Əsas yığma kimi, U-21 də təlim-məşq toplanışına başlayıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçlə qarşılaşacaq gənclərin hazırlaşmaq üçün daha çox vaxtı var. Elə heyət də nisbətən genişdi. Baş məşqçi Rəşad Sadıqov tsikldəki son oyun üçün düşərgəyə 24 futbolçu dəvət edib. Ötən toplanışla müqayisədə heyətdə bir neçə dəyişiklik diqqəti çəkir. Sadıqov “FSV Frankfurt”da top qovan Murad Mahmudovla Portuqaliya “Eştoril”ində çıxış edən Renat Dadaşovun xidmətinə ehtiyac duymayıb. Yeri gəlmişkən, Murad norveçlilərlə Bakıdakı görüşdə iştirak etməmişdi. İsraillə matçda da heyətə düşməyən 19 yaşlı yarımmüdafiəçi ya buna, ya da klub karyerasını daha vacib saydığına görə məşqçilər korpusuna yaxınlaşaraq, Almaniyaya dönmək istədiyini bildirmişdi. Əsas gətirmişdi ki, yeni kluba keçmişəm və məşqçim məni sentyabrın 8-dəki oyunda heyətdə görmək istəyir. Məsələ burasındadı ki, Murad həmin ərəfədə “Ayntraxt”dan ayrılmış və regional liqanın cənub-qərb bölgəsində çıxış edən “FSV Frankfurt”a keçmişdi. Belədə Rəşad Sadıqov fikri yeni klubunda olan yığma üzvünün önündə “yaşıl işıq yandırmışdı”. Ancaq görünür, gənc mütəxəssis onun xarakterini nəzərə alaraq bu dəfə, ümumiyyətlə, dəvət göndərməyib. Renat isə nə zədəlidi, nə də cəzalı. Son oyunlarda da özünü yaxşı tərəfdən göstərib.
Beləliklə, Norveçə bu heyət gedəcək: Kamran İbrahimov, Ömər Buludov, Anton Krivotsyuk, Elvin Sərkərov (hamısı “Neftçi”), Süleyman Süleymanov, Yusif Nəbiyev, Elvin Dəmirov, Süleyman Əhmədov (hamısı “Sumqayıt”), Amin Seydiyev, Bəhlul Mustafazadə, Qismət Alıyev (hamısı “Qəbələ”), İsmayıl İbrahimli, Hacıağa Hacılı, Rövlan Muradov (hamısı “Qarabağ”), Aydın Bayramov, Eltun Turabov (hər ikisi “Sabah”), İlkin Muradov, Budaq Nəsirov (hər ikisi “Zirə”), Sərtan Taşkın (Keşlə), Fəhmin Muradbəyli (Səbail), Ziya Əzizov (“Neymegen”, Hollandiya), Ozancan Kökcü (“Girəsunspor”, Türkiyə), Fərid Nəbiyev (“Slaviya”, Çexiya), Barış Əkinciər (“Bohum”, Almaniya).
MİRAĞA