“Braqa”, “Olimpiakos”, “Dinamo”, “Östersund” “topçular”ı udubsa, “Qarabağ” niyə bacarmasın?
Zaman qısalır, maraq artır, həyəcan çoxalır. Cümə axşamı azərbaycanlı futbolsevərlər “Qarabağ”ın ifasında daha bir maraqlı qarşılaşmaya tamaşa edəcək. Avropa nəhənglərini ölkəmizə gəlməyə məcbur edən ağdamlıların budəfəki rəqibi, bildiyiniz kimi, “Arsenal”dı. 13 qat İngilitərə çempionu, UEFA kubokunun qalibi.
Qrupun aşkar favoriti göstərilən britaniyalılarla görüşün təmsilçimizin üçün asan olmayacağı dəqiqdi. Heyəti ulduz futbolçulardan, yəni ayrı-ayrı yığmaların aparıcı oyunçularından qurulan “Arsenal”la “Qarabağ”ı tərəzinin eyni gözünə qoysaq, reallıq hissini itirmiş olarıq. Lakin bu o demək deyil ki, “köhlən atlar” rəqibi qarşısında baş əyəcək, rahat təslim olacaq. Hər halda, “Monako”, “Atletiko”, “Sent-Etyen”, “İnter” kimi komandaların Bakıda hansı əziyyətlərə qatlaşdığını görmüşük. Həmin dönəmdə də favorit qismində avropalılar göstərilirdi. Lakin ağdamlılar hədsiz istək və əzmkarlıq nəticəsində adı çəkilənlərin hər birindən xallar qoparmağı bacarmışdı. Ümid edək ki, bu dəfə məyusluq hissini “topçular”a yaşadacaq.
Çünki bunun üçün əlimizdə kifayət qədər əsas, başqa cür desək, nümunə var. “Arsenal”ın 2010/11 mövsümündən bu yana avrokuboklardakı oyunlarını nəzərdən keçirəndə, bir çox hallarda “böyük beşlik”dən olmayan rəqiblər qarşısında büdrədiyini görmək mümkündü. Aşağı-yuxarı “Qarabağ” səviyyəsində olan komandalar ingilisləri həm Londonda, həm də doğma azarkeşləri önündə məğlub etməyi bacarıb. Bu isə o deməkdi ki, Unay Emerinin rəhbərlik etdiyi kollektiv heç də yenilməz deyil. Nəinki heç-heçə etmək, hətta qalib gəlmək də mümkündü. İnanırsız? Buyurun, tanış olun.
Braqa - Arsenal 2:0
“Silahlılar”ı Portuqaliyanın nəhəngi saymaq olmaz. “Benfika”, “Sportinq” və “Portu” olan yerdə “Braqa” kimdi? Çempionlar liqasının 2010/11 mövsümündə “Arsenal”la eyni qrupda yer alan braqalıların hansı gücdə olduğunu ingilislər onlara Londondakı matçda göstərmişdi. “Topçular” qrupun ilk oyununda “Braqa”nın qapısını “aşsüzən”ə döndərib, Portuqaliyaya üzüsulu yola salmışdı. Beşinci turdakı oyun Braqada baş tutmuşdu. İlk matçda asan qələbə qazanan londonluların bu dəfə də sevinəcəyini düşününlər təxminində yanıldı. “Braqa” 83-cü və əsas vaxta əlavə olunmuş dəqiqələrdə Matteusun sayəsində ingilislərin qapısına iki dəfə yol tapmaqla günün sensasiya doğuran nəticələrindən birinə imza atmışdı.
Olimpiakos - Arsenal 3:1
Yenə Çempionlar Liqasının qrupu, yenə ilk ev oyununda qələbə, amma rəqibin adı fərqlidi. 2011/12 mövsümündə “Marsel”, “Olimpiakos” və Dortmund “Borussiya”sı ilə eyni qrupda mübarizə aparan londonlular növbəti mərhələyə qrup birincisi kimi vəsiqə qazananda, hesabında yalnız bir yenilgi vardı. O da “Olimpiakos”a səfərdə uduzduğu oyunda qeydə alınmışdı. İkinci turda yunanları Londonda çətinliklə (2:1) məğlub edən “topçular” sonuncu turda Piraeusda bu rəqibinə boyun əymişdi – 3:1. Sadəcə, “Arsenal” məsələni böyük ölçüdə həll etmişdi deyə, qədim Ellada torpağına nisbətən zəif heyətlə yollanmışdı.
Olimpiakos - Arsenal 2:1
“Kor püşk” Çempionlar Liqasının 2012/13 mövsümündə bu dəfə də yunanlarla ingilisləri eyni qrupda mübarizə aparmağa məcbur etmişdi . İkinci turda Londonda baş tutan qarşılaşmada meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edib yerini göstərmişdi. Odu ki, bir il əvvəl Yunanıstandan vətənə məğlub dönən “topçular”ın bu dəfə hansı nəticəyə imza atacağı səbirsizliklə gözlənilirdi. Kifayət qədər maraqlı keçən oyunda hesabı “Arsenal” açsa da, “Olimpiakos” Maniatis və Mitroğlunun vurduğu qollar sayəsində bu komanda üzərində növbəti qələbəni bayram edə bilmişdi.
Beşiktaş - Arsenal 0:0
Bu dəfə də Çempionlar Liqası idi. Amma qrup yox, pley-off mərhələsi. 2014/15 mövsümünün püşkü atılandan sonra türkiyəli azarkeşlərin məyusluğunu anlamaq çətin deyildi. Hər halda, daha münasib rəqiblər varkən, “Arsenal”ın düşməsi yaxşı olmamışdı. İstanbullular evdəki qarşılaşmada rəqibin adından çəkinəmiş, öz futbolunu sərgiləmişdi. Hətta son 10 dəqiqədə rəqib azlıqda qalandan sonra bir neçə dəfə fərqlənmək imkanları da olmuşdu. “Topçular”ın hesabı qorumağa hesablanmış oyunu nəticəsində “qara qartallar” rəqibin qapısına yol tapa bilməmişdi. İngiltərədəki cavab matçında isə Aleksis Sançesin yeganə qolu meydan sahiblərini qrupa daşımışdı.
Arsenal - Anderlext 3:3
Elə həmin il, yəni 2014/15 mövsümündə londonlular pley-offda “Beşiktaş”ı mübarizədən kənarlaşdırıb qrupda Dortmund “Borussiya”sı, “Qalatasaray” və “Anderlext”ə rəqib olmuşdu. İlk turda Dortmundda “sarı-qaralar”a məğlub olan ingilislər ardınca evdə “Qalatasaray”ı, səfərdə “Anderlext”i məğlub etmişdi. Düşünmək olardı ki, Belçikada rəqibinə şans yeri qoymayan “topçular” doğma azarkeşləri önündə də rahat qələbə qazanacaq. Bəli, buna yaxın idilər. 58-ci dəqiqəyə qədər belçikalıların qapısından 3 top keçirməyə imkan tapsalar da, qonaqlar son 30 dəqiqədə 3 qol vurub hesabı bərabərləşdirməyi bacardı.
Dinamo - Arsenal 2:1
2015/16 mövsümündə Çempionlar Liqasındakı mübarizəyə birbaşa qrup mərhələsindən start verən “Arsenal” bu dəfə Zaqreb “Dinamo”su, “Olimpiakos” və “Bavariya” ilə eyni qrupda yer almışdı. İngilislər ilk oyuna çıxmaq üçün Xorvatiyaya yollanmış və heç kimin gözləmədiyi halda məğlub olmuşdu. Təbii, burda Jirunun 40-cı dəqiqədə qırmızı vərəqə alıb komandasını çətin vəziyyətdə qoyması da həlledici rol oynamışdı. “Dinamo” 2:0 hesabı ilə önə çıxmış, 79-cu dəqiqədə Uolkotun qolu təsəllidən başqa heç nəyə yaramamışdı.
Arsenal - Olimpiakos 2:3
Londonlular üçün qorxulu yuxuya çevrilən Yunanıstan nəhəngi növbəti dəfə “Arsenal”a badalaq vurmağı bacarmışdı. Qrupdakı ilk oyunda “Dinamo”ya boyun əyən “topçular” növbəti matçda öz azarkeşləri önündə “Olimpiakos”a uduzmuşdu. Meydan sahibləri iki dəfə hesabı bərabərləşdirməyi bacarsalar da, qalan yarım saat ərzində 66-cı dəqiqədə vurulan qola cavab verə bilməmişdilər. Qrupun sonuncu oyununda vəziyyət ürəkaçan deyildi. “Arsenal” növbəti mərhələyə adlamaq üçün Yunanıstanda ev sahiblərini udmalıydı. Və bunu bacarmışdılar da. 3:0 hesablı qələbə britaniyalıların üzünü qrup ikincisi kimi güldürmüşdü.
Arsenal - Srvena Svezda 0:0
Ötən mövsüm “Arsenal” uzun illərdən sonra Avroliqada oynamaq məcburiyyətindəydi. Birbaşa məlum yarışın qrup mərhələsinə vəsiqə qazanan London təmsilçisinin rəqibləri “Köln”, “Srvena Zvezda” və BATE idi. İlk üç oyunda “Köln”ü 3:1, BATE-ni 4:2, “Srvena Zvezda”nı 1:0 hesabı ilə məğlub edən “topçular”ın serblərlə İngiltərədəki oyunda qələbə qazanacağına şübhə yox idi. Di gəl ki, belqradlılar stadiona toplaşan 58 min azarkeşi təəccübləndirməyi bacarmışdı. Meydan sahibləri 90 dəqiqə üstün oynasalar da, “Srvena Zvezda” qapıçı və müdafiəçilərin etibarlı oyunu sayəsində qapısında qol görməmişdi.
Östersund – Arsenal 2:1
Qrupu lider kimi başa vuran “topçular”ın 1/16 finaldakı rəqibi İsveç təmsilçisi idi. Londonda baş tutan ilk oyunda ev sahibləri 3:0 hesabı ilə qələbə qazanıb cavab oyunu ərəfəsində böyük üstünlük qazanmışdı. Möcüzənin baş verəcəyi inandırıcı deyildi. Lakin “Östersund” az qala sensasiyaya imza atacaqdı. 22 və 23-cü dəqiqələrdə rəqib qapısına yol tapan isveçlilərə qarşılaşmanı uzatma dəqiqələrinə daşımaq üçün cəmi bir qol lazım olsa da, Kolaşinats 47-ci dəqiqədə vurduğu qolla cütün taleyini həll etməyi bacarmışdı. Lakin 90 dəqiqənin tamamında tablodakı rəqəmlər “Östersund”un xeyrinə idi.
Ümid var
Girişdə qeyd etdiyimiz kimi, “Arsenal” Avropa nəhənglərindən biridi. Adı elit klubların siyahısında yer alıb. Amma göründüyü kimi, heç də məğlubedilməz deyil. Yuxarıda adları çəkilən “Olimpiakos”, “Dinamo”, “Anderlext”, “Braqa”, “Östersund”, “Srvena Svezda”, “Beşiktaş” kimilər “Qarabağ”dan heç də bir baş üstün deyil. Təcrübə baxımından müəyyən mənada üstün görünsələr də, ağdamlılar son 5 ildəki nəticələri ilə onlara yaxınlaşıb. “Köhlən atlar” həmin “Anderlext”i, “Olimpiakos”un əsas rəqiblərindən biri sayılan PAOK-u məğlub etməyi bacarıbsa, deməli, arada ciddi fərq yoxdu.
Bəli, bu gün “Arsenal”ın başında Unay Emeri dayanıb. Avroliqa qəhrəmanı kimi tanınan mütəxəssisdi. Amma meydana o yox, yetirmələri çıxacaq. Onların “Qarabağ”a nə dərəcədə ciddi yanaşacağı və Avroliqanı cviddiyə alıb-almayacaqlarından çox şey asılıdı. İki həftə əvvəl “Vorskla” sübut etdi ki, “Arsenal”ın qapısına yol tapmaq mümkündü. Üstəlik, Bakıya xeyli sayda itkilərlə gələcəklər. Bir sözlə, “Braqa”, “Olimpiakos”, “Dinamo” “topçular”ı udubsa, “Qarabağ” niyə bacarmasın?
HƏBİB