Sizin reklam burada

Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır

Title
Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır
“Orda elə şeylərlə qarşılaşdım ki, ondan sonra artıq heç nədən qorxmuram”
“Sumqayıt”ın forvardı Atilla Yıldırım Hollandiyanın “Voetbalzone” portalına açıqlama verib. Hollandiyalı həmkarımızın yazdıqlarına əsasən “kimyaçılar”ın forvardı “Qarabağ” - “Arsenal” qarşılaşmasını izləyərkən onunla telefonla danışıb: “Qarabağ”ın oyunçusu topu tora qovuşdursa da, ofsayd səbəbindən qol hesaba alınmadı. Biz “Qarabağ”la iki həftə öncə üz-üzə gəlmişdik. Həmin qarşılaşma çox qəribə alındı. Hakim bizim xeyrimizə olan 2-3 penaltini vermədi. Ümumiyyətlə, həmin görüşdə ədalət təmsilçiləri oyunu çox aşağı səviyyədə idarə etməklə yadda qaldılar. Futbolda belə haqsızlıqları görəndə, istər-istəməz öz-özünə “bu nədi” sualını verirsən. Ancaq Azərbaycanda hələ ki VAR sistemi yoxdu”.
Atilla həmçinin “Sumqayıt”a keçidi barədə məlumat verib: “Hazırkı klubumun heyətində ancaq azərbaycanlıların oynamasına icazə verilir. Lakin mənə müəyyən güzəşt olundu. Türkiyə və Azərbaycan çox sıx əlaqələrə malikdi. Demək olar ki, eyni millətdilər. Mənim soy-köküm Sivasdandı. Babamla nənəm ora Qarsdan köçüblər. Qarsın əhalisinin çoxu isə azərbaycanlılardı. Buna görə də klub prezidenti mənə “yəqin ki, sənin də əcdadlarının Azərbaycanla əlaqəsi var” deyib, müqavilə bağlamağı təklif etdi. “Sumqayıt”a təcili hücumçu lazım olduğundan keçidim qısa vaxtda həll olundu. Bununla yanaşı, onu da qeyd edim ki, “Utrext”də keçirdiyim iki oyunu nəzərə almasaq, mən heç vaxt yüksək səviyyədə futbol oynamamışdım. Artıq 27 yaşım var. Bolqarıstandan və Rumıniyadan təkliflər olsa da, ortada konkret heç nə yox idi. Elə həmin ərəfədə Azərbaycana yollanmaq variantı yarandı və mən də “niyə də yox” deyib, təklifi qəbul etdim”.
2010-cu ildə Yıldırım “Utrext”i tək edərək Türkiyəyə yollanıb. Orda “Kasımpaşa”, “Konyaspor”, “Bucaspor”, “Şanlıurfaspor”, “Elazığspor” kimi klubların şərəfini qoruduqdan sonra 2017-də yenidən Hollandiyaya dönüb və “Maastrixt”lə anlaşıb. Karyerasının Türkiyə dönəmini xatırlamaq istəməyən forvard qardaş ölkədə keçirdiyi 7 mövsümü itirilmiş illər kimi dəyərləndirib: “Türkiyədə yaşadıqlarım haqda kitab yazmaq olar. Orda elə şeylərlə qarşılaşdım ki, ondan sonra artıq heç nədən qorxmuram. “Sumqayıt”da isə qeyri-adi olayla üzləşməmişəm. Ancaq burda da elə klub prezidentləri var ki, icazəsiz istənilən an paltardəyişmə otağına girə bilər. Qarşıma bir məqsəd qoymuşam: necə olur-olsun, bir daha Türkiyəyə qayıtmamaq. İndi etdiyim seçimi bir neçə il öncə etməliydim. Yol verdiyim səhvlərə görə karyeramı istənilən kimi qura bilmədim ki, buna görə bəzən özümü qınayıram. Düzdü, hər şeyə sıfırdan başlayıb, uğur qazanmaq mümkündü. Ancaq etiraf edim ki, bu çox çətin olacaq”
RƏŞAD hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.