Səməd Qurbanov: “Futbolçu özünü elə aparmalıdı ki, söyüş yiyəsi olmasın”
Futbol emosiyalar oyunudu. Bəzən hisslərinə hakim ola bilmədən komanda yoldaşının, rəqibin, yaxud hakimin ünvanına xoşagəlməz sözlər işlədə, yaxud hansısa birinə əl qaldıra bilərsən. Yəni dünya futbolunda dəfələrlə rastlaşdığımız mənzərədi. Bəzən hisslərinə hakim ola bilmədən özündən çıxıraq kobudluğa əl atır, sonra peşman olursan. Lakin bütün bunlar meydanda olur və orda da qalır.
Bir də var futbolçu ilə azarkeşin mübahisəsi və ya “atışması”. Bu halla Avropada tez-tez rastlaşmasaq da, Azərbaycanda tez-tez üzləşirik. Əsas səbəb azarkeşlərin sayının azlığı və tribunaların meydana yaxın olmasıdı. Belədə söyüş, yaxud hansısa kobud ifadə aydın eşidilir ki, futbolçu buna reaksiya verməli olur. İllər öncə bu cür nümunələrlə çox rastlaşmışıq. Mahir Şükürov, Araz Abdullayev, Rahil Məmmədov, Elnur Allahverdiyev, Kamran Ağayev və başqaları dil-qol bacarığını azarkeşə göstərmək həvəsinə düşüb. Bazar günü keçirilən “Qəbələ” – “Keşlə” oyununda birdən-birə iki futbolçu “məharətini” nümayiş etdirdi. Və hər iki halda kapitanlar ön plana çıxdı.
Əsəbləri onsuz da gərgin olan Cavid Hüseynov tərəfdarın “heyvan” atmacasının cavabını artıqlaması ilə verdi: “heyvan sənin nəslindi”. Bundan bir qədər sonra isə Kamran tribunaya tərəf gedib, ona söz atan azarkeşi axtarıb “mənə deyirsən” sualını verdi. Hər iki hal jurnalistlərin gözü, telekameraların obyektivi qarşısında yaşanıb deyə, etdiklərini inkar etmələri mümkün deyil.
Təbii, azarkeşin əməlini heç kim dəstəkləmir. O cümlədən də biz. Azarkeşsənsə, futbola baxmağa gəlmisənsə, komandana dəstək verməlisən, yaxud etik çərçivədə rəqibə təzyiq göstərməlisən. Yox, nədənsə narazısansa, tribunanı tərk edə, arxanı meydana çevirə, yaxud futbolçuları komandadan getməyə səsləyə bilərsən. Yoxsa futbolçunun özünü, yaxud yaxınları söy – bu həm də özünü söydürmək deməkdi. Həmin azarkeşin özünü bir anlıq “heyvan” dediyi Cavidin yerinə qoyması kifayət edər ki, aldığı cavabın fərqinə varsın.
Lakin bütün bunlar heç bir halda futbolçuya “söyəni söyməlisən” şəklində addım atmağa imkan vermir. Əvvəla, oyunçunun fikri meydanda olmalıdı, bacardıqca tribunalardan deyilənlərə fikir verməməlidi. Hətta söyüş söyülürsə belə, hisslərinə hakim olub susmalıdı. Onsuz da dünyanın müxtəlif ölkələrində bu şey olub, var və olacaq da. Hər futbolçu söyüş söyən azarkeşin cavabını versə, münasibətlərə meydandan kənarda aydınlıq gətirmək fikrinə düşsə, görün nələr baş verər. Odu ki, bu məqamda azarkeşlə ağız-ağıza verən futbolçuları da qınamaq zorundayıq.
Futbol veteranlarının məlum məsələ ilə bağlı fikirləri maraqlıdı. Həmin futbolçular ki, sovet dövrü görüblər, daha çılğın azarkeşlər qarşısında oynayıblar, yüzlərlə yox, minlərlə, onminlərlə tərəfdarın təzyiqi ilə üzləşiblər. Görəsən, onlar bu cür hallarda necə davranıb? Yaxud indiki futbolçulara demək istədikləri nələrdi?
Səməd Qurbanov: “O vaxt belə şey yox idi. Azarkeş konkret hansısa futbolçunu söysün, təhqir eləsin. Zəif oynayanda, bütün komandanı fitə basırdılar, ya da hansısa yolla narazılıq edirdilər. Ona görə də şəxsən belə halla rastlaşdığım yadıma gəlmir. Bəlkə də kimsə söyüb, nəsə deyib, amma fikir verməmişik, eşitməmişik. Çünki fikrimiz oyunda, meydanda olub. İnanmıram ki, 100 azarkeşin hamısı söyüş söysün. İndi aralarında 2-3 nəfər olur da. Ona baş qoşmaq, söhbəti davam etdirmək lazım deyil. Dediyim kimi, qulağın tribunada yox, meydanda olmalıdı. Avropa futboluna baxırıq. Baxırsan ki, meydanın kənarındakı tribunadan futbolçuya yad əşya atırlar, əllə etiraz edirlər, nəsə deyirlər. Amma futbolçu onlara cavab vermir. Bizdə mentallıq məsələsidi. Həm də futbolçu özünü elə aparmalıdı ki, söyüş yiyəsi olmasın. Futbolda uduza bilərsən, amma azarkeş görməlidi ki, sən meydanda can qoyursan, top itirmirsən, sona qədər mübarizə aparırsan. İnanmıram ki, bunları görən fanat futbolçunu söysün”.
Yunis Hüseynov: “Özünə peşəkar futbolçu deyən şəxs azarkeşin sözünü eşitməməlidi. Əsl azarkeş həmişə çılğın olur. Udanda dəstəkləyir, uduzanda tənqid edir, bəzən əsəbləşib təhqirə yol verir. Sənin fikrin azarkeşin yanında, yəni tribunada olsa, futbol oynamayacaqsan. Məntiqlə, fikrin oyundadısa, meydanda yaşananlara baxırsansa, azarkeşin nə dediyini eşitməməlisən. Deməli, fikrin oyunda olmadığına görə azarkeşin sözlərini eşidirsən. O ki qaldı məsələnin digər tərəfinə, şükürlər olsun ki, söyülən futbolçulardan olmamışam. Çünki yaxşı futbolçu olmuşam, özümə söyüş söydürməmişəm. Futbolçu özünü söydürməməlidi” .
Bəxtiyar Musayev: “Şükürlər olsun ki, karyeram ərzində heç vaxt belə halla rastlaşmamışam. Nə meydanda, nə də ondan kənarda. Sağ olsunlar, daim rəğbət bəsləyiblər, dəstək veriblər. Bəli, oyunumuzun alınmadığı vaxtlar olub. Amma azarkeşlər konkret olaraq kimisə söyməyiblər. Etiraz ediblər, təzyiq göstəriblər, bu da normaldı. Söyüş söysəydilər, nə edərdim? Desəm ki, sakit durardım, yaxud cavab verərdim, yalan olar. Tanıyanlar bilir, emosional futbolçu olmuşam, söz götürməmişəm. Ona görə də bu həmin vəziyyətdən asılıdı. Ümumi fikrimi bilmək istəyirsizsə, azarkeşlə münaqişəyə girmək və ya onlara cavab qaytarmaq yaxşı hal deyil. Futbolçu meydana çıxanda fikri oyunda olmalıdı. Amma azarkeş də həddini, nə dediyini bilməlidi. Futbolçu da insandı. O həddə çatdırmamalısan ki, oyunçu sənə cavab qaytarsın. Özüm nə təhqir etmişəm, nə də təhqiri normal qəbul etmişəm”.
Rəşad Abdullayev: “Özünüz bilirsiz ki, çılğın futbolçu olmuşam. Açığı, son dövrlər özümdən çılğın oyunçu görməmişəm (gülür). Amma çılğınlığın da qədəri var. Allaha şükür, indiyə qədər azarkeşlərlə heç vaxt münaqişə yaşamamışam. Kimsə deyə bilməz ki, Rəşad məni söyüb, əl qaldırıb, yaxud söhbətə çağırıb. Azarkeşdi, bəzən daha çox umduqları futbolçudan qələbə istəyib, yaxşı oyun tələb edib. Bunu da şirin dillə yoluna qoymuşuq. “Neftçi”də, “Xəzər Lənkəran”da azarkeşlər 20-30 nəfər deyildi, böyük kütlə idi. Narazılıq olanda da bir-birimizi başa düşmüşük, yola vermişik. Hansısa yolla münasibətləri yoluna qoymaq lazımdı. Azarkeş də təhqir etməməlidi, söyüş söyməməlidi. Etiraz üçün o qədər variant var ki. Fitə bas, arxanı çevir, plakat aç. Söyüş nəyə lazımdı? Hamımız azərbaycanlıyıq, mentallıq məsələsi var. İndi məşqçi işləyirəm, bəzən azarkeş kimi stadionlara gedirəm. Baxıram ki, futbolçuların ünvanına söyüş söyürlər. İnanırsız, meydanda olanlar bir tərəfə, özümə təsir edir e. Nəyə lazımdı söyüş? Azarkeş düşünməlidi ki, futbolçunun da qüruru var, stadionda yaxınları, dost-tanışı əyləşib. Hətta bu baş verəndə belə, arada qalmaqalın yaşanmasının tərəfdarı deyiləm. Mənə söyüş söyülsəydi, nə edərdim? Belə şey ola bilməzdi. Çünki o hörməti qazanmamışdım. Olsaydı da, həmin an necə davranacağımı deyə bilmərəm. Amma səbirli olmaq vacibdi”.
HƏBİB