Nəhayət, Qurban Qurbanovun rəhbərlik etdiyi yığma Millətlər Liqasında ilk qələbəsini qazanmaqla hamını sevindirdi. Farer adaları ilə dünənki səfər qarşılaşmasını Aleksey Yeskovun rəhbərlik etdiyi, Rusiyadan olan hakimlər briqadası idarə etdi. Ona yan xətt hakimləri Dmitri Mosyakin və Anton Averyanov kömək edirdi. 4-cü hakim funksiyasını Valeri Dançenko yerinə yetiridisə, qapı arxasında əlavə köməkçi hakimlər Mixail Vilkovla Sergey Lapoçkin idi.
Adətən, böyük hesabla başa çatan matçlarda ədalət təmsilçilərinin meydandakı rolu o qədər də qabardılmır. Ancaq ənənəmizə sadiq qalaraq, Millətlər Liqasındakı ilk qələbədən sonra da hakimliyə diqqət ayırmağı, mütəxəssis fikri öyrənməyi lazım bildik. Öncə onu qeyd edək ki, ilk yarıda xüsusi yadda qalan, hakimin qərarını şübhə altına salan olay, qayda pozuntusu yaşanmadı. İstisna kimi yalnız 15-ci dəqiqədə meydan sahiblərindən Brandur Hendrikssonun meydanın mərkəzində topsuz vəziyyətdə Qara Qarayevə qarşı aşkar kobud oyununu göstərmək olar. Həmin an Farer adalarının futbolçusuna bəlkə də sarı vərəqə göstərmək olardı. Lakin rusiyalı referi nədənsə əlini cibinə salmağı lazım bilmədi. Əvəzində ikinci yarının əvvəlində Yeskov Dmitri Nazarova xəbərdarlıq etdi. Onun bu qərarını da düzgün saymaq mümkündü. Yığma üzvü sarı vərəqəlik qayda pozuntusuna yol vermişdi. Matçın sonuna yaxın isə hakim meydan sahiblərinin qapısına penalti verməklə yadda qaldı ki, buna görə də onu alqışlamaq olar. Rusiyalı ədalət təmsilçisi Ruslan Qurbanova qarşı kobudluğa göz yummadı və adalıları cəzalandırdı. Bütün bunlar bizim fikirlər idi. Bəs görəsən, azərbaycanlı hakimlərə dərs keçən Ceyhun Haşımov Yeskov və briqadasının idarəçiliyini necə qiymətləndirir?
Bu suala cavab tapmaq üçün oyun başa çatandan sonra Ceyhun bəylə əlaqə saxladıq: “İlk yarını hakimlər briqadası çox yaxşı idarə etdi. Əvvəlcə onu bildirim ki, rusiyalı ədalət təmsilçiləri bir-birini yaxşı başa düşür, komanda şəklində əla görünürdülər. Oyunboyu yağdığından meydan sürüşkən olsa da, futbolçular “sürüşmə” fəndindən az istifadə etdilər və bu da hakimlərin işini bir qədər asanlaşdırdı. Yeskov meydanda baş verən hadisələrə yaxın olduğundan qərarları da düzgün idi. Qaraya qarşı qayda pozuntusuna görə “sarı” vermək olardı. Ancaq bu rəqib futbolçunun ilk qayda pozuntusu idi deyə, ruiyalı hakim onu bağışladı. Mahirin zədə aldığı epizodda baş hakim rəqib oyunçunu onunla toqquşduğuna görə yox, bir neçə saniyə əvvəl yol verdiyi qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırdı”.
Haşımov fasilədən sonra yaşanalar haqda isə bunları vurğuladı: “48-ci dəqiqədə Nazarova göstərilən “sarı”da yerində verildi. Rusiyalı hakimKamranın topu əlinə götürdüyü epizodu da düzgün qiymətləndirdi. Rəqibin qapısına təyin edilən penalti də haqlı qərar idi. Ümumiyyətlə, hakimlər briqadası oyunu yüksək səviyyədə idarə etdi. Oyunboyu meydanda özünü yaxşı tərəfdən göstərən baş hakimin yüksək fiziki hazırlığına da qeyd etməliyəm. Epizodlara yaxın olur və düzgün qərarlar verirdi. Hansısa nəzərəçarpan nöqsan qeydə alınmadı. Fikrimcə, bu oyuna görə rusiyalı ədalət təmsilçilərinə yüksək qiymət veriləcək”.
RƏŞAD