Sizin reklam burada

Qadın voleybolçularımız antirekordu təkrarladı

Müəllif: football Tarix: 12-10-2018, 21:38 844 Baxış
Qadın voleybolçularımız antirekordu təkrarladı
Kapitan da narazıdı, Faiq Qarayevin köməkçisi də...
Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam etsə də, bizimkilər üçün artıq mübarizə bitib. Daha doğrusu, Çinə uduzandan sonra növbəti mərhələyə adlamaq baxımından nəzəri şansını da itirən voleybolçularımızın dünən “qapını möhkəm çırpmaq” imkanı var idi. Özü də son oyunda münasib rəqib – Bolqarıstan ilə qarşılaşırdıq. Təəssüf ki, bu imkan da əldən verildi və yığmanın turniri 15-ci yerdə bitirəcəyi rəsmiləşdi. Oyun haqda danışmamış nəticəyə tarix və statistika işığında baxaq. Azərbaycanın qadın voleybolçuları ümumilikdə 4-cü dəfə DÇ-də mübarizə apardı və dörd il əvvəl İtaliyada olduğu kimi, yenə də 15-ci yeri tutdu. 1994-cü ildə yığma 9-cu, 2006-cı ildə isə 13-cü olmuşdu. Yığma 4 il əvvəl turnirdə dörd qələbə qazanmışdısa, bu dəfə cəmi iki qələbəyə sevindi. Həmçinin tarixdə 3-cü dəfə ikinci mərhələyə adlayan komandamız ilk dəfə bu mərhələdə bütün oyunlarda uduzdu. Bir sözlə, Yaponiya mundialını Azərbaycanın xanım voleybolçuları üçün uğurlu saymaq mümkün deyil.
Bolqarlarla oyuna gəlincə, Faiq Qarayev yenə də heyətlə bağlı eksperimentlərə əl atmışdı. Ardıcıl ikinci dəfə Kulana şans verməyən baş məşqçi Məmmədova – Rəhimova duetinin bolqarların müqavimətini qıracağına ümid edirdi. Ancaq onun ümidləri doğrulmadı və Natalya set ərzində 2, Polina isə 4 xal toplaya bildi. Belə səssizliyin məntiqi nəticəsi kimi komandamız ilk setdə 19:25 hesabıyla uduzdu. Bizimkilər 2-3-cü setlərin ayrı-ayrı anlarında başabaş mübarizə aparsa da, yenə bəsit səhvlər oyunun taleyini həll etdi. Təsəvvür edin ki, bolqarlar oyun ərzində rəqib səhvindən 20 xal qazanıb.
F qrupu
Bolqarıstan – Azərbaycan 3:0 (25:19, 25:20, 25:20)
Bolqarıstan: Miroslava Paskova - 13, Xristina Ruseva – 12, Nasya Dimitrova – 11, Qerqana Dimitrova – 8, Lora Kitipova – 7, Mariya Karakaşeva – 4; Jana Todorova (l).
Baş məşqçi: İvan Petkov.
Azərbaycan: Polina Rəhimova – 16, Odina Əliyeva - 7, Alyona Həsənova – 7, Natalya Məmmədova – 6, Kristina Yaqubova – 3, Aynur İmanova - 2; Yuliya Kərimova (l), Bəyaz Əliyeva (l), Yekaterina Səmədova – 5, Anastasiya Qurbanova - 2, Yana Əzimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Sumi Myoi (Yaponiya), Yuray Mokri (Slovakiya).
Toplanan xal: 75:59 (hücum – 35:34, blok – 10:9, servis – 10:5, rəqibin səhvi – 20:11).
11 oktyabr. Osaka. Municipial Central Gymnasium arenası. 160 tamaşaçı.
Oyun vaxtı: 1.18 (26+27+25).
Bu qrupda dünən keçirilən başqa oyunların nəticələri: Türkiyə – Tayland 3:1 (22:25, 25:20, 25:22, 25:20), İtaliya – ABŞ 3:1 (25:16, 25:23, 20:25, 25:26), Çin – Rusiya 3:1 (25:22, 21:25, 25:23, 25:15).
İtaliya – 27, Çin - 24, ABŞ – 19, Rusiya – 18, Türkiyə - 15, Bolqarıstan, Tayland – 11, Azərbaycan – 6.
E qrupu: Meksika - Puerto Riko 1:3 (17:25, 19:25, 25:18, 19:25 ), Almaniya – Dominika Respublikası 0:3 (12:25, 19:25, 17:25), Hollandiya – Serbiya 3:0 (25:16, 25:12, 25:20), Yaponiya – Braziliya 2:3 (25:23, 25:16, 26:28, 21:25, 11:15).
Hollandiya – 24, Yaponiya - 22, Serbiya – 21, Braziliya – 20, Dominika Respublikası – 16, Almaniya – 14, Puerto Riko – 9, Meksika – 3.
Beləliklə, DÇ-nin medalları uğrunda mübarizəni Hollandiya, Yaponiya, Serbiya, İtaliya, Çin və ABŞ davam etdirəcək.
Reaksiyalar
İvan Petkov (Bolqarıstan yığmasının baş məşqçisi): “Gənc oyunçularımız, onların inkişafı üçün bu həqiqətən də çox vacib turnir idi. Arxada qalan oyunlarda xeyli səhv gördük. Bununla belə oyunun təşkili baxımından çoxlu müsbət məqam da var. Bu qızlarla çalışmaq məndə böyük məmnunluq doğurdu. Onlara mövsüm ərzində klublarında uğurlar və sağlamlıq arzulayıram”.
Xristina Ruseva (Bolqarıstan yığmasının kapitanı): “Dünya çempionatını qələbə ilə bitirdiyimizə görə gerçəkdən çox sevinirəm. Dünən Taylandla çox ağır oyun keçirmişdik, onlar bizi yormuşdu. Yaxşı ki bu oyuna köklənə və qələbə qazana bildik”.
Odina Əliyeva (Azərbaycan yığmasının kapitanı): “Dünya çempionatı arxada qaldı. Bu heç də gözlədiyimiz nəticə deyil. Ancaq növbəti turnirlərdə daha yaxşı oynayacağımıza ümid edirəm. Əlbəttə, güclü hücumçularımız var. Ancaq bir çox oyunçumuz da hələ gəncdi və lazımi beynəlxalq oyun təcrübəsinə malik deyil. Onlar heç də böyük turnirlərdə oynamayıblar və bu üzdən 2-ci qrup mərhələsində çətinlik yaşadıq. Təcrübə toplayandan sonra daha yaxşı oynayacaqlar”.
Famil Ağayev (Azərbaycan yığmasının məşqçisi): “Təbii ki, dünya çempionatındakı nəticəmizdən razı deyilik. Bəlkə də daha çox oyunda qalib gələ bilərdik. Ancaq dünya çempionatı voleybolun sonu deyil, gələcəkdə keçirəcəyimiz oyunlara daha yaxşı hazırlaşmalıyıq”.
HUŞƏNG
SON XƏBƏRLƏR