Dünən “Qarabağ” təkcə oyunu ilə diqqət mərkəzində deyildi. Günorta saatlarında İçərişəhərdəki “Sultan İnn” restorarına idman jurnalistlərini toplayan səbəb, daha doğrusu, səbəbkar var idi. İtaliyalı jurnalist-yazıçı Emanuele Culyanelli “Qarabağ” – Avropanı fəth edən şəhərsiz komanda” kitabını təqdim etməyə gəlmişdi. Həmkarımızın dediyinə görə, “Qarabağ” adına, bu komandanın oyunlarına marağı “Rusenborq” üzərindəki məlum zəfərdən sonra başlayıb. Emanuelə komanda ilə maraqlanınca Qarabağla bağlı tarixi həqiqətlərin də izinə düşüb, yaradıcılıq prosesində müxtəlif qaynaqlar üzərində çalışmalı, müxtəlif şəxslərlə, təbii ki, həm də Qurban Qurbanovla görüşməli olub.
Culyanellinin 9 aya yazdığı kitab doğma dilində nəşr olunsa da, hazırda ruscaya tərcüməsi üzərində iş gedir. Kitabda təkcə “Qarabağ”ın uğurları yox, həm də erməni zorakılığı haqda geniş bilgi yer aldığından, avropalı oxucular üçün əvəzsiz qaynaq rolunu oynayacaq. Yeri gəlmişkən, kitab nəşr olunana qədər ölkəmizin İtaliyadakı səfirliyindən də müsbət rəy alıb.
Təqdimat mərasiminin axarına gəlincə, AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla qonağı bizə, bizi də ona tanıtdı. İtalyan həmkarımız kitab haqda danışandan sonra isə yemək süfrəsi arxasında qarşılıqlı fikir mübadiləsi oldu.
MAHİR