“Gülümsəmirəmsə, o demək deyil ki, nədənsə narazıyam”
"Neftçi”nin “Səbail” üzərində qazandığı böyükhesablı qələbədə (4:0) əsas pay sahiblərindən biri də Baqali Dabo oldu. Fransız hücumçu həmin görüşdə dubla imza atmaqla cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. Dabo klubun rəsmi saytına müsahibəsində geridə qalan oyundan danışıb, komandadakı vəziyyəti haqda fikirlərini bölüşüb.
- Bir oyunda iki qol. Bu, premyer-liqanın cari mövsümündə ilk dublundu...
- Bəli, çox şadam ki, iki qol vura bildim. Komanda yoldaşlarıma və azarkeşlərimizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu qələbələrin və qolların davamı gələcək.
- Hesaba baxanda belə fikir formalaşa bilər ki, olduqca asan matç oldu?
- Deməzdim. Biz, sadəcə, əlimizə düşən fürsətlərdən yaxşı yararlana bildik. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq.
- 6 oyunda 4 qol sənin üçün yaxşı nəticədi?
- Təbii ki. Belə bir nəticə necə pis sayıla bilər?! Növbəti oyunlarda bu göstəricini daha da yaxşılaşdırmağa çalışacam.
- Artıq "Neftçi”nin heyətində çempionatda 6 oyuna çıxmısan. Komandada özünü necə hiss edirsən?
- "Neftçi”də çox xoşbəxtəm. Komanda yoldaşlarımla, məşqçi heyətiylə, rəhbərliklə əla münasibətlərim var. Hamımız bir məqsəd uğrunda mübarizə aparırıq. Əlbəttə, təbiətcə sakit olmağım bəzən kənardan xoşagəlməz fikirlərin yaranmasına səbəb olur. Ancaq gülümsəmirəmsə, o demək deyil ki, nədənsə narazıyam. Hazırda hər şey qaydasındadı. Komandamın qələbə qazanması üçün meydanda var gücümlə mübarizə aparıram.
- "Neftçi” azarkeşləri ilə münasibətlərin necədi?
- Azarkeşlərimizlə də çox yaxşı münasibətlərim var. Bizi stadiona gəlib dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onlar "Neftçi”nin ən böyük üstünlüyüdü. Azarkeşlərimizin dəstəyi bizim qələbə qazanmağımızda çox böyük rol oynayır. İnanıram ki, növbəti oyunlarda onların sayı daha da artacaq. Komandanın onlara çox ehtiyacı var.