Rüfət Dadaşov 4 illik fasilədən sonra yığmada
Yığmanın Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə evdə Malta ilə qarşılaşacağını bilirsiz. Baş məşqçi Qurban Qurbanov bu oyunlar üçün heyəti açıqlayıb. Təcrübəli mütəxəssis 23 futbolçuya ehtiyac duyub.
Əsas diqqəti çəkən məqam 4 illik fasilədən sonra milliyə qayıdan, ilk dəfə Qurbanovun siyahısına düşən Rüfət Dadaşovdu. Yadınızdadısa, bir müddət öncə Qurban bəyə Rüfətlə bağlı sual vermişdik. Hər halda, Almaniyanın 3-cü liqasında qolları sıralayan biri yığmaya da faydalı ola bilər. Özü də millidə əsas problem irəli xətlə bağlıdısa. Qurbanov forvardın oynadığı çempionatın onun yığma perspektivinə təsir etmədiyini, Dadaşovu nəzarətdə saxladığını demişdi. Görünür, baş məşqçi də Rüfətin milliyə xeyir verə biləcəyini düşünüb. Rüfətdən başqa Qurban bəy "Qarabağ"da rəhbərliyi altında oynayan Araz Abdullayevi də milliyə qaytarıb. Bundan öncəki siyahıdan isə 5 futbolçu kənarda qalıb. Qapıçı Emil Balayevi Səlahət Ağayev əvəzləyib. Əslində Səlahət öncəki toplanışa da çağırılmışdı, sadəcə, atasının vəfatı ilə bağlı sonradan heyətdən çıxarıldı və onu Şahruddin Məhəmmədəliyev əvəzlədi. Yeri gəlmişkən, Şahruddin yenə dəvət alanlar arasındadı. Coşqun Diniyev, Cavid Hüseynov, Rəhman Hacıyev və Rauf Əliyev isə bu dəfə siyahıdan kənarda qalıb. Maraqlıdı ki, əksəriyyət “Neftçi”dən Mirabdulla Abbasovun çağırılmasının tərəfdarı olsa da, Qurbanov hücumçuya ehtiyac görməyib.
Qeyd edək ki, “23-lük”də yer alanlardan 5-i ölkə xaricində çıxış edir: qapıçılar - Kamran Ağayev (Keşlə), Səlahət Ağayev (Neftçi), Şahruddin Məhəmmədəliyev (Qarabağ); müdafiəçilər - Maksim Medvedov, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (Neftçi), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (Sumqayıt), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna); yarımmüdafiəçilər - Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (Səbail), Cavid İmamverdiyev (Sabah), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Ertsgebirge”, Almaniya); hücumçular - Mahir Mədətov (Qarabağ), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (Səbail).
FARİZ