Premyer-liqa klub sayının 12-dən 10-a, indi isə 8-ə qədər enməsi bir çox futbolçuların işini çətinə salıb. Bu azmış kimi, birinci divizionda da limit tətbiq olundu ki, əsas heyətdə yalnız 4 təcrübəli futbolçunun xidmətindən istifadə etmək mümkündü. Belədə uzun illərdi premyer-liqada görməyə alışdığımız neçə-neçə futbolçu klubsuz, başqa cür desək, işsiz qalıb.
Elita təmsilçiləri əsasən legionerlərə və əsasən millidə çıxış edən və namizəd göstərilən yerlilərə bel bağlayır. Ona görə də yaşı 30-u haqlamış təcrübəlilərin çoxu kənarda qalmaq məcburiyyətindədi. Birinci divizionda vəziyyət isə acınacaqlıdı. Əsasən əvəzedicilərdən ibarət olan liqada aylıq əməkhaqqı olduqca aşağıdı. Məsələn, vaxtilə onminlər, yüzminlər qazanan futbolçulardan hansısa birinin 500-800 manat qarşılığında top qovacağı inandırıcı deyildi. Futbolsuz qaldılar, amma həmin pula görə canlarını meydanda qoymağa razılıq vermədilər.
Hər iki çempionatın qızğın vaxtı olmasına baxmayaraq, xeyli sayda təcrübəli futbolçu kənarda qalıb. Premyer-liqadan təklif olmasa da, böyük əksəriyyəti futbol oynamaq istəyir. Maraqlıdı, onlar gələcəkləri haqda nə düşünür? Qışa qədər formada qalmaq üçün Region Liqasında, yaxud hansısa başqa yarışlarda iştirak etmək niyyətləri var?
Samir Zərgərov: “Karyeramı bitirmək qərarına gəldim. Premyer-liqadan dəvət olsaydı, oynayacaqdım. Birinci divizionda isə alınmır. Orda verilən maaşla nə ailə saxlamaq olur, nə dolanmaq. Cavanlar üçün sərfəli ola bilər, amma təcrübəlilərə sərf etmir. Baxdım ki, karyeramı başa vursam, yaxşıdı. Bir müddət şəxsi işlərimə və istirahətə vaxt ayıracam. Sonra görək nə olur. Yəqin ki, məşqçi kurslarına yazılaram”.
Aleksandr Şemonayev: “Zədəmi sağaltmışdım, futbol oynamaq istəyirdim. Fərdi məşqlər edir, uşaqlarla futbol oynayırdım ki, formada qalım. Amma premyer-liqadan təklif olmadı. Birinci divizionda oynamaq isə sərf etmir. Ona görə də futbolçu karyeramı bitirib başqa işlə məşğul olmaq qərarına gəldim. Gələcəkdə nə olacağını hələ bilmirəm”.
Tural Cəlilov: “Region Liqasında mübarizə aparan Qusar “Şahdağ”ına razılıq vermişəm. Qışa qədər futbolsuz qalmamaq üçün orda oynayacam. Sonrasına baxarıq. Baxıram ki, digər komandalarda da təcrübəlilər var. Məncə, budəfəki Region Liqası maraqlı olacaq. Açığı, premyer-liqadan təklif olmadı, birinci divizionda da oynamaq istəmədim. Elə maaş verirlər ki, həmin pula Bakıda yaşamağa dəymir. Özüm Xaçmazdanam, Qusara gedib-gəlmək mənə rahatdı. Həftədə iki dəfə məşq olacaq, bir dəfə də oyun. Qışa qədər gözləyəcəm, hansısa yenilik olmasa, çox güman, mən də karyeramı başa vuracam”.
Maraq üçün qeyd edək ki, vaxtilə premyer-liqa təmsilçilərinin heyətində görməyə alışdığımız Vüqar Nadirov, Ceyhun Cavadov, Kamran Abdullazadə ən azı qışa qədər Region Liqasında mübarizə aparacaq “Baku City”nin uğurları üçün tər tökəcək.
HƏBİB