Sizin reklam burada

İştah diş altındadı...

Müəllif: football Tarix: 3-10-2018, 22:13 802 Baxış
İştah diş altındadı...
...və ya voleybolçularımızın irəliləmək perspektivi varmı?
Voleybol üzrə dünya çempionatında dünən növbəti oyunlar keçirilib. Əvvəlcə nəticələrlə tanış olun.
A qrupu: Almaniya – Argentina 3:0 (25:21, 34:32, 25:18), Hollandiya – Kamerun 3:0 (25:16, 26:24, 25:18), Meksika – Yaponiya 0:3 (15:25, 15:25, 15:25).
D qrupu: Dominika Respublikası – Qazaxıstan 3:0 (25:22, 25:15, 25:19), Puerto Riko – Keniya 3:0 (25:20, 25:22, 25:15), Serbiya – Brazliya 3:0 (25:21, 25:18, 25:19).
Yaponiyada keçirilən dünya çempionatının statistikasına nəzər yetirərəkən bəzi məqamlar diqqəti cəlb edir. Təbii ki, meydan sahiblərinin oyunlarına azarkeş marağı daha böyükdü. Məsələn, Yaponiyanın Argentina ilə oyununu 8385, Hollandiya ilə oyununu 7800, Meksika ilə dünənki oyununu isə 7150 azarkeş izləyib. Bu baxımdan ən acınacaqlı durum yığmamızın da yer aldığı C qrupunda yaşanır. Rusiya – Tayland oyunu zamanı tribunalarda cəmi 260 azarkeş olub.
Sırf nəticələrdən söhbət gedirsə, yığmamızın turnir perspektivləri heç də qaranlıq görünmür. Əminliklə deyirəm ki, Faiq Qarayevin komandası dünya çempionlarına – ABŞ yığmasına qarşı ilk setdə sərgilədiyi oyunu daim göstərə bilsə, istənilən rəqibi yenməyə qadirdi. İndi həm komanda oyununda sürət artıb, həm də hücumu inkişaf etdirmək variantları daha rəngarəndi. Bununla belə, yığmanın oyununda şəxsən məni açmayan iki məqam var ki, məşqçilər korpusu bunun üzərində işləməlidi. İlk növbədə blokda zəif oyunu qeyd edərdim. İkinci məqam isə Azərbaycanın qadın voleybolçularının az qala bütün nəsillərinə xas olan psixoloji hazırlıq problemidi. Yəni komanda, qızlar istənilən uğursuzluq halında çox tez ruhdan düşür, artıq mübarizənin taleyinin həll olunduğunu düşünməyə başlayırlar.
Koreya üzərində inamlı qələbə faktiki yığmamızın növbəti mərhələyə adlamaq perspektivini aydınlatdı. Komandamız bu qrupda ən azı Trinidad və Tobaqodan da güclüdüsə, deməli, ilk 4 yerdən birini tutmağa qadirdi. Növbəti oyunların təqviminə gəlincə, voleybolçularımız bu gün səhər saatlarında Rusiya, oktyabrın 3-də Trinidad və Tobaqo, 4-də isə “bərk qoz” təsiri bağışlayan Tayland ilə qarşılaşacaq. Düz bir ay əvvəl – sentyabrın 1-də son Asiya Oyunlarının finalında Çinə uduzan taylar ruslara əməlli-başlı həyəcan yaşatsa (2:0 öndə olduqları oyunu əldən verdilər...) da, yığmamız bu rəqibin öhdəsindən gəlməyə qadirdi.
Bu yerdə dünya çempionatının reqlamentini də bir daha xatırlatmaq lazım gəlir. A, B, C və D qruplarında ilk dörd yeri tutan komandalar (cəmi 16) 2-ci qrup mərhələsində hərəsində 8 komanda olmaqla iki qrupda (E və F) yarışacaq. E qrupunda ilk mərhələdə A və D qruplarında ilk 4 yeri tutanlar, F qrupunda isə B və C qruplarında eyni nəticəni göstərənlər yer alacaq. Bu da o deməkdi ki, C qrupundan növbəti mərhələ adlayacaq yığmamız B qrupundan gələcək 4 komandaya (həmin qrupda İtaliya, Çin, Türkiyə, Bolqarıstan, Kanada və Kuba) rəqib olacaq. Maraq üçün B qrupunda indiki xal durumunu nəzərinizə çatdırıram: İtaliya, Çin – 6, Türkiyə, Bolqarıstan – 3, Kanada, Kuba – 0 xal. İkinci mərhələdə komandaların ilk mərhələdə öz aralarında keçirdiyi oyunların nəticələri də nəzərə alınacaq. Düzdü, idman proqnozları sevmir. Amma hadisələrin uğurlu axarı halında voleybolçularımız hətta son “6-lığ”a da qala bilər. Artıq zənn etdiyiniz kimi, 3-cü qrup mərhələsinə 8 komandalı qruplarda ilk üç yeri tutanlar adlayacaq.
Bir sözlə, irəlidə bizi hələ çox həyəcanlı oyunlar gözləyir. Voleybolçularımız ən azı 2-ci mərhələyə adlamağa qadirdi və layiqdi. Sonrası isə... Necə deyərlər, iştah diş altındadı!
HUŞƏNG
SON XƏBƏRLƏR