Sizin reklam burada

Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı

Müəllif: football Tarix: 11-10-2018, 19:02 553 Baxış
Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı
Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı sona yaxınlaşır. Artıq bu gün ikinci qrup mərhələsinin son oyunları keçriləcək. Dünən isə yığmamız Türkiyə ilə qarşılaşmalı oldu. Əvvəlki oyunlarda İtaliya ilə Çinə uduzan Faiq Qarayevin yetirmələri qardaş ölkənin yığması ilə duelə xal ümidi kimi baxırdı. Maraqlıdı ki, bu dəfə Faiq bəy start heyətində həm Polina Rəhimovaya, həm də Natalya Məmmədovaya şans vermişdi. Və Natalya ümidləri doğruldaraq, 22 xal toplamağı bacardı. Polina isə yalnız 1-ci setdə qazandığı 3 xalla kifayətləndi. Anadolu türkləri ilk setdə ciddi müqavimətlə üzləşdi və yalnız sondakı etibarlı oyun sayəsində qələbəni bayram etməyi bacardı. İkinci set isə onların aşkar üstünlüyü şəraitində keçdi – 25:17. Amma yığmamız ruhdan düşmədi və 3-cü setə oyunun axarını dəyişməyi bacardı – 25:22. Gözləmək olardı ki, voleybolçularımız ruhlanaraq 2-ci qrup mərhələsində ilk qələbəsini qazanacaq. Təəssüf ki, belə olmadı və Natalyanın 6 xalı da köməyimizə çatmadı. Qarayev komandanın aparıcı oyunçularından sayılan Yana Kulana da bu dəfə dincəlmək imkanı yaratmışdı.
Yığma dünya çempionatındakı sonuncu oyununu bu gün Bolqarıstana qarşı keçirəcək. Yeri gəlmişkən, bolqarlar dünən heç kimin gəzləmədiyi halda Taylandı məğlub edə bildi. Həm qrupda sonuncu pillədən qurtulmaq, həm də turniri heç olmasa, 14-cü yerdə bitirmək baxımından bu oyunda qələbə komandamıza çox vacibdi.
F qrupu
Türkiyə – Azərbaycan 3:1 (26:24, 25:17, 22:25, 25:21)
Türkiyə: Məryəm Boz – 23, Meliha İsmayıloğlu – 13, Handə Baladın – 11, Əda Ərdəm – 11, Zəhra Günəş – 11, Cansu Özbay – 2; Simgə Aköz (l), Seyma Ərcan – 2, Əbrar Karakurt - 2, Aylin Sarıoğlu.
Baş məşqçi: Covanni Qidetti.
Azərbaycan: Natalya Məmmədova – 22, Odina Əliyeva - 10, Alyona Həsənova – 9, Kristina Yaqubova – 6, Polina Rəhimova – 3, Aynur İmanova - 1; Yuliya Kərimova (l), Yekaterina Səmədova – 9, Anastasiya Qurbanova - 3, Ayşən Abduləzimova – 3, Yana Əzimova, Şəfaqət Alışanova.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Yepaminondas Gerotodoros (Yunanıstan), Denni Fransisko Sespedes Lassi (Dominika Respublikası).
Toplanan xal: 98:87 (hücum – 53:48, blok – 14:11, servis – 8:7, rəqibin səhvi – 23:21).
10 oktyabr. Osaka. Municipial Central Gymnasium arenası. 200 tamaşaçı.
Oyun vaxtı: 1.46 (30+23+25+28).
Bu qrupda dünən keçirilən başqa oyunların nəticələri ilə də tanış olun: Bolqarıstan – Tayland 3:2 (25:18, 22:25, 18:25, 25:22, 19:17), İtaliya – Rusiya 3:1 (22:25, 25:20, 25:18, 25:22), Çin – ABŞ 3:0 (25:17, 26:24, 25:18).
İtaliya – 24, Çin - 21, ABŞ – 19, Rusiya – 18, Türkiyə - 12,
Tayland – 11, Bolqarıstan - 8, Azərbaycan – 6.
E qrupu: Meksika – Dominika Respublikası 0:3 (13:25, 18:25, 15:25), Hollandiya – Braziliya 2:3 (25:21, 18:25, 27:25, 19:25, 7:15), Almaniya – Puerto Riko 3:1 (25:23, 25:27, 29:27, 25:22 ), Yaponiya – Serbiya 3:1 (15:25, 25:23, 25:23, 25:23).
Serbiya, Yaponiya, Hollandiya – 21, Braziliya – 18, Almaniya – 14, Dominika Respublikası – 13, Puerto Riko – 6, Meksika – 3.
Xatırladaq ki, qruplarda ilk üç yeri tutan komandalar növbəti mərhələyə adlayacaq.
Reaksiyalar
Əda Ərdəm (Türkiyə yığmasının kapitanı): “Həqiqətən də Azərbaycan yığmasının yaxşı hücumçuları var. Bu gün onlar bizi çox işləməyə məcbur etdi. Hər xal uğrunda sona qədər mübarizə apardılar. Reytinq baxımından 3 xal qazanmaq çox vacib idi. Bunu bacardığımıza görə çox şadıq. Səbirsizliklə sabahkı növbət oyunu gəzləyirik”.
Covanni Qidetti (Türkiyə yığmasının baş məşqçisi): “Nəticəyə görə sevinsəm də, komandamın oyun üslubuna görə məyusam. Komandam çox böyük təzyiq altında oynayır və lazımi səviyyəni göstərmir. İstədiyimiz kimi oynaya bilmirik”.
Odina Əliyeva (Azərbaycan yığmasının kapitanı): “Bu gün qələbə qazanmaq istəsək də, hədsiz çox səhvə yol verdik. Sabah turnirdə son oyunumuzu keçirəcəyik və qələbə qazanacağımıza inanırıq”.
Famil Ağayev (Azərbaycan yığmasının məşqçisi): “Türkiyə bu gün çox yaxşı oynadı. Düşünürəm ki, 1-ci və 3-cü setdə biz də pis oynamadıq. Xüsusən də 3-cü setdə. Amma yenə də səhvlər bizə əngəl oldu. Sabahkı oyuna daha yaxşı hazırlaşmalıyıq. Axı bu turnirdəki son oyunumuzdu”.
HUŞƏNG
SON XƏBƏRLƏR