Onu FİFA referilərinin siyahısından çıxaracaqlar
Ötən sayımızda Ömər Paşayevin hakimlik karyerasına fasilə verdiyini xəbər vermişdik. Səhhətindəki məlum problem FİFA referisini belə addım atamağa məcbur edib. Paşayev Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə danışıb və müvəqqəti hakimlik etməyəcəyini bildirib. Komitə sədri Ömərin qərarını anlayışla qarşılayıb.
Dünən ədalət təmsilçisi ilə əlaqə saxlayıb, bu məsələylə bağlı fikirlərini öyrəndik: "Belə qərara gəldim ki, bir müddət fasilə verim. Ancaq hakimlikdən həmişəlik getməmişəm. Elə bir fikrim yoxdu. Sadəcə, özümü narahat hiss edirəm, oyunları idarə edə bilmirəm. Komitə sədrinə rəsmən müraciət etdim ki, birilliyə oyunlara təyinat almayım. Müalicəmi davam etdirəcəm. Noyabrda yenidən Almaniyaya gedəcəm. İnşallah, axırıncı səfərim olar, daha ehtiyac qalmaz. Frits Stuxliklə də çox yaxşı danışdıq, müzakirə etdik. Fikirləşdik ki, ən yaxşı variant budu. Düzdü, son rəsmi qərarı o verir. Ancaq yenə də sağ olsun, məsləhətləşdik, danışdıq və gələcək baxımından fasilə verməyimin yaxşı olacağını düşündük. Bir addım geri atıb, gələcəkdə daha yaxşı nəticələr əldə etmək olar. Hazırda geriyə addım atıram. Xeyirlisi... Almaniyada bir professor məni müayinə etdi, dərmanlar yazdı. İki həftədi dərmanları qəbul edirəm. Noyabrda gedəndə yenidən baxacaqlar ki, effekt verir, ya yox".
Çox güman, bu durum Paşayevin FİFA referisi statusuna da təsir edəcək. Maraqlıdı, AFFA ədalət təmsilçisinin müalicəsinə maddi baxımdan kömək edir? Bu iki məqamla bağlı da Ömərin düşüncələrini aldıq: "FİFA referisi məsələsini Frits Stuxlikdən soruşsaz, daha dəqiq cavab verər. Çünki son qərarı o verir. Çox güman, ən azı birilliyə siyahıdan çıxaracaqlar. Lakin dediyim kimi, son qərar Stuxlikindi. Maliyyə məsələsinə gəlincə, Almaniyaya öz hesabıma gedirəm. Əslində hər iki məsələylə bağlı komitə sədri sizə daha dolğun bilgi verə bilər".
FARİZ