Konsul icra başçısı ilə söhbətdə maraqlı təklifdə bulunub
Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri iqtisadi, turizm, mədəni və başqa sahələrdə ən üst səviyyədədi. Bu əlaqələrin idman sahəsində də genişləndirilməsinin vacibliyi və əməli addımların atılması əsas vəzifələrdəndi. Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bu yöndə maraqlı təkliflə çıxış edib. O, Gəncə "Kəpəz” ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması fikrini irəli sürüb. Zəki Öztürk Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə bu haqda deyib. Baş konsul bildirib ki, bu, gənclər arasında olan dostluq və qardaşlıq əlaqələrinin inkişafına xidmət edə bilər.
Zəki Öztürk məsələ ilə bağlı klub saytına açıqlama verib: “İdman sahəsində gənclər arasında əlaqələrin genişləndirilməsi üçün Türkiyədən bir klubla “Kəpəz” arasında qardaşlıq matçının keçirilməsi bizi çox sevindirəcək. Bunun həyata keçməsi üçün çalışacağıq. Təbii ki, könlümüz böyük klublardan birinin bura gəlməsini istəyir (gülür). Amma indi alınarmı, bilmirəm. Bununla belə, ilk mərhələdə Gəncə təmsilçisi ilə Türkiyənin qardaşlaşmış şəhərlərindən birinin komandasının qarşılaşması daha uyğun olar. Bu istiqamətdə işlər görəcəyik”.
Qeyd edək ki, Gəncə Türkiyənin iki şəhəri - Bursa və Əskişəhər ilə qardaşlaşıb.
HƏBİB