40 min bilet satılıb
Çərşənbə günü günorta saatlarında ölkəmizə təşrif buyuracaq “Arsenal”ın planları haqda məlumat vermişdik. “Hilton” otelində məskunlaşacaq “topçular”ın baş məşqçisi Unay Emeri jurnalistlər önünə saat 18.00-da çıxacaq. Bundan yarım saat sonra isə “Arsenal”ın oyunun keçiriləcəyi Olimpiya stadionunun əsas meydanında matçöncəsi son hazırlığı baş tutacaq.
Qurban Qurbanov həmkarından 4 saat əvvəl danışacaq. “Qarabağ”ın çalışdırıcısı BOS-da həmkarlarımızın suallarını cavablayacaq. “Köhlən atlar”ın məşqi isə “Azərsun Arena”da baş tutacaq.
Oyuna marağın hansı səviyyədə olduğu haqda geniş izaha gərək yoxdu. Qarşılaşmanı canı izləmək istəyən futbolsevərlərin hələ bir həftə öncədən biletə sahib çıxmaq istəyinə düşməsi başadüşüləndi. Cümə gününə qədər 35 min azarkeş bilet almışdısa, dünən səhər saatlarına olan məlumatda say 40 minə çatmışdı.
HƏBİB