Sizin reklam burada

“Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi

Title
“Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi
Səbuhi Səfiyarlı: “Yaxın vaxtlarda bu postda heç bir dəyişiklik nəzərdə tutulmayıb”
Premyer-liqanın ilk dövrəsində uğursuz çıxışla yadda qalan “Qəbələ” rəhbərliyinin əsaslı dəyişikliklərə hazırlaşdığını ötən saylarımızın birində xəbər vermişdik. Kluba yaxın mənbələrə istinadla islahatlar çərçivəsində ilkin olaraq baş məşqçi Sənan Qurbanovun postundan gedəcəyini, onunla yanaşı, bəzi təcrübəli yerli futbolçuların və mövsümlərarası fasilədə heyətə cəlb olunan legionerlərin bir neçəsi ilə yolların ayrılacağını yazmışdıq. Lakin komandanı Qəbələyə “sürgün edən” rəsmilər son anda fikirlərindən daşınaraq bu həftənin ilk günündə Sənan bəyin işini davam etdirməsinə qərar verdi. Bu haqda bilgini “qçırmızı-qaralar”ın mətbuat katibi Anar Hacıyevdən almışdıq.
Ancaq dünən yenidən mətbuatda “Qəbələ”nin baş məşqçisi postunda dəyişiklik olunacağı ilə bağlı xəbərlər yayıldı. Konkret futbol11.az saytı şimallıların yeni çalışdırıcı axtarışına çıxdığı haqda məlumat paylaşıb. Həmkarlarımızın yazdığına görə, "qırmızı-qaralar" tanınmış türkiyəli mütəxəssis Yüksəl Yeşilovayla təmasa girib. Hazırda Rumıniya "Astra"sının məşqçisi olan 50 yaşlı Yeşilova ölkəmizdə çalışmaqda maraqlıdı və ilkin razılığını verərək şimallıların rəsmilərindən cavab gözləyir. Yeşilova bildirib ki, Azərbaycanda Haci olayına görə ona sahib çıxdılar və bizim ölkədə heç düşünmədən sevə-sevə işləyər. Ancaq sonradan kluba yaxın bir menecer rəhbərliyə rus mütəxəssis gətirməklə bağlı təklif edib və hazırda bu ölkədən məşqçinin dəvət olunması yönündə axtarışlar gedir.
Yeşilovanın 16 illik məşqçilik karyerası vətəniylə yanaşı, daha çox Rumıniyaya bağlı olub. Makedoniyada da çalışmış mütəxəssis Rusiyada da iş təcrübəsinə malikdi. Belə ki, o, "Kuban"da və “Mordoviya”da “Qəbələ”nin sabiq baş məşqçisi Dorinel Muntyanunun köməkçisi olub. Türkiyəli məşqçi Saransk təmsilçisində “qırmızı-qaralar”ın daha bir sabiq çalışdırıcısı Yuri Syominin məşqçilər korpusunda yer alıb.
Yeşilova adını qeyd etdiyimiz portaldan olan həmkarımızla söhbətdə “Qəbələ”dən təklif aldığını təsdiqləyib: "Bəli, Azərbaycandan menecerlər mənimlə əlaqə saxlamışdı. Həmin şəxs "Qəbələ" rəsmisi deyildi və məndən Azərbaycana gəlib-gəlməyəcəyimi soruşdu. Mən də sevə-sevə Azərbaycanda işləyə biləcəyimi dedim. Azərbaycan bizim üçün ikinci Türkiyədi. Hər şeyə yaxın zamanlarda aydınlıq gələcək". Həmkarlarımız sonda onu da əlavə ediblər ki, bölgə təmsilçisinin rəsmiləri Yeşilovadan başqa hazırda daha iki mütəxəssislə danışıqlar aparır. Bunlardan biri rusiyalı, digəri isə rumıniyalıdı.
Mətbuatda yazılanlara aydınlıq gətirmək üçün “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy məsələyə belə reaksiya verdi: “Bəzi saytlarda yazılan xəbərlərlə mən də tanışam. Ancaq onların heç biri həqiqəti əks etdirmir. Bu gün üçün Sənan Qurbanov komandanın baş məşqçisidi və yaxın vaxtlarda bu postda heç bir dəyişiklik nəzərdə tutulmayıb. Heyətdən də heç kim kənarlaşdırılmayıb. Hazırda komanda yığmaya dəvət olunan oyunçuları çıxmaq şərti ilə bir yerdə Qəbələdə ikinci dövrəyə hazırlaşır”.
“Od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Böyük ehtimalla uğursuz nəticələrdən təngə gələn “Qəbələ” rəhbərliyi Sənan Qurbanovun əvəzinə yeni baş məşqçi axtarışına çıxıb. Və bu üzdən müxtəlif variantları nəzərdən keçirir. Səfiyarlı yazılanları təkzib etsə də, “Astra”da çalışan Yüksəl Yeşilova onunla əlaqə saxlanıldığını etiraf edib. Bu isə ondan xəbər verir ki, yaxın günlərdə də olmasa, uzağı qış fasiləsində “Qəbələ” yeni əcnəbi mütəxəssisə tapşırılacaq. Ola bilər ki, rəhbərlik heç qışa qədər gözləməsin.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.