“Qarabağ” – “Arsenal” oyunu İtaliyadan olan hakimlər briqadası üçün rahat alındı. Söhbət nəticədən, hesabın böyüklüyündən getmir. Sadəcə, komandaların oyun üslubu Davide Massanın işinə yaradı. Həm “Arsenal”, həm də “Qarabağ” xırda ötürmələrlə oynayır ki, belədə referinin sürətli reydlərinə, yerdəyişmələrinə ehtiyac duyulmadı. Bir-iki epizodu çıxmaq şərti ilə, italiyalı hakim matçı, demək olar, gəzə-gəzə idarə etdi. Əslində, o, ikili mübarizələrə müdaxilə etmədi, tempi öldürmədi, yersiz fitlərə ehtiyac duymadı. Cəmi iki dəfə əlini cibinə atdı ki, hər komandanın bir üzvünü sarı vərəqə ilə cəzalandırdı.
Sabiq hakimlərimizdən Ceyhun Haşımov Davide Massanın işini yüksək qiymətləndirdi: “Oyuna baxdım, italyan referi, demək olar, qaçmadı, özünə əziyyət vermədi. Təcrübəsi hesabına oyunu yola verdi. Demək olmaz ki, fiziki hazırlığı yerində deyildi. Əksinə, bu cəhətdən problemi yox idi. Sadəcə, oyun ondan çox qaçmağı tələb etmədi. O, toplu bölgələrə yaxın olurdu. Maksimin vərəqə aldığı epizodda “Arsenal”lı futbolçuya da “sarı” verə bilərdi, verməli idi. Çünki kobudluğa məruz qalan rəqib özü də aqressiv davrandı, Medvedevi itələyib yıxdı. Emeqaranın penalti tələb etdiyi epizodda həqiqətən qayda pozuntusu yox idi. Adi oyun epizodu idi. 43-cü dəqiqədə “Arsenal”ın futbolçusuna vərəqəni bir qədər gec göstərdi. Göründü ki, dördüncü hakimin təlimatına uyğun davrandı. Rəqib futbolçu yerə yıxılarkən əliylə topun qarşısını kəsdi. Ciddi qayda pozuntularının olmaması hakimin işini asanlaşdırdı. Belədə o, sakit, rahat və mane olmadan idarə etdi oyunu. Məncə, inspektor Massaya 8,4 yazacaq”.
MİRAĞA