Qadın voleybolçularımız sensasiyaya çox yaxın idi...
“Kak zdorovo Azerbaydjan naçal etot matç” – artıq iş-işdən keçəndən, qadın voleybolçulardan ibarət yığmamızın ABŞ-a uduzacağı qətiləşəndən sonra “Matç İqra”nın aparıcısı Natalya Qonçarova bu sözləri yana-yana dedi. Doğrudan da, voleybolçularımız dünya çempionlarından ən azı bir set almağa çox yaxın idi. Setin əvvəlindəki 6:3-ün əldən verilməsi bir yana, amma sonda – hesab artıq 24:21 xeyrimizə olarkən qələbə xalını qazana bilməməyimizi izah etmək çətindi. Artıq anladız ki, söhbət Yaponiyada keçirilən qadınlar arasında dünya çempionatından gedir. İlk setdə qələbəni ovcunun içindən buraxan yığmamız sonrakı iki setdə də toparlana bilmədi və belədə məğlubiyyət qaçılmaz oldu. Faiq Qarayevin dəfələrlə texniki fasilə götürməsi, hətta bəzi hakim qərarlarına görə videotəkrar tələb etməsi də işə yaramadı. Bununla belə, voleybolçularımız debütdə aldığı məğlubiyyətdən sarsılmadı və dünən Koreya üzərində inamlı qələbə ilə qrupdan çıxmaq yolunda ilk addımı atdı. Qızların məğlubiyyətdən nəticə çıxardıqları, daha sürətli oyuna üstünlük verdikləri də açıq-aşkar görünürdü. O da maraqlıdı ki, Faiq bəy ilk iki oyunda Natalya Məmmədovaya şans vermədi. Əslində Polina Rəhimovanın yüksək məhsuldarlığını və ideal formada olduğunu nəzərə alsaq, bu qərar da anlaşılandı.
Azərbaycan yığması oktyabrın 2-si, səhər saatlarında keçirəcəyi növbəti oyunda ilk iki turda qələbə qazanan Rusiya ilə qarşılaşacaq.
C qrupu
Azərbaycan – ABŞ 0:3 (27:29, 21:25, 21:25)
Azərbaycan: Polina Rəhimova (23), Yana Kulan (13), Alyona Həsənova (7), Aynur İmanova (5), Odina Əliyeva (1), Kristina Yaqubova (1); Yuliya Kərimova (l), Marqarita Əzimova, Anastasiya Qurbanova, Yekaterina Səmədova, Şəfaqət Alışanova.
Baş məşqçi: Faiq Qarayev.
ABŞ: Kimberli Hill (12), Cordan Larson (11), Kelli Mörfi (11), Folyuk Akinradevo (10), Tetori Dikson (4), Karli Lloyd (4); Kelsi Robinson (l), Karsta Lav (7), Mika Henkok (2), Sara Ulihayt (2).
Baş məşqçi: Karç Kiray.
Hakimlər: Karina Noemi Rene (Argentina), Nurpər Ozbar (Türkiyə).
Toplanan xal – 69:79 (hücum – 39:50, blok – 5:8, servis – 6:5, rəqibin səhvi – 19:16).
29 sentyabr. Kobe. Green Arena. 830 tamaşaçı.
Oyun vaxtı: 89 dəqiqə (32+27+30).
Azərbaycan – Koreya 3:1 (25:18, 25:18, 23:25, 25:18)
Azərbaycan: Polina Rəhimova (24), Yana Kulan (18), Odina Əliyeva (16), Alyona Həsənova (11), Aynur İmanova (8), Kristina Yaqubova (1); Yuliya Kərimova (l), Marqarita Əzimova, Anastasiya Qurbanova, Şəfaqət Alışanova.
Baş məşqçi: Faiq Qarayev.
Koreya: Kim Yon Qun (19), Pak Çjon A (19), Kim So Çji (9), Park Eun Yin (9), Li Yae Yonq (7), Li Hyo Hi; Na Hyon Çjun (l), Li Yuah, Yan Ho Yan, Li Na Yon, Oh Yi Yanq.
Baş məşqçi: Ça Hae Von.
Hakimlər: Skot Jevirs (Kanada), Suzana Mariya Rodriges Xativa (İspaniya).
Toplanan xal – 98:79 (hücum – 61:54, blok – 8:4, servis – 9:5, rəqibin səhvi – 20:16).
30 sentyabr. Kobe. Green Arena. 410 tamaşaçı.
Oyun vaxtı: 106 dəqiqə (23+25+31+27).
Bütün qruplarda keçirilən oyunların nəticələri ilə tanış olun.
A qrupu: Meksika – Kamerun 1:3 (25:17, 23:25, 16:25, 21:25), Almaniya – Hollandiya 1:3 (25:22, 21:25, 22:25, 30:32), Argentina – Yaponiya 0:3 (15:25, 13:25, 12:25), Kamerun – Almaniya 0:3 (14:25, 10:25, 16:25), Argentina – Meksika 0:3 (20:25, 23:25, 23:25), Yaponiya – Hollandiya 2:3 (25:27, 25:16, 26:28, 25:19, 13:15).
B qrupu: Bolqarıstan – İtaliya 0:3 (15:25, 19:25, 22:25), Türkiyə - Kanada 3:0 (25:18, 25:13, 25:15), Çin – Kuba 3:0 (25:12, 25:23, 25:14), Kanada – İtaliya 0:3 (15:25, 15:25, 18:25), Kuba – Bolqarıstan 0:3 (10:25, 20:25, 14:25), Türkiyə - Çin 0:3 (18:25, 23:25, 23:25).
C qrupu: Rusiya – Trinidad və Tobaqo 3:0 (25:21, 25:11, 25:12), Azərbaycan – ABŞ 0:3 (27:29, 21:25, 21:25), Koreya – Tayland 2:3 (25:18, 22:25, 19:25, 25:13, 11:15), ABŞ – Trinidad və Tobaqo 3:0 (25:11, 25:11, 25:11), Azərbaycan – Koreya 3:1 (25:18, 25:18, 23:25, 25:18), Tayland – Rusiya 2:3 (25:21, 25:17, 13:25, 21:25, 9:15).
D qrupu: Puerto Riko – Braziliya 0:3 (25:27, 12:25, 7:25), Dominika Respublikası – Serbiya 0:3 (17:25, 20:25, 22:25), Qazaxıstan – Keniya 0:3 (23:25, 22:25, 21:25), Braziliya – Dominika Respublikası 3:0 (25:15, 25:20, 25:22), Qazaxıstan – Peurto Riko 0:3 (21:25, 15:25, 22:25), Keniya - Serbiya 0:3 (16:25, 9:25, 8:25).
Reaksiyalar
Cordan Larson (ABŞ yığmasının kapitanı): “Azərbaycan xüsusən ilk setdə yaxşı oynadı, eləcə də oyunboyu bizi təyqiq altında saxladı. Müəyyən çətin anların öhdəsindən gələn komandamla həqiqətən də fəxr edirəm”.
Karç Kiray (ABŞ yığmasının baş məşqçisi): “Bizə çətinlik yaradan Azərbaycan yığmasının ünvanına kompliment demək istəyirəm. Onların çox güclü hücumçuları var. Bu bizim üçün yaxşı sınaq oldu və turnirdə irəli boylanmaq istəyirik”.
Odina Əliyeva (Azərbaycan yığmasının kapitanı): “Bu çox sərt oyun idi. İlk setdə yaxşı oynasaq da, sonradan çoxlu səhvə yol verdik. ABŞ yığması zəngin təcrübəyə malikdi və vəziyyətdən yaxşı baş çıxardı”.
Famil Ağayev (Azərbaycan yığmasının məşqçisi): “ABŞ yığması çox güclü komandadı və hər üç setdə yaxşı oynadı. Biz isə ilk setdən sonra enerjimizi bərpa edə bilmədik”.
Kim Yon Qun (Koreya yığmasının kapitanı): “Azərbaycanın servisləri və hücumu düşündüyümüzdən daha güclü oldu. İkinci set birinci ilə müqayisədə yaxşı oldu. 3-cü setdəki oyunumuzu daim göstərə bilmədik. Qarşıda hələ üç oyun var, daha yaxşı oynamağa çalışacağıq”.
Ça Hae Von (Koreya yığmasının baş məşqçisi): “Azərbaycan yığması servisdə və top qəbulunda çox sürətli idi ki, biz bunun öhdəsindən gələ bilmədik. İlk setdə yol verdiyimiz 8 səhv məğlubiyyətdə böyük rol oynadı”.
Odina Əliyeva (Azərbaycan yığmasının kapitanı): “Dünənki oyunla müqayisədə daha yaxşı oynadıq və səhvlərin bir çoxunu aradan qaldırdıq. Bu gün üçün planımız sürətli oynamaq idi. Plan işlədi və bizi qələbəyə apardı”.
Famil Ağayev (Azərbaycan yığmasının məşqçisi): “Dünənki məğlubiyyətdən sonra bu oyunun strategiyası, necə oynamalı olduğumuz üzərində çox düşündük. Hər şey yaxşı oldu və bu gün qələbə qazanmağı bacardıq”.
HUŞƏNG