
Bışovets 30 ildən sonra sirr pərdəsini açdı
“Ponomaryovu yığmaya çağırmağı Hacı Hacıyev təklif etdi”
Dünən SSRİ yığmasının tarixində ilk və sonuncu dəfə olimpiya çempionu adını qazanmasının 30 ili tamam oldu. Bu münasibətlə “Sport-Ekspress”ə geniş müsahibə verən həmin yığmanın baş məşqçisi Anatoli Bışovets Valeri Lobanovski ilə qarşılıqlı münasibətlərdən tutmuş Koreyada qazanılan uğurun pərdəarxası məqamlarına qədər ən müxtəlif məsələlərə toxunub. Bildiyiniz kimi, olimpiya çempionu olan yığmanın heyətində “Neftçi”nin yetirməsi İqor Ponomaryov da var idi. Müsahibədə onun personası da dartışılıb.
- Bütün Olimpiadanı məğlubiyyətsiz keçirdiz, ancaq meydan sahibləri ilə ilk oyunu qolsuz bitirdiz (SSRİ yığması Koreya ilə 0:0-ın ardından Argentinanı 2:1, ABŞ-ı 4:2, Avstraliyanı 3:0, İtaliyanı 3:2, nəhayət, finalda Braziliyanı 2:1 hesabıyla məğlub edib – red.). Nə baş verdi?
- Mən səhv etdim.
- Nədə?
- Turnirə bir həftə qalmış Uzaq Şərqə yollanıb, Yaponiya ilə iki yoldaşlıq oyunu keçirdik – iki ölkə üçün təxminən eyni olan iqlim şərtlərinə uyğunlaşmaq üçün. Həmin oyunlarda artıq əsas heyətdə gördüyüm futbolçulardan bəziləri özünü yaxşı göstərmədi. Bəlkə də onlar artıq əsas oyunların həyəcanını yaşayırdılar. Üstəlik Sklyarovu da itirdik. Burda mən bir doğru qərar qəbul etdim – Yanonis yox, Qorlukoviç! Yanonis daha sürətli olsa da, Qorlukoviç böyük psixoloji tarazlığa malik idi. Ancaq Koreyaya qarşı Ponomaryovla Borodyuku buraxmaq səhv idi. Düzdü, bunlar Yaponiya ilə oyunlarda “təravətli” görünürdü, ancaq faktiki mən daim sınadığım heyətdən uzaqlaşmışdım. İkinci oyundan hər şey öz yerinə döndü (məlumat üçün bildirək ki, Ponomaryov yerini Kuznetsova, Borodyuk isə Lyutıya verməli olub – red.)
- Bədxahlarınız sonradan daim vurğunu “Neftçi”dən Ponomaryovun yığmaya çağırılmasının üzərinə salırdılar. Kimsə hətta şayiyə yaymışdı ki, onun yığmaya cəlb olunmasına bütün Azərbaycan cəhd edirmiş.
- Ponomaryovu yığmaya çağırmağı Hacı Hacıyev təklif etdi. Bizdə mövqelər üzrə problem vardı, İqor isə yaxşı oyunçu idi. Nə o, nə də Borodyuk komandada əsas futbolçu idi – turnirə qədər də belə idi, sonra da. Bütün bu söhbətləri dinləmək isə ayıbdı. Bunu özü heç kim olan adamlar deyirlər.