləyiblər. Həmişə olduğu kimi millini dəstəkləsinlər. Necə ki, bunu edirlər. Bundan öncə tənqidlər də olub. Bu da normaldı. Hamısına təşəkkürümüzü bildiririk. Onların dəstəyi bizim üçün vacibdi”.
Lars Olsen (Farer adalarının baş məşqçisi): “İlk hissədə Azərbaycandan üstün oynadıq. Sadəcə, bəxtimiz gətirmədi. Qol vura bilmədik. Hesabı açsaydıq, oyunun axarı başqa cür olacaqdı. Rəqib fərqlənəndən sonra da qol imkanlarımız oldu, lakin “status-kvo”nu bərpa edə bilmədik. Şanssızlıq oldu, qol vurmadıq".
Qunnar Nilsen (Farer adalarının qolkiperi): “0:3 hesabı meydanda başverənləri əks etdirmir. Yaxaladımız qol imkanlarını reallaşdıra bilsəydik, 90 dəqiqədən sonra sevinən tərəf biz olardıq. Buna baxmayaraq, ən çətin anlarda belə komanda olaraq qalırıq. Az da olsa, qrup birincisi olmaq şansımız var. Sona qədər mübarizə aparacağıq”.
Atil Qreqersen (Farer adalarının kapitanı): “Bizim bəzi oyunçularımızda daimi oyun təcrübəsi yoxdu. Əvəzində Azərbaycan yığmasıınn bütün oyunçuları, demək olar ki, şərəfini qoruduqları klublarda daim meydana çıxırlar. Məğlubiyyətə baxmayaraq, mən nikbin əhval-ruhiyyədəyəm. Bizi qarşıda hələ 3 oyun gözləyir”.
RƏŞAD hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.