Sizin reklam burada

Maltanın baş məşqçisi və qapıçısı nikbindi

Title
Maltanın baş məşqçisi və qapıçısı nikbindi
Farruciya: “Priştinadan Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq”
Dünən səfərdə Kosovo ilə qarşılaşan, oktyabrın 14-də isə yığmamızın qonağı olacaq Malta yığmasının baş məşqçisi Rey Farruciya maraqlı açıqlamalar verib. Mütəxəssis hər iki oyunun komandası üçün çətin keçəcəyini bildirib: “Bizi qarşıda iki çətin səfər oyunu gözləyir. Bu görüşləri səbirsizliklə gözləyirəm. Kosovo yığmasını yaxşı təhlil etmişik, iki matçda yaxşı oyun nümayiş etdirib. Güclü rəqibdi və ola bilər ki, qrupun qalibi olmağa əsas favoritdi. Ötən qarşılaşmalarda güclü müqavimətlə üzləşdik və bu mənada qarşıdakı görüşlərdə nəticə bizim üçün vacibdi. Bütün futbolçular maksimum güclərini qoysalar, bugünkü qarşılaşmada müsbət nəticə əldə bilərik. Kosovolulara qarşı 5-4-1 taktiki sxemi ilə çıxış edəcəyik. Azərbaycanla son matçımızla müqayisədə bəzi dəyişikliklər olacaq. Çünki heyətdə bir sıra itkilərimiz var. Yeni futbolçulara şans vermək istəyirəm. Çünki gənc futbolçular milli komandamızın gələcəyidi.
Priştinadan Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq. Komandam həmişə qələbə qazanmaq üçün oynayır. Kosovoya da qələbə üçün gəlmişik. Mən və köməkçilərim yığmanı dəyişdirməyə çalışırıq. Düzgün yolda olduğumuzu fikirləşirəm. Millətlər Liqası fərqli komandalara qarşı oynamağımıza imkan verir. Buna görə də bizim üçün çətin turnirlərdən biri olduğunu düşünürəm".
Malta millisinin qapıçısı Endryu Hoqq da qarşıdakı oyunlarla bağlı fikrini bölüşüb: “İntizamlı, kompakt olsaq və baş məşqçinin dediklərinə tam əməl etsək, qarşıdakı iki matçda yaxşı nəticə əldə edə bilərik. Fikrimcə, Kosovo bu qrupun ən güclü komandasıdı. Lakin biz onlardan çəkinmədən oynayacağıq. Meydana çıxıb sona qədər mübarizə aparacağıq. Bizi çətin oyunun gözlədiyini bilirik. Azərbaycan millisinə qarşı evdə keçirdiyimiz oyunda əldə etdiyimiz xal bizə iki çətin səfər oyunu ərəfəsində motivasiya verdi. Düşünürəm ki, hər iki görüşdə meydanda öz oyunumuzu göstərməliyik. Azərbaycana qarşı matçda yaxşı oynaya biləcəyimizi və topla da rahat davrandığımızı göstərdik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.